Məhkəmə qərarları › İş №2-1(116)-906/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-906/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-906/2021 27.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Zaqatala rayon 2 saylı Notariat ofisinə müraciət edərək mərhum əri X1 qalmış bütün miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh 29 dekabr 2020-ci il tarixli 1194 nömrəli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 20 aprel 2021-ci il tarixli cavabdehin 439 saylı məktubu ilə razılaşmadığını bildirmiş, məhkəmədən X1 miras qalmış fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1644 ha olan torpaq sahəsinin mərhum X3 oğluna aid hissəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.5058 ha torpaq sahəsinin mərhuma aid hissəsi üzərində İddiaçı ¼ hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini Zaqatala rayon 2 saylı Notariat Ofisininin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 08.05.2021ci il tarixdə 10 (on) gün müddətində vaxt təyin edilməklə iddiaçıya məktub göndərilmişdir. İddiaçı məhkəmənin mövqeyinə münasibətində qeyd etmişdir ki, həmin tələblə bağlı Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, lakin ona cavabdehin inzibati orqan olması səbəbindən mübahisəyə Şəki İnzibati Məhkəməsində baxılmalı olması bildirilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zaqatala rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 2(033)-769/2020 saylı qətnaməsi, - Zaqatala Rayon Məhkəməsinin 25.12.2020-ci il tarixli 2(033)-769/2020 saylı qərardadı, - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(107)- 725/2021 saylı qərardadı Əsaslandırma hissəsi : İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisin qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 2(033)-769/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının tanınması tələbinə dair iddia ərizəsi təmin edilmiş, X1 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 157.8 kv.m olan fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0.1644 ha olan torpaq sahəsinin mərhum X3 oğluna aid hissəsinə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.5058 ha torpaq sahəsinin mərhuma aid hissəsinə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 25.12.2020-ci il tarixli 2(033)-769/2020 saylı qərardadından görünür ki, Zaqatala rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 2(033)-769/2020 saylı qətnaməsinin izah edilməsi barədə Zaqatala rayon 2 saylı Notariat Ofisinin ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(107)-725/2021 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Gözəl İsgəndərovanın notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 29 dekabr 2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli 2(033)-247/2021 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, müvafiq qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin cavadeh tərəfindən ona verilməsinə nail olmaqdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 3-cü bəndində “vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aid edilmişdir. Həmin qanunun 26-cı maddəsinə əsasən xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. Müvafiq şəhadətnamənin verilməsindən imtina olunması notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtina edilməsi kimi qiymətləndirildiyinə görə verilmiş şikayətlərə də xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) MPM-in 305.1, 305.1.8-ci maddəsinin tələbinə uyğun olara ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, MPM-nin 305.1ci maddəsində xüsusi icraat qaydasında baxılmalı olan işlərin dairəsi konkret müəyyən edilmiş, həmin maddənin 8-ci bəndində notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında baxılması birmənalı təsbit edilmişdir. Həmçinin MPM-nin 25.2-ci maddəsində qeyd edilmişdir ki, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından və qanunvericilikdə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid edildiyindən iddia mümükün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar