Məhkəmə qərarları › İş №2-1(116)-912/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-912/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-912/2022 03.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçı Yevlax rayonu Hürüuşağı bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X3 vəkili Vəkil2 iştirakı ilə iddiaçı Yevlax rayonu Hürüuşağı bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən X4 verilmiş RX seriyalı, ******* nömrəli, 13 mart 2014-cü il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X4 verilmiş RX seriyalı, ******* nömrəli, 13 mart 2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli, 2(039)-558/2011 saylı qətnaməsinə əsasən Yevlax rayonun Salahlı kəndində yaşayan X4 Salahlı Bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahəsindən 0,50 ha torpaq sahəsinin ayrılaraq, naturada ölçülərək təhvil verilməsi və onun adına bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsindən 0,50 ha torpaq sahəsinin Şəfəq Eminlinin xüsusi mülkiyyətinə ayrılmasına dair müvafiq torpaqayırma sənədlərinin hazırlanamasının DT və XK-nın Yevlax rayon şöbəsinə və aidiyyəti orqanlara həvalə edilməsi qət edilmişdir. Bununla bağlı X4 cavabdeh tərəfindən RX seriyalı, ******* nömrəli, 13 mart 2014-cü il tarixli çıxarış verilmişdir. X10 13 mart 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsi Yevlax rayonun Salahlı kəndi ərazisində deyil, Yevlax rayonunun Hürüuşağı Bələdiyyəsinin mülkiyyətində olan, örüş uqodiyalı, icarə predmeti olan torpaq sahəsində yerləşir. Belə ki, X1 Rayon Məhkəməsinə müraciət edərək, həmin iş üzrə cavabdeh X2 qarşı “cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, ona vurulmuş ziyanın ödənilməsi və yolun açılması" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Mülki iş üzrə təyin edilmiş ekspertiza zamanı müəyyən edilmişdir ki, əraziyə baxış keçirilən zaman iddiaçı X3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəsi ilə mülkiyyətinə qeydiyyata alınmış 0,50 ha torpaq sahəsi Yevlax rayonu, Salahlı kəndi ərazisində deyil, Yevlax rayonunun Hürüuşağı kəndi ərazisində yerləşir. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********24 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq başqa subyektlərin mülkiyyətində olan daşınmaz əmlakına dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı düzəlişin aparılması və ya onun ləğv edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********54 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə X3 mülkiyyət hüquqları Yevlax Rayon Məhkəməsinin 2(039)-558/2011 saylı xx.xx.2011-ci il tarixli məhkəmə qətnaməsinə və ləğv olunmuş DTXK-nın Yevlax rayon şöbəsinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli AN423855 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq **********13 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-912/2022 nömrəli qərardadı ilə Yevlax rayonu Salahlı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-912/2022 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuş, Yevlax rayonu Salahlı bələdiyyəsinin hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi adi cəlbetməyə dəyişdirilmişdir. Üçüncü şəxs Şəfəq Eminlinin vəkili Vəkil2 iddia tələbinə dair etirazı xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-558/2011 saylı qətnaməsi ilə Ş.Eminliyə Yevlax rayon X5 xx.xx.2001-ci il tarixli qərarı əsasında 0,50 ha torpaq sahəsinin verilməsinə dair JN 0477 kod 90100038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilərək, Yevlax rayonu Salahlı kəndinin ərazisində Çıxarışda göstərilən koordinatlarda 0,50 ha torpaq sahəsi ayrılmış və buna məsul şəxs Yevlax rayonu Salahlı Bələdiyyəsi və DƏDRX-nin 17 saylı ərazi idarəsidir. Bu Mülki Məcəllənin 148.1-ci maddəsində təsbit edilmişdir. Yəni daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin məcəllənin 14.1-ci maddəsində qeyd edilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş səxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Üçüncü şəxs Şəfəq Eminlinin vəkili Vəkil2 ərizəsində qeyd etmişdir ki, torpaq sahəsi Ş.Eminliyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmişdir, bu səbəblə həmin qətnamə ləğv olunmadan mübahisəli çıxarış ləğv edilə bilməz. Vəkil ərizəsində həmçinin iddia tələbinin qanunsuz və əsassız olduğunu bildirərək tələbin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs Yevlax rayonu Salahlı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 vəkili Vəkil2 Ş.Eminlinin iddia tələbinə dair etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-558/2011 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 Yevlax rayon Yevlax rayon AİKnın xx.xx.2011-ci il tarixli qərarı əsasında 0,50 ha torpaq sahəsinin verilməsinə dair olan JN-0477 kod 90100038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi, Yevlax rayonu, Salahlı kəndində yaşayan iddiaçı X4 Salahlı bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahəsindən 0,50 ha torpaq sahəsinin ayrılaraq naturada ölçülərək təhvil verilməsi, iddiaçı X3 adına bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsindən 0,50 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətinə ayrılmasına dair müvafiq torpaqayırma sənədlərinin hazırlanmasının DT və XK-nın Yevlax rayon şöbəsinə və aidiyyəti orqanlara həvalə edilməsi qət olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 423855 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-558/2011 nömrəli qətnaməsi ilə 5000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir. Sənəd Dövlət torpaq kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 50 nömrə ilə uçota alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AA seriyalı, 001826 nömrəli plan-ölçü sənədinin surətindən görünür ki, 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. Şəhadətnamənin verilməsinə əsas Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-558/2011 nömrəli qətnaməsi, DT və XK-nın Yevlax rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 50 nömrəli plan-ölçü sənədi olmuşdur. RX seriyalı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, kənd təsərrüfatı təyinatlı 0,50 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-60/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X3 cavabdeh X2 qarşı “cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, ona vurulmuş ziyanın ödənilməsi və yolun açılması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən həmçinin müəyyən olunur ki, həmin iş üzrə mütəxəssislər tərəfindən əraziyə baxış keçirilən zaman iddiaçıya ayrılmış və adına çıxarış verilmiş 0,50 ha torpaq sahəsi Yevlax rayonu Salahlı kəndi ərazisində deyil, Yevlax rayonu Hürüuşağı kəndinin ərazisində yerləşir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədilə iş üzrə təqdim edilmiş sənədlərə əsasən iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl-ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X4 verilmiş RX seriyalı, ******* nömrəli, 13 mart 2014-cü il tarixli çıxarışda qeyd edilən 0,50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı olmaqla xüsusi mülkiyyətdədir. Torpaq sahəsi Yevlax rayonu Hürüuşağı Bələdiyyəsinin mülkiyyətinə aid olan örüş torpaq sahəsi ilə üst-üstə düşür. X4 RX seriyalı ******* nömrəli 13 mart 2014-cü il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən naturada istifadə etmir. X3 faktiki naturada istifadəsində torpaq sahəsi olmadığından sənəd üzrə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmadı. İddia olunan torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının üçüncü şəxsin adına 0,50 ha torpaq sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət tələbi əsaslıdır. Belə ki, çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsində torpaq sahəsinin Salahlı bələdiyyəsinin ərazisindən X4 verilməsi nəzərdə tutulsa da, torpaq sahəsi Hürüuşağı bələdiyyəsinin ərazisindən verilmiş və çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə X4 Yevlax rayonu Salahlı bələdiyyəsinin ehtiyat fondunda olan torpaqlardan 0,50 ha torpaq sahəsinin ayrılması qət edilmiş, lakin iş materiallarında olan mütəxəssis rəyindən göründüyü kimi X3 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və hazırda mübahisələndirilən çıxarış verilmiş 0,50 ha torpaq sahəsi Yevlax rayonu Hürüuşağı kəndində yerləşməklə Hürüuşağı bələdiyyəsinin mülkiyyətinə aid olan örüş torpaq sahəsidir. Qeyd olunanlara əsasən aşkar olunur ki, iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Yevlax rayonu Salahlı bələdiyyəsi X4 torpaq sahəsini ayırarkən nöqsana yol vermiş, torpaq sahəsini Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsində nəzərdə tutulduğu kimi X3 yaşadığı Salahlı kəndinin ərazisindən deyil, Hürüuşağı kəndinin ərazisindən ayırmışdır. Eləcə də iş materiallarında olan üçüncü şəxs Yevlax rayon Salahlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 221 nömrəli məktubundan da görünür ki, Salahlı bələdiyyəsi iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, iddiaçı Yevlax rayonu Hürüuşağı bələdiyyəsinin üçüncü şəxs X4 verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv olunmasından ibarət iddiası təmin edilməli və mübahisələndirilən çıxarış ləğv olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 13 mart 2014-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar