Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-907/2022 05.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “həyat yoldaşı X1 Qarabağ müharibəsi zamanı şəhid olmasına istinadən şəhid ailələri üçün nəzərdə tutulmuş 11.000 manat məbləğdə pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həyat yoldaşı X1 Qarabağ müharibəsi zamanı şəhid olmasına istinadən şəhid ailələri üçün nəzərdə tutulmuş 11.000 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X2 22.07.1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. İddiaçı şəhid ailələri üçün nəzərdə tutulmuş 11.000 manat məbləğində vəsaitin ona ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-1(112)-12091/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş 11.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçıya 25.02.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddia ərizəsinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya verilmiş imtina məktubu əlavə edilmədiyindən iddia qaldırılanadək cavabdeh orqana iddiaçı tərəfindən inzibati qaydada müraciət edilib-edilmədiyi, cavabdehin iddiaçının müraciətinə münasibəti iş materialları ilə müəyyən olunmur. İddiaçıya cavabdehə müraciət etməsini təsdiq edən sənədi və ya imtina məktubunu 5 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etmək təklif olunmuşdur. İddiaçı hüquqi yardım məktubunda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmiş və qeyd edilən nöqsanı aradan qaldırmamışdır. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə hazırlıq iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, onda cavabdehin imtinasının olmadığını, şifahi müraciətinə isə imtina cavabı verildiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl analoji tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırılanadək hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında onda belə bir sənədin olmadığını bildirmişdir. Həmçinin, iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olan zaman Məhkəmənin dəftərxana müdiri, kargüzar və böyük mütəxəssisinin iştirakı ilə tərtib edilmiş 03.11.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, 30.10.2021-ci il tarixdə məhkəməyə İddiaçı tərəfindən poçt vasitəsilə göndərilmiş iddia ərizəsinin qoşmasında göstərilən sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən arayış, imtina məktubu) zərfdə aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçı mübahisə predmeti ilə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməli olduğu halda, onun tərəfindən belə bir müraciət edilmədiyindən, işin qeyd olunan halı iddiaçının ilkin müraciəti və cavabdehin məhz ona müvafiq imtinası ilə öz təsdiqini tapdığından iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “həyat yoldaşı X1 Qarabağ müharibəsi zamanı şəhid olmasına istinadən şəhid ailələri üçün nəzərdə tutulmuş 11.000 manat məbləğdə pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-907/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-907/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver