Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-901/2024 08.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Meşəşambul kəndində yerləşən kənd təsərrüfatı məhsulları üçün ayrılmış 1.0948 torpaq sahəsinə mülkiyyət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşən kənd təsərrüfatı məhsulları üçün ayrılmış 1.0948 torpaq sahəsinə mülkiyyət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-901/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Meşəşambul kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.0948 ha. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 17 mart 1999-cu il tarixli JN-733 KOD 40109018 nömrəli dövlət aktı ilə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin adına qeydiyyata alınaraq Dövlət reyestrindən Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-3808/2023 nömrəli imtina məktubu ilə müraciətimizdən imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Ərizənin icrası ilə bağlı aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı ünvan 1i ünvanında yerləşən 1,0948 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan torpaqların elektron uçot xəritələrində 0,5530 ha qeyd olunmuşdur. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamış və ona sözügedən torpaq sahəsinin qeydiyyata alınması mümkün olan ölçüyə uyğun bütün mülkiyyətçilər tərəfindən notariat qaydasında təsdiq edilmiş razılıq ərizə ilə yenidən müraciət olunması barədə xx.xx.2023-cü il tarixli, 3-21-3- 47/2-3808/2023 (**********08) nömrəli məktub göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN 733 saylı kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə 1.32 ha torpaq sahəsi ayrılmışdır.
3. JN 759 saylı kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 07 saylı qərarı ilə X4 və ailə üzvlərinə 1.95 ha torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı adı qeyd olunmamışdır.
5. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 07 saylı qərarının surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə 1.32 ha torpaq sahəsi ayrılmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-1061/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-3625/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavə.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Balakən rayonu Meşəşambul kəndində yerləşən kənd təsərrüfatı məhsulları üçün ayrılmış 1.0948 torpaq sahəsinə mülkiyyət verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 08 oktyabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :
1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.
2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçının nümayəndəsinin iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən iddiaçıya verimiş JN-733, kod 40109018 Dövlət Aktının DWG və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.İddiaçı adına verilmiş JN-733 kod 40109018 Torpağa mülkiyyət hüququ haqqında dövlət aktında qeyd edilmiş torpaq sahəsi TEKUİS məlumat bazasında 0.55 ha olmaqla kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi işlənilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.76 ha torpaq sahəsinin bir hissəsi TEKUİS məlumat bazasında digər vətəndaşlarım xüsusi mülkiyyətlərinə işlənilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. JN-733 kod 40109018 Dövlət Aktının koordinatlarına əsasən verilmiş 1.0948 ha torpaq sahəsi üzərində digər subyektlərin mülkiyyət hüquqları qeydə alınmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü naturada JN-733 nömrəli Dövlət Aktında qeyd edilmiş torpaq sahəsində azdırsa və TEKUİS məlumatlarında JN-733 nömrəli Dövlət Aktı üzrə torpaq sahəsinin faktiki ölçüsü 1.0948 hektardan az olması ilə bağlı bildiririk ki , həmin ərazidə vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə kompleks yerquruluşu layihələrində göstərilən cizgilərin uyğun olmaması olmuşdur. Faktiki istifadə olunan 0.76 ha torpaq sahəsinin müəyyən bir hissəsi JN-733 kod 40109018 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktı sənədində qeyd edilmiş 1.0948 ha sahəsinin hüdudları daxilinə düşür. iddia olunan və ya faktiki istifadə olunan torpaq sahəsi TEKUİS məlumat bazasında X3 və X1 adına işlənilmiş torpaq sahələrinin müyyən hissələri ilə üst-üstə düşür. Təqdim olunan mütəxəssis rəyinə əlavəyə əsasən müəyyən edilmişdir ki, X2 adına tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarış TEKUİS-ə əsasən deyil həmin kəndin kompleks yerquruluşu layihəsi DWG məlumatlarında göstərilən cizgilərə əsasən verilmişdir. JN-731 və JN-732 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarına əsasən təkrar mülkiyyət hüququ qeydə alınmamışdır Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 1.0948 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki,məhkəmə araşdırması zamanı iddia olunan 1.0948 ha torpaq sahəsinin bir hissəsi üzərində qeydə alınmış hüquq olduğu müəyyən edilmişdir. Nəticə etibarı ilə iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquq mübahisələndirilməli və ya həmin çıxarışların faktiki istifadə olunan torpaq sahəsinə uyğunlaşdırılması həyata keçirilməlidir. İddiaçıya hüquqi yardım qaydasında izah edilir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli nömrəli çıxarış və onun ilkin qeydiyyatı mübahisələndirilə bilər.Həmçinin,əgər torpaq sahəsinin faktiki istifadə vəziyyəti TEKUİS-ə uyğun deyildirsə iddiaçı və üçüncü şəxslər cavabdeh inzibati orqana müraciət etməklə verilmiş hüquqmüəyyənedici sənədlərin TEKUİS-ə uyğunlaşdırılması məsələsini araşdıra bilərlər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Meşəşambul kəndində yerləşən kənd təsərrüfatı məhsulları üçün ayrılmış 1.0948 torpaq sahəsinə mülkiyyət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə