Məhkəmə qərarları › İş №2-1(116)-912/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-912/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-912/2024 18.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçıya “Əmək Pensiyaları haqqında” AR Qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyin müddəti bitdiyinə görə əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-G-229762/2023 saylı imtina məktubu verərək, əlilliyə görə əmək pensiyasının ödənişindən imtina etmişdir. İmtinanın səbəbi isə belədir: "Əlillik xx.xx.2021-ci il tarixindən bərpa edildiyi üçün ("Əlilliyi olan şəxslərin hüquqları haqqında" AR Qanununda sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün) ona ötürülmüş müddət üzrə (xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir ". Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İş materiallarına əsasən İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əlilliyə görə pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı əlilliyinin xx.xx.2021-ci il tarixdə bərpa edildiyi, lakin Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası maddəsinin (əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) sözügedən qanuna xx.xx.2021-ci ildə əlavə edildiyi bildirilmişdir. Göründüyü kimi İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış, xx.xx.2021-ci ildə isə bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan maddə isə (3.3-1) qanuna xx.xx.2021-ci il tarixdə əlavə edilmişdir. Məhz bu səbəbdən də İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun sözügedən maddəsini tətbiq etməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi mümkün olmamışdır. Tətbiq edilən qanunvericilik:

1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası qanunnun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

2. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanunnun 41-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin cavabdeh orqan oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1 (102)-1749/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının nümayəndəsi A.Gəncəliyevə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin bitmə tarixi xx.xx.2021-ci il olmuş, xx.xx.2021-ci il tarixdə növbəti dəfə ümumi xəstəlik səbəbindən ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti,24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 710) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsinəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əlilliyə görə ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1 (102)-1749/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedə göstərilir ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 2020-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir.

77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.

78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. (...)

92. Kollegiya qeyd edir ki, sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların geriyə şamil edilməsinin yol verilməzliyinə cinayət və inzibati xətalarla bağlı hüquq sahəsində olduğu kimi mütləq bir qayda olaraq deyil, daha çox bir prinsip kimi yanaşılmalıdır. Ona görə də, geriyə şamil edilmənin yarada biləcəyi problemləri həll etmək üçün əksər hallarda bir çox ümumi hüquq prinsiplərinin birgə dəyərləndirilməsi tələb olunur. Bu mənada, hüquqi təhlükəsizlik, qazanılmış hüquqlar və mütənasiblik prinsipləri onların mahiyyətinə xələl gətirəcək dərəcədə pozulmadıqda. eləcə də ictimai maraqlarla fərdin hüquqları arasındakı ağlabatan tarazılığa riayət edildikdə sosial təminat hüququ sahəsində normaların geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.

93. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktlann qüvvəsi geriyə şamil edilmir.

94. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

29. qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

30. Belə ki, mübahisələndirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 31. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında' Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

32. Qanunun yuxarıda göstərilən müddəalarından (bax: 19-cu bənd) göründüyü kimi xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir.

33. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik olduğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçıya təyin edilmiş əlillik xx.xx.2021-ci il tarixdə başa çatdıqdan sonra xx.xx.2021-ci il tarixdə növbəti dəfə ümumi xəstəlik səbəbindən ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilmişdir. Həmin tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 3.3-1-ci maddə qüvvəyə minmədiyindən və həmin normanın geriyə tətbiq edilməsi mümkün olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar