Məhkəmə qərarları › İş №2-1(116)-91/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-91/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-91/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarının ləğv edilməsi və qiymətləndirilmənin aparıldığı xx.xx.2022-ci il tarixdən ona üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 35-60% pozulması halına görə) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlillik pensiyasının kəsilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi, onun üzərinə əlillik pensiyasının bərpası öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2008-ci ildən dayanıqlı kəskin ifadəli somatoform pozuntu folik sindrom suisidal fikirlər və cəhdlərlə, şəxsiyyətin nevrotik inkişafı depressiv sindrom diaqnozlu xəstəlikdən əziyyət çəkir. Hələ uzun illər əvvəl Amur vilayətində yaşayarkən çox saylı şikayətlərlə psixiatrlara müraciətlər etmiş və orada iki dəfə stasionar müalicə almışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra da bu şikayətlər azalmayıb, əksinə artmışdır. İki il N.İsmayılovdan müalicələr almış, sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, X4 Dispanserində, X2 Xəstəxanasında, Gəncə Şəhər Psixiatriya Xəstəxanasında, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında, Zərdab Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr almışdır. Bu illər ərzində Zərdab Rayon Mərkəzi Xəstəxanasında dərman qeydiyyatına alınmış, daima dərman qəbul etmişdir. Beləliklə, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə ümumi xəstəlikdən 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir, daha sonra xx.xx.2015-ci il tarixdə 2-ci dərəcə əlillik bir illik təyin edilmişdir. Daha sonra 2016-cı ilin fevral ayının 12-dən 5 illik təyin edilmişdir. 2021-ci ilin fevral ayının 12-dən isə ona təyin edilmiş əlillik dərəcəsi ləğv edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli imtinasından görünür ki, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və ona əlillik təyin olunmasında imtina edilmişdir. İmtinaya əsas dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Həkim rəyində qeyd edilir ki, xəstəliyin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığı nəzərə alınaraq, əmək müqaviləsi üzrə işləməsi və aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-12362/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0260003AABB2 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, siüsidial fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0260003AAGRD saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, fobik sindromla. Suisidal fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı. Depressiv sindrom. Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod. Fobiyalı həyəcan pozğunluqları. Davranış pozğunlu. Yuxu pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AAKJB saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.0 - Somatikləşdirilmiş pozğunluq; Diaqnozun mətni: Əsas diaqnoz F45.2 İpoxondrix pozğunluq, Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, fobik sindromla. Suisidal fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı. Depressiv sindrom Ağırlaşma F91 Davranış pozğunluğu, Davranış pozğunluğu Ağırlaşma F40 Fobiyalı həyəcan pozğunluqları, Fobiyalı həyəcan pozğunluqları Ağırlaşma F32.2 Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod Yanaşı xəstəliklər G47 Yuxu pozğunluğu, Yuxu pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Psixi qüsurun ağırlıq dərəcəsini və dinamikasını dəqiqləşdirmək üçün digər ixtisaslaşmış tibb müəssisəsində müayinə tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALXC saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: F45.2 İpoxondrix pozğunluq, Dayanıqlı kəskin ifadə olunmuş somatoform pozuntu, ipoxondrik nevroz, fobik sindromla. Suisidal fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı. Depressiv sindrom Ağırlaşma F40 Fobiyalı həyəcan pozğunluqları, Fobiyalı həyəcan pozğunluqları Ağırlaşma F32.2 Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod Ağırlaşma F91 Davranış pozğunluğu, Davranış pozğunluğu Ağırlaşma R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və, Qavrama və dərketmə geriliyi Yanaşı xəstəliklər G47 Yuxu pozğunluğu, Yuxu pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, əmək müqaviləsi üzrə işləməsi və aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarının ləğv edilməsi və qiymətləndirilmənin aparıldığı xx.xx.2022-ci il tarixdən ona üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 35-60% pozulması halına görə) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. İddiaçının cavabdehə ilkin müraciət etdiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 1008 nömrəli ekspert rəyində qeyd olunur ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmətibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı Zərdab Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-ci il tarixdə müayinə zamanı “F45.2- ipoxondrik pozğunluq. Dayanıqlı kəskin ifadə olunmuş somatoform pozuntu, ipoxondrik nevroz, fobik sindromla. Suisidal fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom. Ağırlaşma: F40-Fobiyalı həyəcan pozğunluqları. F32.2 - Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod; F91-Davranış pozğunluğu. R41.8-Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və Qavrama və dərketmə geriliyi. Yanaşı xəstəliklər: G47 yuxu pozğunluğu” müəyyən edilmişdir. Hazırda onun diaqnozda göstərilən xəstəliklərlə əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Xəstəlik kəskinləşdiyi halda həkim psixiatrda müayinə və müalicə oluna bilər. Əlilliyin təyini məhkəmə-tibbi ekspertin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktub ünvanlanaraq aşağıda sadalanan sualların cavablandırılması xahiş olunmuşdur: 1.Ekspert rəyinə əsasən komissiya tərəfindən gəlinmiş nəticədə göstərilən diaqnoz əlillik təyin edilməsi üçün əsas verirmi? 2.Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? 3.Həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur? Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2023-cü il tarixli, 3-17-4/2-7290/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən elektron qiymətləndirilir. Məlumat üçün bildirilir ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə “ümumi xəstəlik” səbəbindən “ipoxondrik pozuntu, dayanıqlı kəskin ifadəli somatoform pozuntu, fobik sindrom, suisidial fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv daxilolmalarla” diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının C00011871ELY nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması” (Səbəb: Xəstənin əmək müqaviləsi var, əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib) qərarı verilmişdir. Göndərişin təhlili zamanı 2013-2019-cu illər ərzində heç bir stasionar müalicələr almaması, psixi statusun səthi qeyd edilməsi, həmçinin diaqnozla aktiv əmək müqaviləsi arasında uyğunsuzluğun olması müəyyən edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair dövlət səhiyyə müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır. Məktubda qeyd olunan sualların cavablandırılması:

1. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3" PHŞ-nin 1008 saylı ekspert rəyində (bundan sonra - ekspert rəyi) göstərilən “İpoxondrik pozğunluq. Dayanıqlı kəskin ifadə olunmuş somatoform pozuntu. İpoxondrik nevroz, fobik sindromla. Suisidial fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom. Fobiyalı həyəcan pozğunluqları. Davranış pozuntuları. Qavrama və dərketmə geriliyi.” diaqnozu göndərişdə qeyd edilən tibbi-diaqnostik məlumatlarla (anamnestik məlumatlar, ixtisas həkimlərinin rəyi, klinik, instrumental müayinələr, müalicə tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator mexanizmlərinin vəziyyəti, klinik proqnoz və s.) təsdiqini tapdığı halda əlillik təyinatına əsas verə bilər. 2.Ekspert rəyində göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25. bəndinə (etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması) uyğun gəlir. 3.Ekspert rəyində göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1. bəndinə (fərdin fəaliyyətinə mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılara münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) uyğundur. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə daxil olmaqla iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunsa da iddiaçının müraciətinə müvafiq olaraq təyinat aparılmamış və ona təyinat aparılmasından imtina edilmişdir. Məhkəmə araşdırması ilə iddiaçının sağlamlıq vəziyyətini əks etdirən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə, orqanizmin funksiyalarının pozulmasının 35-60 faizinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/2- 7290/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya münasibətdə sonuncu dəfə xx.xx.2022-ci ildə elektron qiymətləndirmə aparılmış və “Əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina qərarı verilmişdir. İddiaçı məhz bu səbəbdən iddia tələbində müvafiq dəqiqləşmə apararaq həmin imtina qərarının ləğvini tələb etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddia təmin edilsin. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilməklə, qiymətləndirilmənin aparıldığı xx.xx.2022-ci il tarixdən İddiaçı üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 35-60% pozulması halına görə) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar