Məhkəmə qərarları › İş №2-1(116)-902/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-902/2020

17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-902/2020 17.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi “Müharibə Veteranı” üçün nəzərdə tutulmuş müavinətin bidəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1975-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. xx xxxxx 1992-ci ildə könüllü olaraq Qarabağa yollanmış və N saylı hərbi hissədə xidmətə başlamışdır. Həmin hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ailə vəziyyəti ilə əlaqədar xx xxxx 1993-cü ildə hərbi hissə komandirinin N saylı əmri ilə ordu sıralarından təxris olunmuşdur. xx xxxxx 1992-ci il tarixdən xx xxxx 1993-cü il tarixədək Ağdam rayonu ərazisində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi üçün uzun müddət aidiyyəti orqanlara müraciət edəndən sonra nəhayət xx xxxxxx 2018-ci il tarixdə ona Qarabağ müharibəsi veteranı adı və bu barədə adına xx.xx.2018-ci il tarixli, 084965 saylı veteran vəsiqəsi verilmişdir. Ona həmin ad və vəsiqə verildikdən sonra lazımı sənədləri cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Ağdaş rayon şöbəsinə təqdim etmişdir. Cavabdeh orqan Qarabağ müharibəsi veteranları üçün dövlət tərəfindən təyin edilmiş müavinəti həmin tarixdən hesablayaraq verməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, veteranların müavinət almaq hüququ “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranları adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli, 257 saylı Fərmanı ilə tənzimlənir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğruda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli, 257 saylı Fərmanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğruda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsi almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Hesab edir ki, həmin Fərman xx xxxxxx 2005-ci il tarixdən qüvvəyə mindiyinə görə ona təyin olunmuş müavinət xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından aslı olmayaraq bu Qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Ona görə də o, ona təyin edilmiş aylıq müavinətin xx xxxxxx 2005-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək hesablanaraq ona verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Ağdaş rayon şöbəsi **********2 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona rəsmi qaydada bildirmişdir ki, Əmək və X2 Nazirliyinin xx xxxxx 2006-cı il tarixli 11/27-12 saylı və xx xxxxxx 2007-ci il tarixli 11/27-10 saylı təlimatı xx xxxxxx 2007-ci il tarixli, 03/3-50 saylı sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq vəsiqəsi Güc strukturları tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyaların qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib verilməlidir. 2018-ci ilin dekabr ayının 21-də verilmiş 084965 nömrəli vəsiqəyə əsasən sizə həmin tarixdən Dövlət X5 Ağdaş rayon şöbəsi tərəfindən müavinət təyinatı aparılaraq xx xxxxxx 2019-cu il tarixə kimi ödəniş olunmuşdur. Odur ki, yuxarıda göstərilən səbəblərdən ərizənizdə qeyd etdiyiniz illər üçün tərəfimizdən təyinatı aparılması mümkünsüzdür. Cavabdehin etirazı: İddiaçı iddia tələbi əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün onu almaq hüququ yaranan gündən ödənilməklə təyin edilir. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MV seriyalı 084965 nömrəli veteranlıq vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Nazirlik yanında Dövlət X5 Ağdaş rayonuna sosial müavinət alınması üçün müraciət etmişdir. Müraciət əsasında ona vəsiqənin verildiyi xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin olunmuşdur. Ödəniş “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq veteran vəsiqəsi alındığı gündən edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, xx.xx.2018-ci il tarixli M/V seriyalı 084965 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, AO seriyalı ******* nömrəli hərbi biletin tədiqlənmiş surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia, həmçinin qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli M/V seriyalı 084965 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəldə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx xxxxxx 2018-ci il tarixdə verilməsi onun “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək müavinət ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək ödənilməmiş müavinətin bir dəfəyə ödənilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar