Məhkəmə qərarları › İş №2-1(116)-904/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-904/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-904/2025 02.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "ATF MMC-yə 108000 (bir yüz səkkiz min) manat əlavə vergi hesablanmasına dair cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-15/2-10305/2024nömrəli qərarı ləğv edilməsi və "xxxx" MMC tərəfindən artıq ödənilmiş vergi məbləğindən silinmiş 108000 (bir yüz səkkiz min) manat pul məbləğinin artıq ödənilmiş vergi məbləğinə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 108000 (bir yüz səkkiz min) manat əlavə vergi hesablanması barədə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-15/2-10305/2024nömrəli qərarı ləğv edilməsi və "xxxx" MMC tərəfindən artıq ödənilmiş vergi məbləğindən silinmiş 108000 (bir yüz səkkiz min) manat pul məbləğinin artıq ödənilmiş vergi məbləğinə əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını "xxxx" MMC (VÖEN: **********) ilə alqı-satqı əməliyyatları aparılan zaman sonuncunun riskli vergi ödəyicisi olmaması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-15/2-10305/2024 nömrəli qərarın ləğv edilməsini, ATF MMC tərəfindən artıq ödənilmiş vergi məbləğindən silinmiş 108000 (yüz səkkiz min) manat pul məbləğinin artıq ödənilmiş vergi məbləğinə əlavə edilməsi öhdəliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmasını bildirmişdir. Daha sonra iddiaçı ərizəsində onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisə ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarıldığını, halbuki alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisə riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmadığını, sübut kimi iddia ərizəsinə əlavə etdiyi sənədlər ilə iddiaçının alqı-satqı əməliyyatları həyata keçirdiyi müəssisə alqı-satqı əməliyyatları aparılan tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edildiyini, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən hüquqi şəxsin xx.xx.2003-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “Avtomobil yollarının, küçələrin, şose, avtomobil nəqliyyatı üçün digər yolların tikintisi” olduğu müəyyən edilmişdir. İddiaçının ərizəsində barəsində qəbul edilmiş 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi dəlilinə münasibət bildirərək qeyd etmək istəyirik ki, müvafiq kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********831800 nömrəli məktub göndərilmiş, müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlər təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-15/2- 10305/2024 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Bildirik ki, "xxxx" MMC-nin (VÖEN: **********) 2023-cü ilin 20-27 dekabr tarix aralığında təqdim etdiyi malların istehsalı və təqdim etməsinin real ola bilməməsi səbəbindən qeyd olunan elektron qaimə-fakturalar riskli elektron qaimə-fakturalar siyahısına əlavə edilmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyindən ATF MMC-yə (VÖEN: 6********) xx.xx.2024-cü il tarixli **********132900 nömrəli qərarla 2024-cü ilin iyun ayına dair ƏDV bəyannaməsində 108.000,0 manat ƏDV əvəzləşmədən çıxarılaraq əlavə vergi məbləği hesablanmışdır. Bundan əlavə 2023-cü ilin 20-27 dekabr tarix aralığında ATF MMC (VÖEN: 6********) və "xxxx" MMC (VÖEN: **********) arasında olan alqı-satqı əməliyyatlarının sonradan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin əməkdaşının "xxxx" MMC-nin (VÖEN: **********) etibarnamə əsasında nümayəndəsi olan X1 xx.xx.2024-cü il tarixli izahatında qeyd edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərib (halhazırda fəaliyyət göstərmir) və həmin ünvan "xxxx" MMC 2023-cü ilin sentyabr ayından icarə müqaviləsi əsasında fəaliyyət göstərir (izahat, akt və etibarnamə ərizəyə əlavə olunur). Göstərilənlərlə bağlı bildiririk ki, keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı "xxxx" MMC-nin (VÖEN: **********) etibarnamə əsasında nümayəndəsi olan X2 xx.xx.2024-cü il tarixli izahatı və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin əməkdaşının iştirakı ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli akt əsasında "xxxx" MMC-nin Qusar rayonu Həsənqala kəndində yerləşən qumçınqıl karxanasında faktiki fəaliyyət göstərməməsi, anbar və ya mal qalığının olmaması səbəbindən əmtəəsiz əməliyyat apardığı müəyyən edilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********499600 nömrəli qərarı ilə iddiaçının əməliyyatlar həyata keçirdiyi "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Əlavə olaraq iddiaçının alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisənin riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmadığını, sübut kimi iddia ərizəsinə əlavə etdiyi sənədlər ilə iddiaçının alqı-satqı əməliyyatları həyata keçirdiyi müəssisə alqı-satqı əməliyyatları aparılan tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edildiyi qənaətinə münasibətdə bildiririk ki, bu dəlil formal olmayaq əsaslı yanaşma əsasında dəlildir. Ona görə ki, yuxarıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddia ilə apardığı əməliyyatlar riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. İddiaçı tərəfindən silinmiş 108.000,0 (yüz səkkiz min) manat pul məbləğinin artıq ödənilmiş vergi məbləğinə əlavə edilməsi ilə bağlı cavabdehə hər hansı müraciət etməməsinə görə iddia həmin hissədə mümkün sayılmamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 iyul 2024-cü il tarixli 3-21-2-15/2-10305/2024 nömrəli qərar;

2. Cavabdehin etiraz məktubu və ona əlavə edilən sənədlər.

Əsaslandırma hissəsi

Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli Qərardadına əsasən iddia tələbi “ATF" MMC tərəfindən artıq ödənilmiş vergi məbləğindən silinmiş 108000 (bir yüz səkkiz min) manat pul məbləğinin artıq ödənilmiş vergi məbləğinə əlavə edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-15/2-10305/2024 nömrəli qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2024-ci il tarixində verildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mümkün hesab edilən hissədə mahiyyət etibarı ilə də əsaslıdır. Cavabdeh tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) 2023-cü ilin 20-27 dekabr tarix aralığında təqdim etdiyi malların istehsalı və təqdim etməsinin real ola bilməməsi səbəbindən qeyd olunan elektron qaimə-fakturalar riskli elektron qaimə-fakturalar siyahısına əlavə edilməsi və Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyindən ATF MMC-yə (VÖEN: 6********) xx.xx.2024-cü il tarixli **********132900 nömrəli qərarla 2024-cü ilin iyun ayına dair ƏDV bəyannaməsində 108.000,0 manat ƏDV əvəzləşmədən çıxarılaraq əlavə vergi məbləği hesablanmışdır. İş materillarından müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC ilə arasında alqı-satqı əməliyyatları 2023-cü ilin 20-27 dekabr tarix aralığında aparılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********499600 nömrəli qərarı ilə iddiaçının əməliyyatlar həyata keçirdiyi "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir. Mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan vergi qanunvericiliyinin müddəalarına əsasən iddiaçı tərəfindən müqavilə tərəfinin riskli vergi ödəyicisi olduğunu müəyyən etməklə bağlı hər hansı öhdəliyi və araşdırma imkanı mövcud olmamışdır. Müqavilənin digər tərəfi "xxxx" MMC alqı-satqıdan təxminə 4 ay sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki,Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.(Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2023 saylı 22.xx.xx.2024-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutubtutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-480/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır . İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əlavə vergi hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-15/2-10305/2024 nömrəli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar