Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-910/2024 19.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçının tam reabilitasiya olunması barədə qəbul etdiyi qərar ləğv edilsin və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçının tam reabilitasiya olunması barədə qəbul etdiyi qərar ləğv edilsin və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının tam reabilitasiya olunmağı barədə cavabdehin qəbul etdiyi qərarının ləğv edilməsi və həmin tarixdən iddiaçının əlilliyinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, xx xxxxx 1976-cı ildə Göyçay rayonun Çərəkə kəndində anadan olmuş, 23 may 1994-cü il tarixdə Göyçay RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdən 20 sentyabr 1996-cı ilə kimi müxtəlif cəbhələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 20 sentyabr 1996-cı ildə Füzuli rayonunun Alxanlı kəndində düşmənin açdığı snayper gülləsi nətcəsində yaralanmışdır. Həmin tarixdən N sentyabr 1996-cı ilə kimi N saylı hərbi hissədə, N sentyabr 1996-cı ildən 22 aprel 1997-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müayinə və müalicə olunmuşdur. Aldığı xəsarətlər və ona qoyulmuş diaqnoz “4 qabırğanın sınığı ilə hemoplevmotoraksla fəsadlaşmış döş qəfəsinin sağ yarısının odlu silah-dəlib keçən güllə yaralanmasının nəticələri, sağ bazu kələfinin zədələnməsi, ağ ciyər zədələnməsi, aşağı ilkin dəstənin kontuziyası, sağ yuxarı ətraf funksiyaların mötədil dərəcədə pozulması” olmuşdur. 22 aprel 1997-ci ildə müalicə başa çatmış və səhhəti qismən düzəldiyindən müalicənin evdə davam etdirilməsi üçün xəstəxanadan buraxılmışdır. Xəstəxanadan buraxıldıqdan sonra 2-ci qrup əlillik təyin edilmişdir. 1997-ci ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasında, həmçinin Əlillərin bərpa mərkəzində dəfələrlə müayinə və müalicə olunmuşdur. Hər dəfə növbəti həkim komissiyasından keçmiş və 24 sentyabr 2007-ci ildən ömürlük əlilliyə çıxmışdır. 01 sentyabr 2023-cü ildə iddiaçı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq mənə avtomobil verilməsi üçün müraciət etmişdir. Bundan sonra 18 sentyabr 2023-cü ildə Agentlikdə qəbulda olmuş, bundan sonra iddiaçı həkim komissiyası tərəfindən qəbul edilmişdir. İddiaçıya tam rebilitasiya olduğu barədə 11 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 oktyabr 2023-cü il tarixli, 3-17-4/2-H-28180/2023 nömrəli məktub təqdim edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1997ci il tarixli 431 nömrəli Qərar verilmişdir. Həmin qərarda “İV-cü Qabırğanın sınığı ilə hemopnevmotoraksla fəsadlaşmış döş Qəfəsinin saq yarısının odlu silah-dəlib keçən qüllə yaralanmasının 20.09.96-cı il nəticələn, sağ bazu kələfinin zədələnməsi aşağı ilkin dəstənin kontuziyası, sağ yuxarı ətraf funksiyaların mötədil dərəcədə pozulması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı döş qəfəsinin sağ ön və arxa səthlərində çapıqlar, sağ tərəfli torakosintez əməliyyatının çapığı, qarının ön divarında orta xətt üzrə göbəkdən yuxarıda hemıoplastika əməliyyatına müvafiq çapıq izlənmişdir. Müayinə zamanı çəkisi 74 kq, boyu 172 sm, saturasiyası SpO2 98%, nəbzi 120 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmişdir. Nevroloii müayinə zamanı sağ əlin İ daraqarası əzələlərinin hərəkətləri tam olmuş, sağ yuxarı ətrafda triceps refleksi sol tərəfə nisbətən bir qədər enmiş, hər iki əlin ovuc səthində fiziki işlə məşğul olmağa məxsus qabarlar izlənmişdir. Ekspertiza üçün əhəmiyyətli olan müayinə və müalicə sənədləri təqdim edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli 515 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC 77.41%, FEV1 86.82%" kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişə əsas verməmişdir. Məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: 1.İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. 2.İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixldə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. 3.Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-910/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. 4.Cavabdehin 3-17-4/3-3-17825/2023 nömrəli Qərarından görünür ki,iddiaçının tam reabilitasiyası barədə qərar qəbul edilmişdir. 5.Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2718 nömrəli rəyi. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2007-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən “Döş qəfəsinin sağ yarısının dəlib-keçən güllə yarası. Sağ İV qabırğanın sağ bazu kələfinin zədələnməsi Sağ bazu kələfinin travmatik pleksiti diaqnozu qoyulmuşdur. Həmin diaqnoz iddiaçıya ilkin olaraq əlilliyin təyin olunduğu 1997-ci il tarixli diaqnozlarla eyni olmuşdur. Hazırkı iş materiallarından görünür ki,iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, öz qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə gəlmişdir. Məhkəmənin qərardadına əsasən təqdim edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2718 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Göyçay rayon mərkəzi xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişində qeyd edilmiş Diaqnozun mətni: Doş qəfəsinin sağ yarısının dəlib-keçən güllə yarası, sağ İV qabırğanın, sağ bazu kələfinin zədələnməsi, sağ bazu kələfinin travmatik pleksiti” diaqnoz şəxsin əyani müayinəsində döş qəfəsinin sağ yarısında güllə yaralarının yerində çapıq toxumalar, İV qabırğanın sınığı yerində sümük döyənəyi, “sağ bazu kələfinin travmatik pleksiti” nevroloji müayinə zamanı sağ əlin İ daraqarası əzələlərinin hərəkətləri tam olmuş, sağ yuxarı ətrafda triceps refleksi sol tərəfə nisbətən bir qədər enməsi izlənmiş, xx.xx.2023-cü il tarixli, ağciyərlərin spirometriya müayinəsində xarici ventilyasiya pozğunluğu qeyd olunmamışdır, bir sözlə şəxsin sağlamlıq durumu natamam reabilitasiya olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 2.2.2.ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 65-80 faiz; müddəti 2 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,cavabdehin 04 oktyabr 2023-cü il tarixli Qərarı İddiaçı “tam reabilitasiya olunması” hissəsində əsassız olmuşdur.Belə ki,mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir.Həmçinin,iddiaçının tam reabilitasiya olunmadığı təqdim edilmiş ekspert rəyinə əsasən də öz təsdiqini tapmışdır.Odur ki,iddia təmin edilməli,iddiaçıya təyin edilmiş əlillik ləğv edildiyi tarixdən bərpa qedilməlidir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 oktyabr 2023-cü il tarixli 3-17-4/3-3-17825/2023 nömrəli Qərarı İddiaçı “tam reabilitasiya olunması” hissəsində ləğv edilir,iddiaçının əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.