Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-916/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxxxxx 1994-cü il tarixdə Yevlax rayonu Bəydilli kəndində anadan olmuşdur. 09 oktyabr 2021-ci il tarixdən 04 aprel 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, o, Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında və Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanununlarının müvafiq maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmişdir və xx.xx.2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Laçının azad olunmasına görə medalla təltif olunmuşdur və xx.xx.2020-ci i tarixdə isə təxris olunmuşdur. Bununla bağlı o, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli N dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. ******* nömrəli hərbi biletin surətindən də göründüyü kimi iddiaçı xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılmış və xx.xx.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bundan əlavə, N nömrəli hərbi hissənin qərargah rəisinin hərbi biletə olan qeydindən göründüyü kimi o həqiqətən Vətən müharibəsində iştirak etmişdir. Belə ki, o Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının N nömrəli hərbi hissəsinin tərkibində heç bir döyüş əməliyyatlarına cəlb olunmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-2841 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 663 nömrəli arayışda qeyd edilmişdir ki, 1994-cü il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində” iştirak edib, xx.xx.2020-ci il tarixdə Laçının azad olunmasına görə medalla təltif olunub, xx.xx.2020-ci il tarixdə təxris olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsinin xx.xx.2023cü il tarixli 2224 nömrəli məktubundan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xx.xx.2020-ci il tarixdə 5-ci taborun 15-ci bölüyün 1-ci taqım 3-cü manqanın atıcı-qumbaraatan köməkçisi vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə 5-ci taborun 15-ci bölüyün 1-ci taqım 3-cü manqanın atıcı- qumbaraatan köməkçisi vəzifəsindən hərbi qeydiyyata durmaq üçün Yevlax rayon Şöbəsinə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci tabor 15-ci bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 368 nömrəli əmrindən çıxarış: - Azərbaycan Respublikasında elan edilmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış aşağıda adları çəkilən hərbi qulluqçuları səfərbərlikdən tərxis edildiklərinə görə 31 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilsinlər - 400. Əsgər İddiaçı,5-ci taborun 15-ci bölüyünün 1-ci taqımının 3-cü manqanın atıcı-qumbaraatan köməkçisi-Yevlax rayon Şöbəsinə) - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 273 nömrəli əmrindən çıxarış - Səfərbərlik ilə əlaqədar olaraq Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən qəbul edilmiş aşağıda adları göstərilən hərbi vəzifəlilər xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilsin, bütün növ təminatlara qoyulsunlar və müvafiq vəzifələrə təyin olunsunlar. (261.əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyünün 1-ci taqımının 3-cü manqanın atıcı-qumbaraatan köməkçisi Təvəllüdü: xx.xx.1994-cü il, azərbaycanlı Çağırıldığı SHXÇDX: Yevlax rayon Şöbəsi) - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsinin xx.xx.2023-cü il tarixli 2487 nömrəli məktubunda qeyd edilmişdir ki, Laçın rayonu 1 dekabr 2020-ci ildən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. X1 heç bir döyüş əməliyyatlarına cəlb olunmamışdır, Laçının azad olunmasına görə medalı həvəsləndirmə məqsədi ilə verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İş materiallarından görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün istinad olunan Əsasnamədə qeyd edilmiş şərtlər yerinə yetirilməlidir. İddiaçının hərbi xidmət keçdiyi N saylı hərbi hissənin verdiyi məlumatlar əsasında müəyyən edilmişdir ki, döyüş əməliyyatları zamanı iddiaçının xidmət etdiyi 5-ci tabor 15-ci bölüyün şəxsi heyəti tam tərkibdə hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş, iddiaçı həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilmiş Əsasnamədə məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur. Sadalanan şərtlər iddiaçıya münasibətdə sübuta yetirilmədiyindən iddiaçıya “Müharibə veteranı” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçının xx.xx.2020-ci il tarixdə “Laçının azad olunmasına görə” medalla təltif olunmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçdiyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2487 nömrəli məktubunda onun heç bir döyüş əməliyyatına cəlb olunmaması, sözügedən medalın ona həvəsləndirmə məqsədi ilə verildiyi qeyd edilmişdir. İddiaçı, özü də Laçın rayonu istiqamətində hər hansı döyüş əməliyyatında iştirak etmədiyini bildirir. Nəzərə alınmalıdır ki, 10 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə Bəyanatının 6-cı bəndində Ermənistan Respublikasının 1 dekabr 2020ci il tarixədək Laçın rayonunu qaytarmalı olması öz əksini tapmışdır. 2020-ci ilin dekabr ayının 1-də Laçın rayonu üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan Respublikasına təhvil verildiyindən, sözügedən rayonun hərbi əməliyyatlar aparılmadan qaytarılması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı, “Laçının azad olunmasına görə” medalla təltif olunmasına baxmayaraq, istinad olunan Əsasnamənin tələbləri baxımından 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxs hesab olunmur. Məhkəmə əlavə olaraq qeyd edir ki, istinad olunan Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda sadalanan ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmə, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həyata keçirilmiş olmalıdır. Odur ki, 3 tərəfli bəyanata uyğun olaraq müəyyən edilmiş qrafik əsasında 10 noyabr tarixindən sonra təhvil verilmiş Laçın rayonuna münasibətdə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi hər bir halda mümkünsüz olduğundan “Laçının azad olunmasına görə” medalla təltif olunma iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-916/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-916/2023
18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver