Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-900/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2954/2024 nömrəli qərardadı ilə Qəbələ Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı 2007-ci ildə Qəbələ Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona 0.12 hektar torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fondundan iddiaçıya 0.12 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaq sahəsi üçün bələdiyyə tərəfindən müəyyən edilən ödəniş 25 may 2007-ci il tarixdə bələdiyyənin hesabına ödənilmişdir. Eyni zamanda torpaq sahəsinin alqısatqı aktı 06 iyun 2007-ci il tarixdə 138 nömrəsi ilə DTXK-nin Qəbələ Rayon Şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə olan mülkiyyətinə hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh quruma müraciət etmiş,cavabdehin 12 iyul 2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə həyətyanı məqsədi ilə satılmış 0.12 hektar torpaq sahəsi “Bələdiyyə Torpaqlarının idarə edilməsi’ haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermir. Belə ki, Qanunun 8.1-ci maddəsinin tələblərinə görə bələdiyyələr tərəfindən rayon mərkəzlərində fərdi yaşayış evinin tikintisi üçün xüsusi mülkiyyətə torpaq sahəsi ayıran zaman qanunvericilikdə müəyyən olunmuş hədd (rayon mərkəzlərinə müəyyən olunmuş hədd 0.08 hektar təşkil edir) nəzərə alınmamışdir. Həmçinin torpaq sahəsi islahat xəritəsində meşə fondu torpaqları kimi qeyd edilmişdir.” Bu səbəbdən hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə İİİ şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0.12 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı İddiaçı Qəbələ Bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmışdır.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
5. İddiaçının təqdim etdiyi xx.xx.2011-cı il tarixli ödəniş qəbzindən görünür ki, 18 manat məbləğində torpağın dəyəri Qəbələ Bələdiyyəsinin hesabına ödənilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6321/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı ayrılan 0.12 ha satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaq sahəsinin ayrılmasına sahəni seçmə aktı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Cavabdehin hüquqların qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi iki hala istinad etmişdir :
1. Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə həyətyanı məqsədi ilə satılmış 0.12 hektar torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi’ haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermir. Belə ki, Qanunun 8.1-ci maddəsinin tələblərinə görə bələdiyyələr tərəfindən rayon mərkəzlərində fərdi yaşayış evinin tikintisi üçün xüsusi mülkiyyətə torpaq sahəsi ayıran zaman qanunvericilikdə müəyyən olunmuş hədd (rayon mərkəzlərinə müəyyən olunmuş hədd 0.08 hektar təşkil edir) nəzərə alınmamışdir.
2. Torpaq sahəsi islahat xəritəsində meşə fondu torpaqları kimi qeyd edilmişdir. Məhkəmə cavabdehin imtina əsaslarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6321/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki,TEUİS-ə əsasən iddia olunan torpaq sahəsi yaşayış mənətəqəsi təyinatlı torpaq sahəsidir.Bu baxımdan da məhkəmə cavabdehin imtinasının “meşə fondu torpaqları” kimi qeyd edilməsi ilə bağlı dəlilini əsassız hesab edir. Məhkəmə “Bələdiyyə torpaqlarının idarə edilməsi’ haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə cavab vermir. Belə ki, Qanunun 8-ci maddəsinin tələbləri baxımından ayrılan torpaq sahəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində deyilir : 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; Qanunverici bu normanı tətbiq etməkdə 8.0-cı maddənon müddəaları baxımından məhdudiyyət müəyyən etmişdir.Tətbiq edilən norma əsasında bələdiyyələr torpaq ehtiyatlarının miqdarı və tələbat nəzərə alınmaqla torpaq sahələrinin ayırmalıdır. Hazırkı iş üzrə Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarından görünür ki,iddiaçıya göstərilən normanın tələblərinə riayət edilmədən torpaq sahəsi ayrılmışdır.Bu səbəbdən də bələdiyyənin sözügedən qərarı 0,08 ha-dan artıq torpaq sahəsi ayrılması hissəsində etibarlı deyildir.Belə ki,bələdiyyənin həmin torpaq sahəsi ayrılmasına səlahiyyətli olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 saylı qərarına əsasən 0,12 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Məhkəmə hesab edir ki,bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması zamanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: Hazırda iddia olunan torpaq sahəsi Qəbələ şəhərində yerləşdiyindən torpaq sahəsinin ayrılma həddi qanunla 0,08 ha həddində məhdudlaşdırılmışdır. Yəni, bələdiyyənin 0,12 ha torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 saylı qərarına əsasən iddiaçıya nın mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. İddiaçının faktiki istifadəsində 1180 kv.m torpaq sahəsi mövcud olduğundan və torpaq sahəsi ayrılarkən Plan-ölçü səhəsi tərtib edilmədiyindən mülkiyyət hüququnun qeydə alınmalı olduğu 800 kv.m torpaq sahəsinin dəqiq koordinatları qərarın icrası çərçivəsində cavabdeh və torpaq sahəsini ayıran orqan tərəfindən faktiki istifadə (ilkin yerquruluşu planına uyğun olaraq) və ya iddiaçının hüquqi marağına əsasən müəyyən edilə bilər.Hazırkı mübahisə çərçivəsində bu hal cavabdeh tərəfindən mübahisələndirilməmiş və İİİ şəxs tərəfindən etiraz edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə