Məhkəmə qərarları › İş №2-1(116)-912/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-912/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-912/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1970-ci il təvəllüdlüdür. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 6 iyul 2022-ci il tarixli ******* nömrəli qərarı ilə iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 30 sentyabr 2022-ci il tarixdə ******* nömrəli yeni qərarı ilə 6 iyul 2022-ci il tarixli ******* nömrəli qərarını ləğv etmişdir. İddiaçı 9 avqust 2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 30 sentyabr 2022-ci il tarixdə ******* nömrəli qərarın ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması tələbini irəli sürmüşdür. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, iddia müddətini buraxmamışdır. 1 sentyabr 2022-ci il tarixdə ölkə ərazisini tərk etmiş, həmin vaxtdan bir ay sonra qərar qəbul olunmuşdur, bundan sonra 12 dekabr 2022-ci il tarixdə həmin qərar ailəsinə göndərilmişdir. 2022-ci ilin dekabr ayında o yaşadığı ünvanda olmamışdır, lakin qərar ailəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın mümkün sayılmamasını xahiş etdi. O, bildirdi ki, 30 sentyabr 2022-ci il tarixli qərar iddiaçının ünvanına 12 dekabr 2022-ci il tarixdə göndərilmişdir. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında» Əsasnamənin 9-cu bəndinə görə Dövlət Miqrasiya Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: (9.7) qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vermək, o cümlədən həmin şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsini təmin etmək; (9.7-1) Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata almaq; (9.18) Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; (9.18-1) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirmək. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.2-ci maddəsinə görə bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 51.3-cü maddəsinə görə bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Həmin Qanunun 51.4-cü maddəsinə görə bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. Həmin Qanunun 73.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının iddiası mahiyyətinə görə cavabdehin ona münasibətdə əlverişsiz inzibati aktı sayılan 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi barədədir, yəni “mübahisələndirmə haqqında” iddiaya aiddir. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın ona həmin əlverişsiz inzibati aktın (aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmuşdur) müvafiq qaydada təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün ərzində qaldırılmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi isə, məhkəməyə 9 avqust 2024-cü il tarixdə, yəni iddiaçının ailə üzvlərinə inzibati aktın təqdim edilməsindən (iddiaçı bu təqdim etmənin 2022-ci ilin dekabr ayına təsüdüf etdiyini bildirir) 1 il 7 ay keçdikdən sonra verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatında iddiaçı iddia müddətinin buraxılmaması mövqeyini nümayiş etdirmiş və bunu ölkə hüdudlarından kənarda olması ilə əsaslandırmışdır. Məhkəmə bu mövqe ilə razılaşmır, çünki, mübahisə predmeti olan 30 sentyabr 2022-ci il tarixli inzibati akt hələ 2022-ci ilin sonunda onun bəyan etdiyi ünvanda öz ailə üzvlərinə təqdim olunmuşdur. Bu səbəbdən də buraxılmış müvafiq müddətin bərpası ilə bağlı ərizə verilməsi iddiaçıya tövsiyə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı “iddia müddəti” buraxılmaqla qaldırdığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar