Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-900/2021 29.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, üçüncü şəxslər X5, X3, X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "16.05.2019-cu ildə vəfat etmiş mərhum əri X7 verilən ünvan 1-da yerləşən evin övladı X5 iştirakı olmadan özəlləşdirilməsi" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə Gədəbəy rayonunun Əli-İsmayıl kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. O, 21.01.1978-ci ildə X12 ilə ailə qurmuşdur. Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 11.06.1991-ci il tarixli 279 nömrəli qərarına əsasən, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6 nömrəli binanın 4-cü giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 76,07 kv.m, yaşayış sahəsi 47,31 kv.m olan 3 otaqlı 36 nömrəli mənzil X7 verilmiş, ailəyə mənzilə daimi yaşamaq hüququ verilən orderin verilməsinin təmin olunması qərara alınmışdır. Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin imzası ilə iddiaçının mərhum əri X6 adına 11.06.1991-ci il tarixli 001886 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, X6 5 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında X6, İddiaçı, X5, X4 və X2 adları qeyd olunmuşdur. İddiaçının əri X12 15.05.2019-cu ildə vəfat etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin mənzilin öz adına özəlləşdirilməsini xahiş etmiş, lakin cavabdeh 20.10.2020-ci il tarixli **********01 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş ərizə və digər zəruri sənədlər Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinə təqdim edildikdən sonra iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, ünvan 1-da yerləşən ev dövlət tərəfindən X7 verilmişdir. Hazırda oğlu X13 və gəlini X10 ilə aralarında mübahisə olduğu üçün 16.05.2019-cu ildə vəfat etmiş mərhum əri X7 verilən ünvan 1-da yerləşən evin övladı X5 iştirakı olmadan özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh 20.05.2021-ci il tarixli **********85 nömrəli iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli 2-1(116)-900/2021 nömrəli qərardadı ilə X13, X11, X8 və X10 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 11.06.1991-ci il tarixli 001886 nömrəli orderdən görünür ki, X6 5 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında X6, İddiaçı, X5, X4 və X2 adları qeyd olunmuşdur. - İşdə olan, cavabdehin 20.10.2020-ci il tarixli **********01 nömrəli imtina məktubundan görünür ki, "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş ərizə və digər zəruri sənədlər Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinə təqdim edildikdən sonra iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə görə, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinin birinci abzasına görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun sadalanan müddəalarına əsasən, vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin, yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda "özəlləşdirilməsi üçün müraciət edilən anda" ifadəsinin mövcudluğu bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin, yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi, vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxs X5 özəlləşdirmənin aparılmasına dair razılığı olmadığı üçün cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda, iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özəlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda, digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Nəzərə almaq lazımdır ki, dövlət "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz. Bununla yanaşı, məhkəmə baxılan məsələyə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından da münasibət bildirilməsini zəruri hesab edir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"ya əlavə 1 saylı protokolun mülkiyyət hüququnu müdafiə altına alan 1-ci maddəsi baxımından yerləşmiş presedent hüququna görə müdaxilənin mülkiyyət hüququnun pozuntusunu yaradıb-yaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: - iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi? - mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunidirmi? - müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa riayət edilmişdirmi? Göstərilən yoxlama qaydasından hərəkətlə məhkəmə hesab edir ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuşdur və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Onun qanuni gözləntiyə malik olması dövlətdaxili konkret qanunvericilik aktından, yəni "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı mənzilə münasibətdə mülkiyyət hüququ əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüququna müdaxilə baş vermişdir. Lakin hüquqa müdaxilə qanunilik və mütənasiblik tələblərinə cavab verdiyi üçün mülkiyyət hüququnun pozuntusu baş verməmişdir. Belə ki, müdaxilənin qanuniliyi "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 5-ci maddəsindən irəli gəlir. Məhz həmin normada özəlləşmənin buna hüququ olan bütün şəxslərin razılıqlarının mövcudluğunda həyata keçiriləcəyi aydın təsbit edilmişdir. Müdaxilənin mütənasibliyinə qiymət vermək üçün isə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilib-edilmədiyi araşdırılmalıdır. Bununla bağlı olaraq nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanun sovet quruluşunun dağılması və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi nəticəsində cəmiyyətdə baş verən dəyişikliklər fonunda həyata keçirilən köklü islahatların tərkib hissəsi kimi qəbul edilmişdir. Bu zaman qanunverici həmin islahatların həyata keçirilməsi şərtlərini və qaydasını müəyyən etməyə dair geniş mülahizə səlahiyyətinə malik olmuşdur. Həmin mülahizə səlahiyyətindən çıxış etməklə qanunverici özəlləşdirmənin buna hüququ olan bütün şəxslərin razılıqlarının mövcudluğunda həyata keçiriləcəyini təsbit etmişdir. Bununla bağlı olaraq məhkəmə özünün yuxarıda ifadə etdiyi mövqeyini təkrarlayır ki, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz. Digər tərəfdən isə, məhkəmə hesab edir ki, mülahizə səlahiyyətinin göstərilən qaydada həyata keçirilməsi cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlmiş məqsəd daşımışdır. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi mülkiyyət formasına görə mənzil fondunun üç növünü – özəl, dövlət və bələdiyyə mənzil fondunu tanıyır (Mənzil Məcəlləsinin 17-ci maddəsi). Başqa sözlə, hər hansı bir mənzil vahid şəkildə bir tam olaraq həmin mənzil fondunun üç növündən yalnız birinə aid ola bilər. Bu, mənzillərin hüquqi rejimi, onların idarə olunması və orada yaşayan şəxslərin mənzillə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi baxımından olduqca zəruridir. Ona görə də, sözügedən ümumi maraqların təmin edilməsi üçün qanunverici mənzillərin yalnız bütöv şəkildə, orada yaşayan özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslər buna razı olduqları halda özəlləşdirilməsinin mümkünlüyünə dair yanaşmanı qəbul etmişdir. Belə tənzimləmə mənzil islahatlarının həyata keçirilməsi zamanı cəmiyyətin ümumi maraqlarını təmin etməyə yönəlmişdir və legitim məqsəd daşıyır. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazılığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin baş tutmaması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar. Beləliklə, hazırkı işdə hüququ olan üçüncü şəxs X13 buna razılıq vermədiyi üçün iddiaçının mənzilin özəlləşdirilməsinə dair müraciətinin təmin edilməməsi zamanı cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilmişdir. Eyni hüquqi mövqe 2-1(102)-1419/2020 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2020-ci il tarixli qərarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə iddianın təmin edilməsi üçün əsas müəyyən etmədi. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "16.05.2019-cu ildə vəfat etmiş mərhum əri X7 verilən ünvan 1-da yerləşən evin övladı X5 iştirakı olmadan özəlləşdirilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-900/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-900/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver