Məhkəmə qərarları › İş №2-1(116)-900/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-900/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-900/2023 22.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “Ə.D.Məlikov adına 6№-li BŞX-nin cərrahiyə şöbəsinin xx.xx.2015-ci il tarixində təqdim edilmiş 426 nömrəli Arayışda göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ə.D.Məlikov adına 6№-li BŞX-nin cərrahiyə şöbəsinin xx.xx.2015-ci il tarixində təqdim edilmiş 426 nömrəli arayışda göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-1553/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş, iş 2-1(116)-1794/2023 nömrə ilə qeydə alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1794/2023 nömrəli qərardadı ilə 2-1(116)-1794/2023 nömrəli inzibati iş 2-1(116)-900/2023 nömrəli inzibati işə birləşdirilmiş, 2-1(116)-1794/2023 nömrəli inzibati iş üzrə icraata xitam verilmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1974-cü il tarixdə Zərdab rayonu, Sileyli kəndində anadan olmuş, İ Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə yaralanmışdır. Belə ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək, Ə.D.Məlikov adına 6№ BŞXnin cərrahiyə şöbəsində müharibə nəticəsində aldığı travma ilə hər iki bazunun aşağı 3/1, hər iki budun yuxarı 3/1, sağ baldırın aşağı 3/1 hissələrinin sağ ayağın alt səthinin kor qəlpə yaralanmaları və çoxlu qəlpələri, hərbi travma, hərəkətin və yerişin pozulması, diaqnozu ona təyin edilmişdir. Bununla bağlı bir sıra müalicələr də almışdır. Ə.D.Məlikov adına 6№ BŞX-nin cərrahiyə şöbəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Arayış) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya xx.xx.2022-ci ildə imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona təyin olunan, Hərbi əməliyyatlar nəticəsində mərmi partlayışı zamanı aldığı qəlpələr və digər törədilmiş zədələnmələr, kor qəlpə yaralanması, sol dirsək sinirinin neyropatiyası, sol əlinn distal hissəsində hərəkət hissi pozulması, İV-V barmağın kontrakturası, sol əlin funksiyasının pozulması, oynaqların kontrakturası, dirsək sinirinin zədələnməsi, diaqnozu əlillik əlamətini özündə əks etdirmir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G56 - Yuxarı ətrafın mononevropatiyası => G56.1 - Orta sinirin digər zədələnmə...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası ilə; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Qiymətləndirmədə əmək müqaviləsi olsada xəstəlik vərəqəsi günləri qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 1994-cü ildən xəsarət almasına baxmayaraq 2019-cu ilə qədər bərpa müalicələri almayıb, 2019-cu illərdə qeyd edilən stasionar müalicələr göndərişlərin tarixçəsində öz əksini tapmır. İxtisaslaşmış bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçı Zərdab rayonu sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti növbəti dəfə tibb müəssisəsinin 0260003AAGEY nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmin qərardan narazı vətəndaşın müraciəti əsasında xx.xx.2021-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 155 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki bazunun aşağı 1/3-nin, hər iki budun yuxarı 1/3-nin, sağ baldırın aşağı 1/3-nin və sağ ayağın alt səthinin kor qəlpə yarası, çox saylı qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş ‘‘Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi.’’ anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Belə ki, sol əlin qəlpə zədələrinin izləri, İV-V barmaqların hərəki məhdudluğu qeyd olunsa da, əlin tutma funksiyaları pozulmayıb. Nəticədə diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əyani müayinə ilə həyata keçirilən qiymətləndirmənin nəticəsi olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina Əlillik altsisteminə verilmişdir. Bundan əlavə, nəzərinizə çatdırırıq ki, iddiaçı barəsində əlillik təyinatından imtina qərarı 2021-ci ilin iyun ayında verilsə də o, 2022-ci ilin noyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilən altsistem çıxarışlarda sonuncu imtina qərarının göndərilmə tarixi xx.xx.2021-ci ildə olduğu görünür. Verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin noyabr ayında, yəni təxminən 17 ay sonra verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh orqanın TSEK müayinələri qiymətləndirilmə nəticəsindən görünür ki, iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funskiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli **********5 nömrəli protokolundan görünür ki, əlillik vəziyyəti növbəti dəfə tibbi müəssisəsinin 0260003AAGEY nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmin qərardadn narazı vətəndaşın müraicəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 155 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki bazunun aşağı 1/3-nin, hər iki budun yuxarı 1/3nin, sağ baldırın aşağı 1/3-nin və sağ ayağın alt səthinin kor qəlpə yarası, çox saylı qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi.”anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqni tapmamışdır. Belə ki, sol əlin qəlpə zədələrinin izləri, İV-V barmaqların hərəki məhdudluğu qeyd olunsa da əlin tutma funksiyaları pozulmayıb. Nəticədə diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir”. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1554 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XX sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => Y36.2-hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarda və ya qəlpələrdə törənmiş zədələnmələr, posttravmatik (kor qəlpə yarası), sol dirsək sinirinin neyropatiyası, sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası, sol əlin funksiyasının pozulması ilə oynaqların kontrakturası, dirsək sinirinin zədələnməsi” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər onun sol əlinin funksiyasının tam pozulmasına səbəb olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmaması, sol əlin qəlpə zədələrinin izləri, İV-V barmaqların hərəki məhdudluğu əlin tutma funksiyalarının pozulması ilə müşaiət olunubolunmaması və iddiaçının hazırkı vəziyyətini əks etdirən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğun olması ilə bağlı suallar qoyulmuşdur. Təqdim edilmiş ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilmiş, lakin sözügedən ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər onun sol əlinin funksiyasının tam pozulmasına səbəb olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçını əyani müayinə edərkən sol əlin tutma funksiyaları pozulmaması qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçıya qoyulmuş diaqnozla bağlı göndərişdə ağırlaşma diaqnozu olaraq M24.5 koduna istinad edilmiş və oynaqların kontrakturası qeydi icra edilmişdir. İmtinanın verildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə M24.5 kodu ilə 2.3.2-ci bənddə dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması), 2.5.1-ci bənddə bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, 2.5.6-cı bənddə hər iki topuğun ankilozu və ya kəskin kontrakturası, 3.1.43-cü bənddə ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması, 5.1.6-cı bənddə ətraflarda oynaqların nəzərəçarpan kontrakturası, 5.2.3.16-cı bənddə bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda), 5.2.3.17-ci bənddə diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası, 5.2.3.19-cu bənddə hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası diaqnozları öz əksini tapmışdır. İddiaçıya münasibətdə M24.5 kodunun tətbiq edilməsi üçün 2.3.2, 2.5.1, 3.1.43, 5.1.6-cı bəndlərdə qeyd edilmiş diaqnozların müəyyən edilməsi zəruridir. İddiaçı barəsində tərtib edilmiş göndərişdə M24.5 kodu ilə oynaqların kontrakturası (oynaqların hərəkət məhdudiyyəti) qeyd edilsə də, yuxarıda sadalanan bəndlərin tətbiq edilməsi üçün iddiaçının sol əlinin funksional yararsız və ya kəskin kontrakturası, fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması sübuta yetirilməlidir. Lakin, yuxarıda qeyd edildiyi kimi istinad olunan ekspert rəyində iddiaçının əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklərin onun sol əlinin funksiyasının tam pozulmasına səbəb olmadığı qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, M24.5 kodunun tətbiq edilməsi üçün əsaslar olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İmtinanın verildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 17 hal sadalanmışdır. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “Ə.D.Məlikov adına 6№-li BŞX-nin cərrahiyə şöbəsinin xx.xx.2015-ci il tarixində təqdim edilmiş 426 nömrəli Arayışda göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar