Məhkəmə qərarları › İş №2-1(116)-90/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-90/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-90/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolun qərarı ilə tikinti aparılması məqsədi ilə mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolun qərarı ilə tikinti aparılması məqsədi ilə mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1018/2022 nömrəli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, xx.xx.2022-ci il tarixli 2-1(116)-1018/2022 nömrəli qərardadı ilə İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə üçüncü şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi oxunması qərara alınmışdır. İddia ərizəsinin əsaslarına görə, torpaqların alqı-satqısına dair akta əsasən İsmayıllı rayon Kürdmaşı kəndində yaşayan Qəmbərov X2 rayon Kürdmaşı Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Həmin ərizəyə bələdiyyə iclasında baxılmış və İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsi ərazisindən ona 100 kv.metr torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bu akt bələdiyyə nümayəndəsinin, torpaq alan şəxsin və torpaq şöbəsinin müdirinin iştirakı ilə 26 noyabr 2007-ci il tarixdə imza və möhürlə təsdiq edilmişdir. Akt İsmayıllı rayon torpaq şöbəsində 26 noyabr 2007-ci il tarixdə 338/3 nömrə ilə qeydiyyata alınmışdır. İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokoluna əsasən qərara alınmışdır ki, İddiaçı bələdiyyənin kəndaltı fond sahəsindən 100 kv.metr torpaq sahəsinin satılsın. Həmin qərarda iddiaçıya tikinti məqsədi ilə alacağı torpaq sahəsinin pulunu bələdiyyənin cari hesabına köçürməsi və DT və XK-nin İsmayıllı rayon şöbəsinə satılan torpaq sahəsi haqqında lazımi sənədlərin hazırlanmasına köməklik göstərməsi tapşırılmışdır. Azərbaycan Respublikası DT və XK-nin İsmayıllı rayon şöbəsinin 26 oktyabr 2007ci il tarixli 546 nömrəli rəyində göstərilmişdir ki, Respublikada geden torpaq islahatına müvfiq olaraq Kürdmaşı Bələdiyyəsi 100 kv.metr kəndaltı torpaq sahəsi İsmayıllı rayon Kürdmaşı kənd sakini İddiaçı alqı-satqı qaydasında ayrılıb verilməsi məqsədə uyğundur. Odur ki, DT və XK-nin İsmayıllı rayon şöbəsi Kürdmaşı kənd sakini İddiaçı Kürdmaşı Bələdiyyəsinin kəndaltı sahəsindən 100 kv.metr torpaq sahəsinin tikinti məqsədi ilə satılmasına etiraz etmir. İsmayıllı rayon Kürdmaşı kəndi yerqurluşu layihəsindən çıxarış təsdiq edilmişdir. Həmin layihədə İddiaçı alqı-satqı qaydasında satılmış torpaq sahəsi də öz əksini tapmışdır. Həmin layihə DT və XK-nin İsmayıllı rayon şöbəsi tərəfindən imzalanmış və təsdiq edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 16 oktyabr 2007-ci il tarixli 597 nömrəli Kürdmaşı Bələdiyyəsinə cavab məktubunda qeyd edilmişdir ki, İsmayıllı RİH-nin Memarlıq və Tikinti şöbəsi 2007-ci il 23 sentyabr tarixli 72 nömrəli məktubu ilə bağlı məlum edir ki, İsmayıllı rayon Kürdmaşı kənd sakini İddiaçı kəndin tikinti üçün nəzərdə tutulmuş bələdiyyə torpağından sahibkarlıqla məşğul olmaq məqsədi ilə 100 kv.metr torpaq sahəsinin ona satılmasına etiraz etmir. İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli 60 nömrəli arayışında qeyd edilmişdir ki, X1 Qəşəm Nizaməddin oğluna torpaq sahəsi satılması haqqında 09 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun 1 saylı qərarı qüvvədədir. Azərbaycan Respublikasının DT və XK tərəfindən verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədi İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kürdmaşı kənd sakini İddiaçı tikinti məqsədi ilə 100 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İsmayıllı rayon Kürdmaşı kəndində yerləşən 100 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət edilmiş, lakin, müraciət təmin edilməmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia olunan torpaq sahəsində Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Belə ki, sənəd üzrə torpaq shəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında 7.4 m məsafə fərq var və torpaq sahəsinin 39.0 kv sahəsi yüksək gərginlikli elektrik xəttinin qorunma zolağına düşür. Eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət mülkiyyətinə aiddir. Üçüncü şəxs "xxxx" MMC iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə tikinti aparmaq məqsədi ilə iddiaçının mülkiyyətinə verilmiş 100 kv.m torpaq sahəsi İsmayıllı rayonu Kürdmaşı kənd inzibati ərazi sərhəddi daxilində ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Eyni zamanda İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə tikinti aparılması məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş 100 kv.m torpaq sahəsinin 95 kv.m hissəsi həmin ərazidə yerləşən Kürdmaşı poçt şöbəsinin ərazi hüdudlarındadır və orada Kürdmaşı poçt şöbəsi fəaliyyət göstərir. Bu hal Daşınmaz Əmlakın Kadastr məlumatlarında, həmçinin fotoşəkillərdə də öz əksini tapır. Kürdmaşı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı iclas protokolu ilə məhz həmin 100 kv.m ərazi poçt binasının tikintisi üçün ayrılması qərara alınmışdır. Həmçinin yekun olaraq Kürdmaşı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 24 saylı əmri əsasında poçt binasının tikintisi üçün 100 kv.m torpaq sahəsi ayrılmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs "xxxx" ASC iddia tələbinə etirazında qeyd etmişdir ki,” Azərişıq” ASCnin əməkdaşları tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin yaxınlığından 35/10 kv-luq Talış y/st-dan çıxan 10kv-luq Kürdmaşı h/x (keçmiş h/x) keçir. 10 kv-luq Kürdmaşı h/x 1974-cü ildə istismara verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin ətrafı dəmir tor vasitəsi ilə bərkidilmişdir. Dəmir torla hasarlanmış torpaq sahəsinin şimal hissəsi 10kv-luq h/x-nin mühafizə zonasında yerləşir (mövcud vəziyyətdə) İsmayıllı rayon Kürdmaşı bələdiyyəsi tərəfindən torpaq sahəsinin dəqiq sərhədləri haqqında (koordinatları barədə) məlumatı olmadıqları məlum olmuşdur. Ona görə də ərazinin hansı hissənin mühafizə zonasında yerləşdiyi barədə tam ölçü aparılması mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 60 nömrəli arayışından görünür ki, X1 Qəşəm Nizaməddin oğluna torpaq satılması haqqında 9 noyabr 2007-ci il 12 saylı iclas protokolunun 1 saylı qərarı qüvvədədir. - İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2007-ci il tarixli 597 nömrəli məktubundan və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İsmayıllı rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 546 nömrəli rəyindən görünür ki, Kürdmaşı kənd sakini İddiaçı kəndin tikinti üçün nəzərdə tutulmuş bələdiyyə torpağından sahibkarlıqla məşğul olmaq məqsədi ilə 100 kv.m torpaq sahəsinin ona satılmasına etiraz edilməmişdir. - A 260367 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 100 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolundan çıxarışdan və xx.xx.2007-ci il tarixli 338/3 nömrəli Torpaqların alqı-satqısına dair aktından görünür ki, iddiaçıya bələdiyyənin kəndaltı fonda sahəsindən 100 kv.m torpaq sahəsi tikinti məqsədilə satılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayon Kürdmaşı bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolun qərarı ilə tikinti aparılması məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6in 9 saylı Qəbələ Ərazi İdarəsinin istifadəsində olan məlumat bazasına əsasən İsmayıllı rayonu Kürdmaşı kənd inzibati ərazi sərhəddi daxilində ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Eyni zamanda İsmayıllı rayon Kürdmaşı bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolun qərarı ilə tikinti aparılması məqsədi ilə mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsinin 95 kv.m hissəsi Elektron baza məlumatlarında mövcud olan Dövlət torpaqlarının registrində qeydiyyata alınmış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt şöbəsinə aid Dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst üstə düşür. - İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, yeni poçt binası tikmək üçün İsmayıllı poçtamtına 100 kv.m torpaq sahəsi ayrılmışdır. - İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 38 nömrəli arayışından görünür ki, İddiaçı 2007-ci ildə Kürdmaşı bələdiyyəsi tərəfindən satılan 100 kv.m torpaq sahəsi "xxxx" MMC-yə ayrılan torpaq sahəsi ilə üst-üstə düşmür. - İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 12 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 nömrəli qərarı və ona əlavə edilmiş sənədlər, eləcə də Kürdmaşı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokollarının qərarı Kürdmaşı bələdiyyəsində yoxdur. Ümumiyyətlə, İddiaçı 100 kv.m tikintialtı torpaq sahəsi ayrılması ilə bağlı bələdiyyədə heç bir sənəd yoxdur. 2015-ci ilə qədər olan bütün bələdiyyə sənədləri İsmayıllı rayon arxiv idarəsinə təhvil verilmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-23RA/2-10/2023 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 nömrəli qərarına aid əlavə olunan sənədlər arxiv fonduna təhvil verilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxslərin nümayəndələri inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Kürdmaşı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə satılmış 100 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi Dövlət mülkiyyətindədir. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 38 nömrəli arayışında İddiaçı 2007-ci ildə Kürdmaşı bələdiyyəsi tərəfindən satılan 100 kv.m torpaq sahəsinin "xxxx" MMC-yə ayrılan torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmiş, lakin Kürdmaşı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 12 nömrəli məktubunda "xxxx" MMC-yə torpaq sahəsiin ayrılması ilə bağlı Kürdmaşı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 nömrəli qərarının və İddiaçı 100 kv.m tikintialtı torpaq sahəsi ayrılması ilə bağlı bələdiyyədə heç bir sənəd olmadığı bildirilmişdir. Belə olan halda iddiaçıya satılmış torpaq sahəsi ilə "xxxx" MMC-yə ayrılan torpaq sahəsinin üst-üstə düşməməsinin bələdiyyə tərəfindən necə müəyyən edildiyi anlaşılan deyil. Eyni zamanda İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 60 nömrəli arayışında 9 noyabr 2007-ci il 12 saylı iclas protokolunun 1 saylı qərarının qüvvədə olduğunu bildirmişdir. Lakin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözügedən torpaq sahələrinə aid olmadığından Kürdmaşı bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsinin satılması tamamilə əsassız olmuş və həmin qərar iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqan tərəfindən verilən mütəxəssis rəyində qeyd edilmiş məlumatlar sübut qismində qəbul edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolun qərarı ilə tikinti aparılması məqsədi ilə mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar