Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-911/2025 16.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət zamanı aldığı zədəylə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N saylı hərbi hissənin 3-cü taborunda xidmət edərkən idman vaxtı sağ ayağından zədə aldığını və bu barədə “Forma 11” – travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki,2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində xidmət etdiyi zaman idman hərəkətlərinin yerinə yetirilməsi nəticəsində zədə almışdır. Zədədən dərhal sonra hospitala göndərilmiş və xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək müalicə almışdır. İddiaçı hazırda əlilliyinin müəyyən olunduğunu,lakin ümumi əsaslarla ona əlillik təyin edildiyindən səbəb-əlaqənin dəyişdirilməsi üçün hazırkı arayışın zəruri olmasını bildirmişdir. Cavabdeh imtina məktubunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N saylı hərbi hissənin 2010-cu ilə dair əmrlərinin aşkar edilmədiyini və araşdırma aparılmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi, iddia ərizəsinə imtina ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. 26.07.2024-cü il tarixli 2-İ-1082-1/2024 nömrəli Azərbaycan Respublikasının Müdafiə nazirliyinin Mərkəzi arxivinin məktubu.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli 252 nömrəli Arayışı və epikriz.
3. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktuba cavabı;
4. Müdafiə Nazirliyi Təlim və Tədris Mərkəzi rəisinin 224 və 287 nömrəli Əmrindən çıxarışlar;
5. 701 saylı Hərbi Hissə Komandirinin 56 saylı və 153 saylı Əmrlərindən çıxarış
6. SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilən sənədlər.
7. Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli məktubu;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 3-cü taborunda xidmət edərkən idman vaxtı sağ ayağından aldığını zədəyə görə “Forma 11” – travma haqqında arayışın verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində xidmət etdiyi zaman idman hərəkətlərinin yerinə yetirilməsi nəticəsində zədə almışdır. Zədədən sonra N nömrəli hərbi hissəyə- hospitala göndərilmiş və xx.xx.2010-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək,daha sonra xx.xx.2010-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək orada müalicə almışdır.Bu barədə iş materiallarına əlavə edilmiş çıxarış epikrizləri mövcuddur. Məhkəmənin sorğusu əsasında Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna iddiaçının Gəncə Hospitalında xx.xx.2010-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək müailcə aldığına dair xəstəlik tarixçəsindən çıxarış əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəsarəti hansı şəraitdə almasından asılı olmayaraq, hərbi hissənin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitabında müvafiq məlumatlar öz əksini tapmalı idi. Belə ki, istinad olunan kitabdakı qeydlərdən görünür ki, “zədələnmənin səbəbi və şəraiti” barədə müvafiq qeydlər müraciət edənin deməsinə görə, habelə düşmən təxribatı nəticəsində baş vermiş hadisələr əsasında əks olunmuşdur. İddiaçı, həmin tarixdə N №-li hərbi hissənin sərəncamında olduğundan N nömrəli hərbi hissəyə müayinəyə aparılması barədə müvafiq sənədlər tərtib edilməli idi.Bu sənədlərin hər hansı səbəbdən aşkar edilməməsi iddiaçının xidmət zamanı zədə alması faktını inkar etmir. Göründüyü kimi iddiaçının aldığı zədə hərbi xidməti zamanı baş verdiyindən cavabdeh inzibati orqan inzibati icraatı tam aparmaqla ona bu barədə arayışın verilməsini təmin etməli olduğu halda əsassız imtina vermişdir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə : 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası dinc və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra-vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin normalarının məzmunundan görünür ki, travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı N saylı hərbi hissədə xidmət edərkən aldığı xəsarət (zədə) nəticəsində ona “travma haqqında” arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə