Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-899/2023 28.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “azyaşlı oğlu Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2013cü ildə anadan olmuş, əlil və sağlamlıq imkanlarının məhdudluğu olan Mehdiyev Amin Anar oğlunun əlilliyin qiymətləndirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “azyaşlı oğlu Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır ki, iddiaçının himayəsində xx.xx.2013-ci ildə anadan olmuş, əlil və sağlamlıq imkanlarının məhdudluğu olan - Mehdiyev Amin Anar oğluı adlı bir azyaşlı övladı vardır. Azyaşlı oğlu- Mehdiyev Amin Anar oğlunda düz bağırsağında və sidik kisəsi orqanlarında anadan gəlmə qüsurları vardır və həmin xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cıı il tarixli. Forma 88 nömrəsi - 028803AAFAY olan dövlət sənədi ilə azyaşlı oğlu- Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanların məhdudluğu olduğu müəyyən edilərək və Tibbi Sosial Ekspert Komissiyasının diaqnozunda: “Düz bağırsağın anadangəlmə olmaması, atreziyası və fistul ilə stelozu. Anadangəlmə düz bağırsağın anal atreziyası( xx.xx.2013-). Həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi prosedurlardan sonra əmələ gələn digər pozğunluqları. Nəcis saxlaya bilməmək. Qeyri-iradi nəcis ifrazı. Sidik kisəsi-sidik axarı refiyukusu ilə bağlı uropatiya" diaqnozu verilmişdir və azyaşlı Aminə sosial müavinətpensiya təyin edilmişdir.Anadangəlmə sağlamlıq imkanı məhdud olan və əlilliyi olan azyaşlı oğlu- Mehdiyev Amin Anar oğlunun “Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddəti" -xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Hal-hazırda Anadangəlmə sağlamlıq imkanı məhdud olan və əlilliyi olan azyaşlı oğlu- Mehdiyev Amin Anar oğluna verilən müavinət-pensiya kəsilmişdir. Sonuncu dəfə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi SosiaL Ekspert Komissiyasının əlilliyin qiymətləndirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli elektron formada ( forma 88 nömrəsi: B0Ü03537ÖXUL) verilmiş imtina məktubunda, azyaşlı oğlum Mehdiyev Amin Anar oğlunun əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə məlumatlar: “ İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması.Ətraflı: Son illər ərzində əsas diaqnoz və ağırlaşdırmalarına uyğun aldığı stasionar müalicələr sənədlərdə qeyd olunan ağırlaşmalar ilə mütənasib deyil. Xəstəyə ixtisaslı tibb müəsissəsində müalicə və müayinə olunmaq məsləhət görülür" kimi ümumi sözlər qevd olunmuşdur. Həmçinin, həmin imtina məktubunda diaqnoz hissəsində isə: “ Əsas diaqnoz Q42.Ü. Düz bağırsağın anadangəlmə olmaması, atreziyası və fistul ilə steriozu. Anadangəlmə düz bağırsağın anal atreziyası (xx.xx.2013-də Siqmostaniva, xx.xx.2013-də Abdomiııal köməkli. PSARP, xx.xx.2014-clə Mukozektomiya" və əməliyyatından sonrakı vəziyyət" kimi göstərilmişdir. Ona sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsi ilə bağlı Cavabdehə tibbi sənədləri ilə birlikdə yazılı şəkildə müraciət etsə də, əlilliyin təyin olunmasından imtina edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə dair etiraz məktubunu məhkəməyə ünvanlayaraq qeyd etmişdir ki,iddiaçının son illər ərzində əsas diaqnoz və ağırlaşmalarına uyğun aldığı stasionar müalicələr sənədlərdə qeyd olunan ağırlaşmalar ilə mütənasib deyil. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicə və müayinə olunmaq məsləhət görülür səbəbi ilə imtina edilmişdir. Orqanizmin həzm sistemi orqanlarının xəstəliklərdən, zədə və ya çatışmazlıqlardan irəli gələn davamlı funksional pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi həzmetmə funksiyasının pozulması dərəcəsinin qiymətləndirilməsinə əsaslanır (zülal-enerji çatışmazlığı). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, BKİ-nin azalması, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması tam olaraq iddiaçıda öz əksini tapmadığında iş üzrə cavabdeh etiraz məktubuna əsasən üzrə əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: “Mingəçevir şəhər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-61/2-1499/2023 nömrəli məktubundan görünür ki, iddiaçı Mehdiyev Amin Anar oğluna Düz bağırsağın anadangəlmə olmaması, atreziyası və fistul ilə stenozu. Anadangəlmə düz bağırsağın anal atreziyası, Siqmostomiya. Ağırlaşma R15- nəcisi saxlaya bilməmək. K 91.8-Həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi proseduralardan sonra əmələ gələn digər pozğunluqları. Yanaşı xəstəlik: N 13.7-Sidik kisəsi-sidik axarıreflyuksu ilə bağlı uropatiya. Qeyd edirik ki, Mehdiyev Amin Anar oğlunun xəstəliyi sağalmazdır dioqnozu qoyulub. Mehdiyev Amin Anar oğlu barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir. Mehdiyev Amin Anar oğlu barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2022-ci il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsindən imtina edilmişdir. Mehdiyev Amin Anar oğlu barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2014-cü il tarixdən 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir. Mehdiyev Amin Anar oğlu barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2016-cı il tarixdən 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-899/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 4313 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, 2013-cü il təvəllüdlü Mehdiyev Amin Anar oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən uyğun komissiya nəticəyə gəlir: A.A.Mehdiyevin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə “ Q42.0- Düz bağırsağın anadangəlmə olmaması, atreziyası və fıstul ilə stenozu. Anadangəlmə düz bağırsağın anal atreziyası (xx.xx.2013). Siqmostomiya (xx.xx.2023-də). Abdominal köməkli PSARP (xx.xx.2014) Mukjozektomiya c\əməliyyatından sonrakı vəziyyət”, diaqnozu qeyd edilmişdir. A.A.Mehdiyevin 14-xx.xx.2023-cü il tarixlərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasinda müayinəsi zamanı ona “Anorektoplastika əməliyyatından sonrakı fokal inkontinensiyası. Anal çatmamazlıq İİ d” diaqnozu müəyyən edilmişdir. Bundan başqa onun adına X1 verilmiş xx.xx.2023- cü il tarixli arayışa əsasən ona “Yüngül koqnutiv pozğunluq; Enurez; Enkoprez” diaqnozu qoyulmuşdur. Odur ki, o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir.A.A.Mehdiyevin hazırda əlavə müalicəsinə ehtiyac yoxdur”. Əsaslandırma hissəsi: İddiaçının iddiası məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. Həmçinin məcburetmə haqqında iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtinə də əməl olunur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının, qeyd olunan iddianı qaldırmaqda hüququ marağı: övladı Mehdiyev Amin Anar oğlunun sağlamlıq imkanlarının məhdudluğunun xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi ilə bağlı inzibati aktın cavabdeh orqan tərəfindən qəbul edilməsinə nail olmaqdır. İşin hallarından müəyyən edilir ki, Mehdiyev Amin Anar oğlunun sonuncu dəfə xx.xx.2019-cü il tarixdə 3 il müddətində sağlamlıq imkanları məhdud uşaq statusu müəyyən edilmişdir. İş materiallarına və məhkəməmə tibbi ekspertizasının rəyinə əsasən müəyyən edilir ki,azyaşlının sağlamlıq vəziyyəti dəyişməmiş,həmin xəstəlik davam etməkdədir. Cavabdehin imtina əsası əlavə müalicəyə ehtiyacının olması ilə əlaqələndirilmişdir. Verilmiş sorğuya əsasən “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki,ixtisaslaşdırılmış müalicə müəssəsində müayinə və müalicə aparılması halında xəstəliyin tam aradan qalxması mümkün deyildir. Görünüdüyü kimi Mehdiyev Amin Anar oğlunun xəstəliyi sağalmazdır. İddiaçıya əliliyin təyin olunmasından imtina edilməsinə dair qiymətləndirmə nəticələrində qoyulmuş diaqnoz eyni olsa da əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyin edilməmişdir. Həmin diaqnoz ekspert rəyinə əsasən yenidən öz təsdiqini tapmışdır. İşin hallarına əsasən müəyyən edilir ki, iddiaçının övladının xəstəlik diaqnozu ilk qiymətləndirmə tarixindən dəyişməmiş, hazırda sağlamlıq imkanları məhdud uşaq olmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinə dair əlavənin 3.4-cü bəndində (Bağırsağın digər xəstəlikləri,K-55-K64) nəcisi saxlaya bilməmək R15”, bağırsağın digər anadangəlmə inkişaf qüsurları Q43” orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri təsbit edilmişdir. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Mehdiyev Amin Anar oğlunun xx.xx.2022-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-899/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-899/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver