Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-9/2022 18.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinə qarşı "30.09.2019-cu il tarixli 21 nömrəli qərarın ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarına əsasən, İddiaçı (bundan sonra mətndə - MMC) tərəfindən 01.04.2015-ci ildən 01.04.2017-ci ilədək 272232 manat dəyərində istehsal olunmuş qumun müqabilində Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin büdcəsinə qeyd olunan vergi ödəyicisi tərəfindən 92826 manat məbləğində mədən vergisi ödənilməsi tələbinin qoyulması qərara alınmışdır. Bundan sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 14.09.2019-cu il tarixli 12 nömrəli qərarına əsasən, "xxxx" MMC tərəfindən bələdiyyənin büdcəsinə ödəniləcək 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunması qərara alınmışdır. Daha sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli "Məcburi icraya yönəldilməsinə dair qərar"ına əsasən, "xxxx" MMC-dən 92826 manat mədən vergisinin tutulması qərara alınmışdır. Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli qərarı məcburi icra olunması üçün həmin bələdiyyənin 26.11.2019-cu il tarixli 21 nömrəli məktubu ilə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı "xxxx" MMC cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinə qarşı "30.09.2019-cu il tarixli 21 nömrəli qərarın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, Yevlax Rayon İcra və X3 Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarı üzrə 18.12.2019-cu il tarixli "Tələbin könüllü icrası haqqında bildiriş"i iddiaçıya təqdim etmişdir. Həmin bildiriş təqdim edilənə qədər cavabdehin vergi tələbinə dair inzibati qərarından iddiaçının məlumatı olmamış və həmin qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Cavabdehin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qərarda iddiaçının 2015-ci ilin aprel ayından 2018-ci ilin mart ayınadək qum-çınqıl istehsalı ilə məşğul olması, nəticədə 121977 kub.m satışa yararlı qum istehsal etməsi göstərilsə də, bu işlərə görə 92826 manat mədən vergisi hesablansa da, cavabdeh qeyd etdiklərini təsdiq etmək üçün heç bir sübuta istinad etməmiş, istehsalı və vergini hansı əsaslarla hesablamasını qərarda ümumiyyətlə əks etdirməmişdir. Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi iddianı qəbul etməmiş və iddiaya qarşı 16.11.2020-ci il tarixli 41 nömrəli etirazında bildirmişdir ki, bələdiyyənin ərazisində qum-çınqıl istehsalı ilə məşğul olan iddiaçı "xxxx" MMC fəaliyyət göstərdiyi 01.04.2015-ci ildən 01.04.2017-ci ilədək olan dövr üzrə Bələdiyyənin büdcəsinə 92826 manat mədən vergisi ödəməlidir, lakin həmin borcu ödəməkdən qəsdən yayınır və onun məhkəməyə göndərdiyi iddia ərizəsi də yalnız bu məqsədə xidmət edir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil məhkəməyə 18.01.2022ci ildə ərizə göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş və bunu belə əsaslandırmışdır ki, eyni gündə və demək olar ki eyni vaxtda Bakı Kommersiya Məhkəməsində daha əvvəl təyin olunmuş məhkəmə iclasında iştirak etməli olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilmir. Lakin məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, Vəkil məhkəməyə eyni gündə və eyni vaxtda Bakı Kommersiya Məhkəməsində məhkəmə iclasının təyin edilməsi barədə sənəd təqdim etməmişdir, ikincisi isə, iddiaçı "xxxx" MMC hazırkı məhkəmə iclasına başqa nümayəndə də göndərə bilərdi ki, bunu da etməmişdir. Ona görə də məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 01.04.2015-ci ildən 01.04.2017-ci ilədək 272232 manat dəyərində istehsal olunmuş qumun müqabilində Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin büdcəsinə qeyd olunan vergi ödəyicisi tərəfindən 92826 manat məbləğində mədən vergisi ödənilməsi tələbinin qoyulması qərara alınmışdır. - İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 14.09.2019-cu il tarixli 12 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən bələdiyyənin büdcəsinə ödəniləcək 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunması qərara alınmışdır. - İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli "Məcburi icraya yönəldilməsinə dair qərar"ından görünür ki, "xxxx" MMC-dən 92826 manat mədən vergisinin tutulması qərara alınmışdır. - İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 26.11.2019-cu il tarixli 21 nömrəli məktubundan görünür ki, həmin bələdiyyənin 30.09.2019-cu il tarixli qərarı məcburi icra olunması üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 87-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 88-ci maddəsinə əsasən, maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan bu Qanunun Vİİ fəslində nəzərdə tutulmuş qaydada yuxarı inzibati orqana və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər. Müəyyən edildi ki, iddia ərizəsində iddiaçı "xxxx" MMC-nin mübahisələndirdiyi 30.09.2019-cu il tarixli 21 nömrəli qərar cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin pul tələbinin ödənilməsi barədə deyil, həmin tələbin icraya yönəldilməsi barədə olan inzibati aktdır. İddiaçıdan 92826 manat məbləğində mədən vergisinin alınması haqqında cavabdehin inzibati aktı isə 03.09.2019-cu il tarixli 09 nömrəli qərardır. Məhkəmənin 30.09.2021-ci il tarixli məktubu ilə bu hallar aydın şəkildə iddiaçının diqqətinə çatdırılmış, eyni zamanda, ona bildirilmişdir ki, o, "xxxx" MMC-dən 92826 manat məbləğində mədən vergisinin tələb olunmasını qanunsuz hesab edirsə, bu halda, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarını mübahisələndirməlidir, əgər bu verginin tələb olunması ilə razıdırsa və yalnız pul tələbinin icraya yönəldilməsi ilə razı deyildirsə, bu halda, iddia ərizəsində olduğu kimi, Bələdiyyənin 30.09.2019cu il tarixli 21 nömrəli qərarını mübahisələndirməsi kifayətdir. İddiaçıya təklif edilmişdir ki, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarını mübahisələndirmək istəyirsə, 10 gün müddətində məhkəməyə bu məzmunda yeni iddia ərizəsi təqdim etsin, əks təqdirdə, hazırkı iddiaya baxılması davam etdiriləcək. İddiaçının nümayəndəsi Vəkil həmin məktuba cavab olaraq məhkəməyə yazdığı 18.10.2021-ci il tarixli ərizədə bildirmişdir ki, iddiaçı verginin tələb olunması ilə razı olacağı təqdirdə, hansı əsaslarla onun icraya yönəldilməsi ilə razılaşmamalıdır. İddiaçı verginin tutulması (tələb olunması) ilə iddianı verdiyi vaxtdan razı olmadığını açıq bəyan etmiş, iddia ərizəsində də verginin qanunsuz hesablandığını aşkar qeyd etmişdir. İş üzrə ekspertiza rəyi ilə də verginin qanunsuz və yanlış hesablandığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC ondan verginin tələb olunması ilə razı olmadığını məhkəməyə yazdığı 18.10.2021-ci il tarixli ərizədə bildirsə də, məhkəmənin təklifinə baxmayaraq, təyin olunmuş müddət ərzində və ondan sonra ötən günlərdə iddiasını dəyişdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsndə deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsindəki iddia tələbi Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarının ləğv olunmasından ibarət olduğuna və iddiasını dəyişdirməkdən imtina etdiyinə görə məhkəmə yalnız həmin iddiaya baxmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən qərarın tarixi 30.09.2019-cu il olduğu halda, hazırkı iddia ərizəsi məhkəməyə 16.01.2020-ci ildə göndərilmişdir. Lakin məhkəmə tərəfindən cavabdehə sorğu edilərək alınmış sənədlərdən müəyyən edildi ki, iddianın verilməsindən əvvəl həmin inzibati aktın cavabdeh tərəfindən iddiaçıya təqdim (elan) olunması barədə sübut yoxdur. Ona görə də məhkəmə bu qərara gəldi ki, iddiaçı iddia müddətinə riayət etmişdir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması üçün əsas müəyyən etmədi. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Yuxarıda qeyd olunduğu kimi, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci və 82.2-ci maddələrinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Bundan başqa, həmin Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün konkret şərtlər müəyyən edilmişdir. Göstərilən maddədə deyilir ki, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Lakin müəyyən edildi ki, cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi bu şərtlərə riayət etməmişdir. Belə ki, Bələdiyyə özünün 03.09.2019-cu il tarixli 09 nömrəli qərarı ilə iddiaçı tərəfindən 92826 manat məbləğində mədən vergisinin ödənilməsi tələbinin qoyulmasını, 14.09.2019-cu il tarixli 12 nömrəli qərarı ilə iddiaçı tərəfindən 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunmasını qərara alsa da, bu qərarların surətlərinin 30.09.2019-cu ildən əvvəlki vaxtda iddiaçıya təqdim olunması barədə sübut yoxdur. Belə olan halda, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin tələbin icraya yönəldilməsi haqqında 30.09.2019-cu il tarixli 21 nömrəli qərarı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə zidd olmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarı qanunsuz inzibati aktdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilərək həmin qərar ləğv edilməlidir. Lakin bununla yanaşı, məhkəmə bunu da qeyd edir ki, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarı bugünədək qüvvədə olduğuna görə həmin Bələdiyyə "İnzibati icraat haqqında" Qanunun 82.3-cü maddəsinin tələblərinə riayət etməklə tələbin icraya yönəldilməsi haqqında yenidən qərar qəbul edə bilər. Bundan başqa, işdə olan 30.06.2021-ci il tarixli 9/1414 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyində deyilir ki, səyyar vergi yoxlaması zamanı mütəxəssis rəyinə əsasən istehsal həcmi müəyyən edilmiş qum və çınqıla görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı "xxxx" MMC-dən mədən vergisinin alınması barədə Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarının mübahisələndiriləcəyi halda, həmin rəydən sübut kimi istifadə oluna bilərdi, hazırkı iddianın həlli üçün isə həmin rəyə istinad edilməsinə zərurət yoxdur. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-9/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-9/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver