Məhkəmə qərarları › İş №2-1(116)-908/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-908/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-908/2023 27.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “özünə məxsus doğum haqqında akt qeydində adının “Sədaqət” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan X2 məxsus doğum haqqında akt qeydində adının “Sadaqət” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Sədaqət” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Həmidova(Rəfiyeva) Sədaqət Nurəddin qızı 24 fevral 1965-ci ildə Qulqaşen (indiki Qəbələ) rayonu, Tikanlı kəndində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi almaq üçün Qəbələ regional “ASAN xidmət” mərkəzi Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə müraciət etmiş və onun vaxtilə Mıxlıqovaq kənd Sovetliyi tərəfindən xx.xx.1965-ci ildə tərtib edilmiş 103 nömrəli doğum haqqında akt qeydində adı “Sədaqət” əvəzinə səhvən “Sadaqət” kimi qeyd olunmuşdur. Həmçinin, doğum və nikah haqqında şəhadətnamədə (arayışda), mülkiyyət sənədlərində və s. digər sənədlərdə Həmidova(Rəfıyeva) Sədaqət Nurəddin qızı kimi yazılmışdır. Hal-hazırda şəxsiyyət vəsiqəsi almaq istəsə də, adı Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında “Sadaqət” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. Cavabdehnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etsə də, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 30 nömrəli Tikanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabından görünür ki, Həmidova (Rəfiyeva) Sədaqət Nurəddin qızı X4 təsərrüfatında qeydiyyatdadır. - Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli qərarından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - xx.xx.1983-cü il tarixli 26 nömrəli nikahın bağlanması haqqında akt qeydindən və xx.xx.2022-ci il tarixli 05/458 nömrəli arayışdan görünür ki, X9 və X5 arasında nikah bağlanmışdır. - АЗ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. - may 1965-ci il tarixli 103 nömrəli doğum akt qeydindən görünür ki, X7 xx.xx.1965ci il tarixdə anadan olmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı doğum haqqında ilkin akt qeydində “Sadaqət” qeyd edilmiş və ona həmin akt qeydi əsasında verilmiş АЗ ******* nömrəli doğum haqqında şəhadətnamədə adı “Sədaqət” qeyd edilmişdir. İstinad olunna doğum haqqında şəhadətnamədə iddiaçının adını “Sədaqət” qeyd edən orqanla, ilkin doğum haqqında akt qeydində “Sadaqət” adını yazan orqan eyni qurum (Mıxlıqovaq kənd Sovetliyi) olmuşdur. Bu isə o deməkdir ki, müvafiq akt qeydində yol verilmiş yanlışlığı aradan qaldıraraq “Sadaqət” adının qeyd edildiyi şəhadətnaməni təqdim edən orqan, özündə saxladığı müvafiq akt qeydləri kitabına düzəliş etməmişdir. İddiaçı isə uzun illər ərzində onda olan doğum haqqında şəhadətnamənin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində adının “Sadaqət” qeyd edilməsi ona məxsus akt qeydində “Sadaqət” qeyd edilmiş adına düzəliş edilməsi üçün kifayət qədər əsas yaradır. Bundan başqa işdə olan digər sənədlərdən görünür ki, iddiaçı barəsində tərtib edilmiş bütün sənədlərdə faktiki olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamə məlumatlarına istinad olunmaqla iddiaçının adı “Sədaqət” qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı məxsus məxsus may 1965-ci il tarixli 103 nömrəli doğum akt qeydinə ad qrafasına “Sədaqət” kimi yazılaraq düzəliş olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar