Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-906/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1964-cü il tarixli 118 nömrəli doğum akt qeydində soyadının Nuruyev deyil “Nuriyev”, ana adının Ruqiyyə deyil “Urqiyə” ananın ata adının 027704 nömrəli doğum haqqında şəhadətnamədə göstərildiyi kimi “Yusif” olaraq qeyd edilməsi, həmçinin 528334 nömrəli şəhadətnamədə ata adının Rəsul deyil “Rasul” qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ““İddiaçı məxsus doğum akt qeydində düzəliş edilərək, soyadının Nuruyev deyil “Nuriyev” adının İsrafil deyil “İsrəfil” ata adının Rəsul deyil “Rasul” ,ana adının Ruqiyyə deyil “Urqiyə” , ananın ata adının İsmayıl deyil “Yusif” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirərək “xx.xx.1964-cü il tarixli 118 nömrəli doğum akt qeydində soyadının Nuruyev deyil “Nuriyev”, ana adının Ruqiyyə deyil “Urqiyə” ananın ata adının 027704 nömrəli doğum haqqında şəhadətnamədə göstərildiyi kimi “Yusif” olaraq qeyd edilməsi, həmçinin 528334 nömrəli şəhadətnamədə ata adının Rəsul deyil “Rasul” qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, onun barəsində tərtib edilmiş doğum akt qeydində özünün soyadının, anasının adının, anasının ata adının düzəliş edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, akt qeydinə düzəliş üçün kifayət qədər əsas olmadığından iddiaçının müraciətinin təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat veərərk məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-675/2022 nömrəli qətnaməsindən görünür ki, Yevlax rayonu Tanrıqullar kənd ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.72 ha torpaq sahəsinə dair Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə verilmiş JN-446 nömrəli, xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum X2 məxsus olması faktı müəyyən edilmişdir. - xx.xx.1964-cü il tarixli 118 nömrəli akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının soyadı “Nuruyev”, adı “İsrafil”, ata adı “Rasul”, anasının adı “Ruqiyyə”, anasının ata adı “İsmayıl” qeyd edilmişdir. - AZ-İİ 171143 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2001ci ildə vəfat etmişdir. - X3 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1918-ci ildə doğulmuş, xx.xx.1970-ci ildə 319 nömrə ilə qeydiyyata alınmışdır. X1 qeyd edilmişdir. - ИЕ 400070 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 1913-cü ildə doğulmuş və xx.xx.1951-ci ildə Samux rayon Qeydiyyat şöbəsində 305 nömrə ilə qeydiyyata alınmışdır. - Samux rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X6 adına xx.xx.1946-cı il tarixli 21 nömrəli doğum, X9 adına xx.xx.1947-ci il tarixli 45 nömrəli doğum, X7 adına xx.xx.1950-ci il tarixli 28 nömrəli doğum və X10 adına xx.xx.1953-cü il tarixli 07 nömrəli doğum haqqında akt qeydlərinin Samux rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunduğu müəyyən olunmuşdur. Bununla bağlı Samux rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydləri yoxlanılmış, lakin, qeyd olunan doğum haqqında akt qeydləri Samux rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. http://e-qanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3.-cü bənddə vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsinə əsas olan hallardan biri olaraq olaraq göstərilmişdir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İş materiallarından göründüyü kimi iddiaçının və onun digər bacı və qardaşlarının soyadları “Nuriyev” olduğu halda doğum akt qeydində soyadı “Nuruyev” qeyd edilmişdir. Həmçinin, iddiaçının anasının adının doğum haqqında şəhadətnamə, AZ-İİ 171143 nömrəli ölüm haqqında şəhadətnamə və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-675/2022 nömrəli qətnaməsi ilə Urqiyə olması müəyyən edildiyi halda, doğum haqqında akt qeydində Ruqiyyə göstərilmişdir. İddiaçının anasının ata adının “Yusif” olması da işdə mövcud olan sənədlərdən aşkar görünür. Buna baxmayaraq iddiaçıya məxsus doğum akt qeydində iddiaçının anasının ata adı İsmayıl olaraq qeyd edilmişdir. ИЕ 400070 nömrəli doğum haqqında şəhadətnamə ilə müəyyən edilir ki, iddiaçının atasının adı “Rasul“ qeyd edilmişdir. Buna baxmayaraq, iddiaçıya məxsus 528334 nömrəli şəhadətnamədə ata adı yanlışlıqla “Rəsul” qeyd edilmişdir. Sadalan hallar onu deməyə əsas verir ki, hazırkı tələbdə qeyd edilmiş məlumatlara düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı barəsində xx.xx.1964-cü il tarixli 118 nömrəli doğum akt qeydində soyadının Nuruyev deyil “Nuriyev”, ana adının Ruqiyyə deyil “Urqiyə” ananın ata adının 027704 nömrəli doğum haqqında şəhadətnamədə göstərildiyi kimi “Yusif” olaraq qeyd edilməsi, həmçinin 528334 nömrəli şəhadətnamədə ata adının Rəsul deyil “Rasul” qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.