Məhkəmə qərarları › İş №2-1(116)-910/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-910/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-910/2025 06.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 və X10 cəlb olunmaqla) «torpaq sahəsinin iddiaçının mərhum ərinə məxsusluğu haqqında arayışın verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : Göyçay rayonu Qarabaqqal kənd Nizami adına sovxozun 28 dekabr 1994-cü il tarixli 148 saylı əmri ilə iddiaçının əri X6 Qarabaqqal kənd ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. X9 26 may 2022-ci il tarixdə vəfat etmişdir. Vəfatınadək onun həmin torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı ərinin vəfatından sonra həmin torpaq sahəsinin mərhuma məxsusluğu haqqında arayış alınması ilə bağlı (sonradan torpaq sahəsinin vərəsə kimi onun öz mülkiyyətinə keçirilməsi məqsədilə) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin müsbət həllindən imtina olunmuşdur. İddiaçı cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin imtinasını mübahisələndirərək ona qarşı «torpaq sahəsinin iddiaçının mərhum ərinə məxsusluğu haqqında arayışın verilməsi» tələbini irəli sürməklə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının gedişində DƏDKR 16 saylı Ucar Ərazi İdarəsindən 23 dekabr 2024-cü il tarixli məktubla alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - Ləğv edilmiş DTXK tərəfindən X4 adına tərtib edilmiş **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə əks olunan koordinatlarla müəyyənləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikintialtı torpaqlar uqodiyalı 0,06 ha torpaq sahəsinin 0,0286 ha hissəsi İdarənin elektron baza məlumatlarına əsasən **********27 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0,25 ha torpaq sahəsi və 0,06 ha torpaq sahəsinin 0,0079 ha hissəsi isə JN-407A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Osmanov İlhamın mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Baxış zamanı iddiaçının mütəxəssisə göstərdiyi 0,06 ha torpaq sahəsində **********27 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0,25 ha torpaq sahəsi ilə, o cümlədən JN-407A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə və ümumi istifadədə olan torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) ləğv edilmiş DTXK tərəfindən X4 adına tərtib edilmiş **********036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə əks olunmuş koordinatlar yerləşən 0,06 ha ərazi, o cümlədən iddiaçının naturada göstərdiyi 0,06 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyalı, tikintialtı torpaqlar uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsi olaraq qeyd edilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilir. Məhkəmə icraatının gedişində məhkəmənin qərardadı ilə X5 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə inzibati məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdeh tərəf və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X2 vəkili (nümayəndəsi) gəlmişlər, iddiaçı tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş digər üçüncü şəxs gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın rədd olunmasını xahiş etdi və bildirdi ki, iddiaçının mərhum ərinə sovxozun əmri ilə ayrılmış torpaq sahəsinə dair DTXK tərəfindən plan və ölçü sənədi tərtib edilmişdir. Elektron baza məlumatlarında yoxlanılarkən iddia olunan torpaq sahəsinin bir hissəsinin başqa şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin konfiqurasiya fərqinin mövcudluğu məlum olmuşdur. Torpağın bir hissəsi üzərində hüquq qeydiyyata alınmış, digər 79 kv.m hissəsi isə “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamə ilə nəzərdə tutulan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 vəkili və nümayəndəsi Vəkil iddianın rədd olunmasını xahiş etdi və bildirdi ki, müvafiq torpaq sahəsi 15 ildən artıqdır ki, X2 və ailəsinin istifadəsindədir. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Göyçay rayonu ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndində (2.5) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. İşdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının mərhum ərinə məxsus olmasını iddia etdiyi 600 kv.m torpaq sahəsinin bir hissəsi, yəni 286 kv.m hissəsi X2 mülkiyyəti kimi qeydiyyat alınmış 0,25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir, digər hissəsi, yəni 79 kv.m hissəsi JN-407A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə, qalan hissəsi isə ümumi istifadədədə olan ərazidir. Məhkəmə qeyd edir ki, X2 adına aparılmış qeydiyyat və X8 adına tərtib olunmuş şəhadətnamə mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Bu səbəbdən də iddiaya həmin torpaq sahələrinə aid hissələrdə baxıla bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. İddia olunan torpaq sahəsinin qalan 245 kv.m hissəsi isə ümumi istifadədə olunan torpaqlara aid olduğunundan qanunla onların fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi qadağandır. Qeyd olunanları, eləcə də rəyə əsasən qalan torpaq sahəsinin ümumi mülkiyyətdə olan sahəyə aid olmasını, habelə iddiaçının bütövlükdə hüquqi marağını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın bu hissəsi ilə bağlı da iddia mümkünlük şərtini ödəmir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin iddiaçının mərhum ərinə məxsusluğu haqqında arayışın verilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar