Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-912/2020 09.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “X12, X20, X13, X9, X21, X25, X8 Yevlax şəhəri Səməd Vurğun küçəsi 17 nömrəli binanın 15 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, 09.07.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasındabaxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ünvan 1 (yeni qaydalarla AZ 6604, Yevlax şəhəri S.Vurğun küçəsi 94, M2, m2) yerləşən Fərdi yaşayış evinin tam mülkiyyətçisidir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.02.2020-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışı ilə öz təsdiqini tapır. İddiaçının qeydiyyatında olan üçüncü şəxslər iddiaçının razılığı olmadan da bir neçə dəfə qeydiyyata alınmışlar. Bütün bunlar onun mülkiyyət hüquqlarını pozur, bu səbəbdəndə iddiaçı Cavabdehnə rəsmi müraciət etmiş, müraciətində üçüncü şəxslərin öz evindən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Lakin cavabdeh orqan 04.03.2020-ci il tarixli məktubla bildirmişdir ki, üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, polis orqanları onun mülkiyyətçi olmağı barədə mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyatını nəzərə almaqla şəxsləri evindən qeydiyyatdan çıxarmalıydı. Ancaq cavabdeh orqan imtina etdiyindən mülkiyyət üzərində hüquqlarının pozulduğunu nəzərə alaraq Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 24.06.2020-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “X12, X20, X13, X9,X21, X25, X8 Yevlax şəhəri Səməd Vurğun küçəsi 17 nömrəli binanın 15 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia qarşı münasibətində bildirmişdir ki, X12 20.09.2008-ci il tarixdən, X20 22.12.2008-ci il tarixdən, Meder (Abışova) Fəridə Hümbət qızı 09.04.2008-ci il tarixdən, X13 26.05.2009-cu il tarixdən, X9 22.06.2011-ci il tarixdən, X25 30.12.2018-ci il tarixdən, X14 19.06.2002-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Siyahıda adları göstərilən şəxslərin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İddiaçı və cavabdeh müvafiq olaraq 06.07.2020-ci il və 07.07.2020-ci il tarixli ərizələr ilə İPM-nin 16.2-ci maddəsinə müvafiq olaraq iş üzrə mübahisənin şifahi məhkəmə baxışı (şifahi dinləmər) keçirilmədən həll edilərək, iş üzrə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işə yazılı qaydada baxılmasına dair tərəflərin razı olduğunu nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Cavabdeh 04.03.2020-ci il tarixli 195-54847-3220 nömrəli imtina məktubu, Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsinin 11.03.2020-ci il tarixli 95 nömrəli arayışı, Elektron notariat X1 06.03.2020-ci il tarixli çıxarış, DƏDRX-nin 24.02.2020-ci il tarixli ********** nömrəliçıxarışı, Cavabdeh 08.06.2020-ci il tarixli 195-13154-1220 nömrəli məktubu, Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.06.2020-ci il tarixli 104 nömrəli məktubu, AZE seriyalı 14118137, AA seriyalı ******* nömrəli, AZE seriyalı 15131969 nömrəli, AA seriyalı ******* nömrəli, AZE seriyalı 18650856 nömrəli, AZE ******* nömrəli, AZE seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrin məlumatları, Yevlax şəhər 5 saylı Mənzil istismar sahəsinin 05.06.2020-ci il tarixli 167 nömrəli arayışı, Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.06.2020-ci il tarixli 112 nömrəli məktubu, DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 18.06.2020-ci il tarixli **********04 nömrəli məktubu, 05.08.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 25050B nömrəli Qeydiyyat vəsiqəsi, 04.08.2004-cü il tarixli 226640 nömrəli müqavilə, 1999-cu il tarixli müqavilə, 25.03.1996-cı il tarixli qeydiyyat şəhadətnaməsi, Yevlax şəhər İcra Hakimiyəti başçısının 07.03.1995-ci il tarixli 24 nömrəli sərəncamından çıxarışı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bildirilmişdir ki, həmin ünvanda qeydiyyatda olan X12, X15, X13, X10, X25, X14, X20 və X16 göstərilən ünvanda yaşamadıqlarını və onların hansı ünvanda yaşamaları barədə nümayəndəlikdə məlumat olmadığı üçün məhkəmə sərəncamını və ona əlavə edilmiş sənədləri vətəndaşlara çatdırmaq mümkün olmamışdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan DƏDRX-nin 24.02.2020-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40.30 kv.m mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 05.08.2019-cu il tarixli şəhadətnamədən görünür ki, 22.05.2015-ci il tarixdə ölmüş X6 vərəsəsi oğlu X17 ünvan 2 nömrəli mənzil miras qalmışdır. İş materiallarında olan 2550B nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanı X6 adına 04.08.2004-cü ildə qeydə alınmışdır. İş materiallarında olan 04.08.2004-cü il tarixli 226640 nömrəli müqavilədən görünür ki, X4 şəhəri Səməd Vurğun küçəsi, ev 17, 15 nömrəli mənzili X2. İş materiallarında olan 1999-cu il tarixli müqavilədən görünür ki, X5 şəhəri Səməd Vurğun küçəsi, ev 17, 15 nömrəli mənzili X3. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin16.2, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Yevlax Rayon Rayon Polis şöbəsinin üzərinə üçüncü şəxslər X12, X20, X13, X9, X21, X25, X8 İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, Səməd Vurğun küçəsi 17 nömrəli binanın 15 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-912/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-912/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver