Məhkəmə qərarları › İş №2-1(116)-916/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-916/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-916/2020 13.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “01.04.2019-cu il tarixli “Müharibə Veteranları” üçün nəzərdə tutulmuş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Ağdaş rayon, Katavan kəndində anadan olmuşdur. Ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 07.02.2020-ci il tarixli 033746 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. “Müharibə Veteranlarına” Azərbaycan Respublikası prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanına uyğun olaraq əmək pensiyası hüququ olan şəxslərə 01.04.2019-cu ildən Prezident təqaüdü təyin edilir. O, əmək pensiyası almır. Cavabdehin etirazı: İddiaçı iddia tələbi əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün onu almaq hüququ yaranan gündən ödənilməklə təyin edilir. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MV seriyalı 033746 nömrəli veteranlıq vəsiqəsi 07.02.2020-ci il tarixdə verilmişdir. İddiaçı 10.02.2020-ci il tarixdə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə sosial müavinət alınması üçün müracət etmişdir. Müraciət əsasında ona vəsiqənin verildiyi 07.02.2020-ci il tarixdən sosial müavinət təyin olunmuşdur. Məlumat üçün bildiririk ki, Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunun 7.0.6. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin olunur. “Müharibə vetranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına (15 aprel 2019 cu il) uyğun olaraq əmək pensiyası hüququ olan şəxslərə 01.04.2019-cu ildən Prezident təqaüdü təyin edilir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinin 11.03.2020-ci il tarixli 024- 1670-1220 nömrəli arayışı, AZE seriyalı 0******* nömrəli X1 surəti, Daxili İşlər Nazirliyinin 07.02.2020-ci il tarixli 033746 nömrəli müharibə veteranı vəsiqəsinin surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin 19.05.2020-ci il tarixli **********1 nömrəli məktubu və 19.05.2020-ci il tarixli **********1 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçıın müraciətinin təmin olunmasından imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. İşdə olan DSMF-nin Ağdaş rayon şöbəsinin 19.05.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı qanunamüvafiq olaraq DSMF-nin Ağdaş rayon şöbəsindən əmək pensiyası alır İşdə olan Daxili İşlər Nazirliyinin 07.02.2020-ci il tarixli 033746 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, iddiaçıyamüharibə veteranı vəsiqəsi07.02.2020-ci il tarixdə verilmişdir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “01.04.2019-cu il tarixli “Müharibə Veteranları” üçün nəzərdə tutulmuş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar