Məhkəmə qərarları › İş №2-1(116)-895/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-895/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-895/2022 31.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və mərhum atası X4 xüsusi mülkiyyətində olan mənzildən X11, X1, X5 və X2 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və mərhum atası X4 xüsusi mülkiyyətində olan mənzildən X11, X1, X5 və X2 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X4 xüsusi mülkiyyətində olmuşdur. Yusif Rəsulov 03.11.2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. İddiaçı mərhum Yusif Rəsulovun vərəsəsidir. İddia tələbində qeyd edilən X11, X1, X5 və X8 mərhum Yusif Rəsulova məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. Onların həmin evdən qeydiyyatdan çıxarılmaları üçün iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmə tərəfindən 28.02.2022-ci il tarixdə iddiaçıya yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, işdə olan Ağdaş rayon Notariat ofisinin 02.02.2022-ci il tarixli 63 nömrəli “açılmış vərəsəlik işi haqqında” arayışında qeyd edilmişdir ki, vərəsəlik işi üzrə vərəsəlik haqqında hər hansı şəhadətnamə verilməmişdir. Yardım məktubunda qeyd edilənlərə münasibət bildirilməsi üçün iddiaçıya 3 gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 12.03.2022-ci il tarixdə alınmasına baxmayaraq, orada qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddiaçıya məhkəmə mümkünlük iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə mümükünlük iclasında iştirak etməmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X3 məhkəməyə ərizə ünvanlayaraq, xəstəliyi ilə əlaqədar məhkəmə mümkünlük iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan iclasın keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində iddiaçı məhkəmə iclasına gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsinə əlavə edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, iddiaçının iddia tələbində adları qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum atası X4 adına qeyə alınmış, iddiaçıya hər hansı vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mülkiyyət hüququnu təsdiq edən sənəd verilməmişdir. Həmin ünvanda yerləşən ev hazırda da Y.Rəsulovun adına qeydiyyatdadır. Odur ki, qaldırılan iddia üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmadığının araşdırılması zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Ağdaş Rayon Notariat ofisinin 02.02.2022-ci il tarixli 63 nömrəli açılmış vərəsəlik işi haqqında arayışında da qeyd edilmişdir ki, vərəsəlik işi üzrə vərəsəlik haqqında hər hansı vərəsəlik şəhadətnaməsi verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Göründüyü kimi, qanunverici məhz mülkiyyətçinin ona məxsus yaşayış sahəsində yaşamayan, qanunla qorunan hər hansı hüququn sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar olaraq inzibati məhkəməyə müraciət etmək hüququnu tanımaqdadır. Sizə münasibətdə isə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud deyildir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi iddiaçının mərhum atasının mülkiyyətindədir. X9 03.11.2021-ci ildə vəfat etdikdən sonra Ağdaş rayon notariat ofisində 28.01.2022-ci ildə V-38 nömrəli vərəsəlik işi açılmış və İddiaçı X4 vərəsəsi olduğu müəyyən edilməsinə baxmayaraq iddiaçı X7 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında hər hansı vərəsəlik şəhadətnaməsi verilməmişdir. Odur ki, qanunvericiliyin tələblərinin yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçı subyektiv hüquqa malik olmadığından iddia mümkün hesab edilməməlidir. İddiaçının nəzərinə çatdırılır ki, Yusif Rəsulova məxsus daşınmaz əmlak vərəsəlik qaydasında vərəsə(lər) tərəfindən qəbul edildikdən, yəni vərəsəlik şəhadətnaməsi verildikdən sonra əmlaka mülkiyyət hüququ əldə edən(lər) tərəfindən hazırkı iddia tələbi ilə yenidən məhkəmədə iddia qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və mərhum atası X4 xüsusi mülkiyyətində olan mənzildən X11, X1, X5 və X2 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar