Məhkəmə qərarları › İş №2-1(116)-910/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-910/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-910/2020 25.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Müxtəlif təşkilatlarda və kolxozda işləmiş, hərbi xidmətdə olmuşdur. 2006-cı il tarixədək hərbi xidmətlə birlikdə cəmi 22 il 8 ay stajı vardır. 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmalı olduğu halda, bu günə qədər pensiya təyin olunmamışdır. Belə ki, o, 2013-2016-cı illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ödədiyi məbləğlərin fərdi hesabına işlənilməsi üçün dəfələrlə cavabdeh orqana müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. 40400058-230 saylı akta əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ona ******* və **********6 sığortaedənin uçot nömrəsi verilmişdir. O, 2013-cü ildə 1 dəfə olmaqla 20,0 manat, 2014-cü ildə 3 dəfə olmaqla 17,0 manat, 2015-ci ildə 5 dəfə olmaqla 100,0 manat, 2016-cı ildə 4 dəfə olmaqla 100,0 manat qeyd etdiyi uçot nömrələri üzrə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin cavabdeh orqan tərəfindən ona **********213 №-li Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. Lakin bu qədər ödədiyi vəsaitdən heç biri fərdi hesabına işlənilməmişdir. O, bu barədə cavabdeh orqana yazılı ərizə ilə müracət etmişdir. Lakin orqan tərəfindən ona vaxtında hesabat təqdim etmədiyindən ödədiyi vəsaitlərin fərdi şəxsi hesabına işlənilmədiyi bildirilmişdir. Lakin ilk vəsaiti ödədiyi xx.xx.2013-cü il tarixdən bu günə qədər ona hesabat təqdim etməyi barədə rəsmi məktub göndərilməmiş, xəbərdarlıq edilməmişdir. Cavabdeh orqan tərəfindən məcburi inzibati icraat tədbirləri görülməmişdir. Nəticədə şöbə tərəfindən onun konstitusiyon hüquqları pozulmuşdur. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan iddianın dəqiqləşdirilməsi barədə ərizəsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək penisyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün yaşı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən, xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərə, əmək kitabçası, hərbi bileti, diplomunun surətlərinə əsasən 11 il 6 ay 23 gün mübahisələndirilməyən stajı və 8309.0 manat pensiya kapitalı mövcuddur. Mübahisələndirilən stajı isə Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 34 №-li arayışa əsasən 1987-1997-ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiyi müddətdir. Çünki, həmin illər əmək kitabçasında qeyd olunmamışdır. Həmin arxiv arayışına əsasən iddiaçının sosial sığorta stajı 9 il 10 aydır. (6 il minimum bitirən illər - 1988-1993; minimum bitirməyən illər- 1987, 1994-1997-861: 220 = 3.9 x 12 = 46 ay - 3 il 10 ay). Cəmi iş stajı 21 il 4 ay təşkil edir. İddiaçı tələbində 2013-2016-cı illərdə kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarına görə xx.xx.2019-cu il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1 maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi iddiasını qeyd etmişdir. Lakin iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. Nəticədə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə pensiya kapitalı qeydə alınmamışdır. Buna görə də iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1 maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyini mümkün olmamışdır. Həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya 23040 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki iddiaçı xx.xx.1955-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuşdur. İş materiallarında olan Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 34 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1987-1997-ci il tarixində Şəki rayonu Oxud kənd Nərimanov adına kolxozda işləmişdir. İş materiallarında olan JN seriyalı 2xx xxx 40400058 nömrəli Torpağa mülkiyyət hüququna dair aktın təsdiqlənmiş surətindən görünür ki, 1.31 ha kənd məhsulları istehaslı məqsədli torpaq sahəsi Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin təsdiqlənmiş surəti, Mədaxil qəbzlərinin təsdiqlənmiş surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinin qeydinə əsasən kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, hər il 6 ay artırılır. İddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının cəmi 21 il 4 ay sığorta stajı var. İş materiallarında olan ödəniş qəbzlərinin müəyyən olunur ki, iddiaçı cəmi 13 ay torpağa görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir ki, həmin müddət də onun onun digər stajı ilə toplandıqda tələb olunan 25 il staj tamamlanmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. İddiaçının mülkiyyətçisi olduğu 40400058-230 saylı torpaq aktına verilən 2013-cü ildə 1 dəfə olmaqla 20,0 manat, 2014-cü ildə 3 dəfə olmaqla 17,0 manat, 2015-ci ildə 5 dəfə olmaqla 100,0 manat, 2016-cı ildə 4 dəfə olmaqla 100,0 manat qeyd etdiyi uçot nömrələri üzrə məcburi dövlət sosial sığorta haqqı ödənməsi və müvafiq olaraq “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən pensiya hüququnun yaranmasına dair məhkəmə aşğıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; Məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək penisyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar