Məhkəmə qərarları › İş №2-1(116)-90/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-90/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-90/2024 12.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - cavabdeh tərəfindən mübahisə edilməyən iş stajı, əyani təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla xx.xx.1972-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək 21 il 6 ay 13 gün təşkil edir. Lakin cavabdeh onun xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixədək X13 Birliyini nəzdində olan Turist pavilionunda aşbaz-bufetçi işlədiyi dövrləri nəzərə almamışdır. Hesab edir ki, xx.xx.2006-cı il tarixdən sonra onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmasa da, xx.xx.1998-ci il tarixdən 01.01,2006-ci il tarixədək X13 Birliyini nəzdində olan Turist pavilionunda aşbaz-bufetçi işlədiyi dövrləri cavabdeh nəzərə almalı idi. Cavabdeh həmin dövrləri (7 il 7 ay 4 gün) nəzərə alsa idi onun pensiya stajı 29 il 1 ay 17 gün təşkil edəcəkdi və ona yaşa görə əmək pensiyası təyin ediləcəkdi. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, onun işdən azad olunma əmri sonradan yazılmış, imza və möhürlə təsdiq olunmamışdır. Lakin cavabdehin qeyd etdiyi halların baş verməsində onun heç bir təqsiri və rolu yoxdur. Belə ki, o qeyd edilən müəssisənin rəhbəri və ya əmək kitabçasının vaxtında yazılmasına məsul şəxs olmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə xx.xx.2022ci il tarixdə inzibati orqana müraciət etmiş, lakin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-14999/2023 nömrəli məktublarla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyi və iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulan dövrdən (25 ildən) az olduğu qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01.07,2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd: İddiaçı 65 yaşını xx.xx.2022-ci il tarixində tamamlamışdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun oiaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçası, təhsil haqqqında diplomu və hərbi biletinin surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 21 il 6 ay 5 gün (mübahisələndirilməyən) təşkil edir. Bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının təqdim etdiyi xx.xx.1998-ci il tarixli digər əmək kitabçasının surətində qeyd olunmuş və mötəbərliyinə əsaslı şübhələr arxiv arayışı ilə də təsdiqlənən xx.xx.1998ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ucar rayon ictimai X2 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Fondun 2 saylı Mərkəzi Aran regional filialının Ucar rayon Kooperativ Cəmiyyəti ilə tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının xx.xx.1998-ci il tarixində işə daxil olma əmri, xx.xx.2006-cı il tarixində işdən azad olma əmri aşkarlanmışdır. Lakin, qarşıqlıqlı yoxlamaya əsasən iddiaçının işdən azad olma əmrin sonradan yazıldığı, imza və möhürlə təsdiq olunmadığı aşkar olunmuşdur. Həmçinin əməkhaqqı cədvəlləri təqdim olunmadığından iddiaçının mübahisələndirilən dövrlərdə əməkhaqqı almasını yoxlamaq mümkün olmamışdır. Mübahisələndirilən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən həmin dövrlərin iddiaçının sosial sığorta staıına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmir. Bu səbəbdəndə cavabdehin xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə iddiaçıya pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçının mübahisələndirilən sosial sosial sığorta stajı aşağıdakı kimidir: > xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ucar rayon İctimai X1 əmək fəaliyyəti dövrləri — 6 il 7 ay 1 gün. İddiaçı mübahisəsiz qəbul edilən sosial sığorta stajı aşağıdakı kimidir: > xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil müddəti; > xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək əmək fəaliyyəti (əmək kitabçasına əsasən); > xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü; > xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək əmək fəaliyyəti (əmək kitabçasına əsasən); > xx.xx.1980-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ucar rayonu Dəmir-Beton Məmulatları zavodundakı əmək fəaliyyəti (əmək kitabçasına əsasən). Qeyd: İddiaçının əmək kitabçasında 2008-ci il tarixli əmrdə zavodun (Ucar rayonu Dəmir-Beton Məmulatları zavodu) 1995-ci ilin yanvar ayından faəliyyət göstərmədiyi üçün işçilərin siyahısından çıxarıldığı qeyd olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Hesab edirik ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Ю 004895 nömrəli Diplomdan görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1976-cı illərdə ali təhsil almışdır. - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977 - xx.xx.1979-cu il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Əmək kitabçalarına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1976 – xx.xx.1977, xx.xx.1980 – xx.xx.1995 xx.xx.1979 - xx.xx.1980, xx.xx.1998 – xx.xx.2006. - ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 2 saylı X11 filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı (ata adı əmr kitabında qeyd edilməyib) xx.xx.1998-ci il tarixli 18 saylı əmrlə Ucar X9 Turist pavilyonuna aşpaz-bufetçi təyin edilmişdir. xx.xx.2006-cı il tarixli əmrlə işdən azad olunmuşdur. İddiaçı işdən azad olunma əmri əmr kitabına sonradan yazılmış, Ucar X9 müdiri tərəfindən imzalanmamış möhür vurulmamışdır. Əmək haqqı cədvəlləri təqdim olunmadığından İddiaçı 1998-2006-cı illərdə əmək haqqı almasını yoxlamaq mümkün olmamışdır. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 58 nömrəli məktubundan görünür ki, Ucar Dəmir-Beton Məmulatları zavoduna aid 1992-1995-ci il tarixlərə dair və Ucar X9 “Turist” pavilyonuna aid arayış xarakterli (əmr kitabları və əmək haqqı cədvəlləri) sənədlər təhvil verilmədiyi üçün Ucar rayon Dövlət arxivində saxlanılmır. - Məhkəmənin xx.xx.2023-ci il tarixli 2-1(116)-1197/2023 nömrəli qərardadı ilə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/1318-4/1573 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2005-2009-cu illərə dair əmrlər kitabının 15-ci vərəqinin arxa tərəfində xx.xx.2006-cı il tarixli, 16 №-li əmrdə “1.” rəqəmi qarşısındakı “X15 o.”, “2.” rəqəmi qarşısındakı “X8 o.", "4.” rəqəmi qarşısındakı "X12 o", "5.” rəqəmi qarşısındakı "X7 o.”, “6.” rəqəmi qarşısındakı “X10", “7.” rəqəmi qarşısındakı “X14", “8.” rəqəmi qarşısındakı “Əİiyev Tahir Səməd”, “9.” rəqəmi qarşısındakı “İddiaçı A.”, “10." rəqəmi qarşısındakı İsayev Nuru M.” yazıları - Eyni bir şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 2005-2009-cu illər üzrə əmrlər kitabı təqdim edilmişdir. Təqdim olunmuş əmrlər kitabının 15-ci vərəqinin 2-ci səhifəsindəki xx.xx.2006-cı il tarixli, 16 №-li əmrdə qeyd edilmiş ad, soyad və ata adları, həmçinin əmrin başlığında yazılmış "idarənin sərəncamında saxlanılmış aşağıdakı işçilər işdən azad edilsin" yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. - Azərbaycan Mərkəzi kooperativlər İttifaqı “Azərittifaq” Ucar rayon kooperativ cəmiyyətinin xx.xx.2023-cü il tarixli 249 nömrəli “pensiya hesablanması üçün əmək haqqı barədə” arayışdan görünür ki, İddiaçı 1999-2002-ci illərdə əmək haqqı almışdır. - 1997-1998-ci il tarixli əmr kitabında qeyd edilmiş xx.xx.1998-ci il tarixli əmrdən görünür ki, İddiaçı “Turist” pavilyonuna aşpaz-bufetçi təyin edilmişdir. - 2005-2009-cu il tarixli əmr kitabında qeyd edilmiş xx.xx.2006-cı il tarixli əmrdən görünür ki, İddiaçı işdən azad edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı il tarixində işdən azad olma əmri sonradan yazılmış, imza və möhürlə təsdiq olunmamış, əmək haqqı cədvəlləri təqdim olunmadığından mübahisələndirilən dövrlərdə əməkhaqqı almasının yoxlanılması mümkün olmamışdır. Beləliklə, cavabdeh orqan iddiaçının 21 il, 6 ay, 5 gün sosial sığorta stajını mübahisələndirmir. İddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ucar rayon İctimai X2 əmək fəaliyyəti dövrü isə mübahələndirilərək sosial sığorta stajına daxil edilmir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən əmək stajına dair qeydlərin əks olunduğu əmrlər kitabı əldə edilərək öyrənilmişdir. Müəyyən edilir ki, iddiaçı, xx.xx.1998-ci il tarixdə “Turist” pavilyonuna aşpaz-bufetçi vəzifəsinə təyin edilmişdir. 2005-2009-cu il tarixləri əhatə edən əmr kitabında cavabdeh orqan tərəfindən mötəbərliyi şübhə doğurduğu bildirilən xx.xx.2006-cı il tarixli işdən azad olunma əmrində icra edilmiş qeydlərin yoxlanılması məqsədilə Məhkəmənin xx.xx.2023-ci il tarixli 2-1(116)- 1197/2023 nömrəli qərardadı ilə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/1318- 4/1573 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, mübahisələndirilən - xx.xx.2006-cı il tarixli, 16 №-li əmrdə iddiaçının adı da daxil olmaqla bütün işdən azad edilmiş şəxslər barədə qeydlər, o cümlədən sözügedən əmrin başlığı eyni bir şəxs tərəfindən, kimyəvi tərkibi eyni olan diyircəkli qələmlə icra olunmuşdur. Qeyd olunan hal bütün işdən azad olunanlar barədə məlumatların əmr kitabına eyni vaxtda daxil edilməsini və işdən azad olma əmrinə iddiaçının adının sonradan yazılması ilə bağlı cavabdehin dəlilinin əsassızlığını sübut edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əmr imza və möhürlə təsdiq olunmuşdur. Əmək haqqı cədvəllərinin olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Mərkəzi kooperativlər İttifaqı “Azərittifaq” Ucar rayon kooperativ cəmiyyətinin xx.xx.2023-cü il tarixli 249 nömrəli “pensiya hesablanması üçün əmək haqqı barədə” arayışı ilə iddiaçının 1999-2002-ci illərdə əmək haqqı alması müəyyən edilir. Digər tərəfdən xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilibödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir. Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, xx.xx.2002-ci ildən sonrakı dövrdə də iddiaçının əmək haqqı alıb-almamasının, əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsinin araşdırılmasına heç bir lüzum yoxdur. Odur ki, iddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixədək mövcud olan 7 il, 6 ay 12 gün əmək fəaliyyəti müddəti onun mübahisələndirilməyən 21 il 6 ay 5 gün sosial sığorta stajı ilə toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir (hətta 2002-ci ilin dekabr ayınadək, əmək haqqı alınan dövrlər nəzərə alınmaqla hesablanma aparıldıqda yenə də iddiaçının 25 ildən çox sosial sığorta stajının mövcudluğu müəyyən edilir). Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş üzrə iddia tələbi tam təmin edildiyindən Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 126 (bir yüz iyirmi altı) manat eEkspertiza xərci cavabdehə aid edilməlidir.

Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Ekspertiza xərci cavabdehə aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 126 (bir yüz iyirmi altı) manat pul məbləği cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar