Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-916/2024 06.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 2004-cü il tarixli “Qeydiyyat vəsiqəsi” nə əsasən ünvan 1 ünvanında yerləşən 0.02347 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasl və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 2004-cü il tarixli “Qeydiyyat vəsiqəsi” nə əsasən ünvan 1 ünvanında yerləşən 0.02347 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3342/2023 nömrəli qərardadı ilə Göyçay Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi əldə etmək niyyəti ilə 20 dekabr 2003-cü ildə Göyçay rayon Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə həmin bələdiyyədə 30 dekabr 2003cü ildə baxılaraq mənə 249 kv.m torpaq sahəsinin ayrılması qərara alındı. Bununla əlaqədar olaraq Göyçay rayon Bələdiyyəsinin 14 marı 2004-cü il tarixli “Torpaqların alqısatqısına dair' Aktı ilə 249 kv.m torpaq sahəsi ona satıldı. Həmin torpaq sahəsinin xüsusi mülkiyyətinə alınması məqsədilə "Azərbaycan Beynəlxalq Bankı’nın 678243 saylı hesabına 498 000 (dörd у üz doxsan səkkiz min) manat ödəniş etdi. Məqsədi həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikmək olub. 2004-cü il oktyabr ayında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ticarət və ictimai iaşə obyektinin lisenziya hüququ barədə Texniki pasport təqdim olundu. 30 dekabr 2004-cü il tarixində isə Komitə tərəfindən obyektə dair "Qeydiyyat vəsiqəsi" verildi. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubunda vermişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri yaşayış binası və binanın yerləşdiyi 0.02347 ha sahibkarlıq torpaq sahəsinin qeydiyyatı ilə bağlı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı, Göyçay bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 48 nömrəli torpaqların alqı-satqısına dair aktı təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Göyçay şəhəri, Nizami küçəsində yerləşən 0.02347 ha sahibkarlıq torpaq sahəsinin qeydiyyatı ilə bağlı ləğv edilmiş DTXKnin Göyçay 4073 rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Göyçay rayon Memarlıq və tikinti şöbəsinin və ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Həmçinin, bildiririk ki, Göyçay şəhəri, Nizami küçəsində yerləşən 0.02347 ha sahibkarlıq torpaq sahəsi ilə bağlı Göyçay bələdiyyəsinin qərarının Arxiv əsası təqdim edilsədə digər sənədlərin arxiv əsasları təqdim edilməmişdir. Sənədlərin ekspertiza olunmuş və məlum olmuşdur ki, Göyçay rayon icra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 190 saylı Sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədilə İddiaçı 84.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi Respublikada Bələdiyyə özünü idarəetmə orqanı xx.xx.2001-ci ildən fəaliyyət göstərməsini nəzərə alaraq bir sıra dövlət mülkiyyətində olan torpaq sahələri Bələdiyyələrin mülkiyyəti kimi müəyyən olunmuşdur. Bu da “Dövlət Əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 498 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Əsasnamədə o cümlədən Dövlət mülkiyyətində qalan torpaq sahələrinə də aydinliq gətirilmişdir. Belə ki, Əsasnamənin 2-ci bəndinə əsasən - “qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və Azərbaycan Respublikası Prezidentinin Qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan dövlət əmlakı və onun yerləşdiyi torpaq sahələri, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində saxlanılır. Bu da onunla izah olunur ki, vətəndaş tərəfindən inşa edilmiş qeyri yaşayış binəsinin yerləşdiyi torpaq sahəsi fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün ayrıldığı üçün onun yerləşdiyi torpaq sahəsi Bələdiyyə orqanına deyil, Dövlətə məxsusdur və həmin torpaq sahəsinin satılması, icarəyə götürülməsi yalnız Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparıla bilər. Bununla əlaqədar Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 16 saylı iclas protokolunun Qərarı ilə İddiaçı ayrılmış 249.0 kv.metr torpaq sahəsinin 84.0 kv.metrlik hissəsi əsassızdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı ilə İddiaçı Göyçay Bələdiyyəsi ərazisindən 249 kv.m torpaq sahəsi ayrılmış, iddiaçı 498000 manat bələdiyyənin hesabına ödəmişdir.
3. Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Göyçay Bələdiyyəsi ərazisindən 249 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli iclas protoloundan çıxarışın surətindən görünür ki, İddiaçı Göyçay Bələdiyyəsi ərazisindən 249 kv.m torpaq sahəsi ayrılmışdır.
5. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli ödəniz qəbzindən görünür ki, 498000 manat məbləğində torpağın dəyəri Göyçay Bələdiyyəsinin hesabına ödənilmişdir
6. 2004-cü il tarixli ticarət və iaşə obyektinin Texniki Pasportun təsdiqlənmiş surəti.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-411/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü ıl tarixli 13 saylı qərarı ilə sahibkarlıq məqsədilə ayrılmış 249 kv.metr torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətlərini (naturada sahəsi, təyinatı, kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu,mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və.s) müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının nümayəndəsi olaraq iştirak edən Mahir Kərimovun naturada göstərdiyi 275 kv.metr torpaq sahəsi elektron baza məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar (ticarət obyekti) uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının nümayəndəsi torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olduğunu bildirmişdir və faktiki istifadədə olan 275 kv.metr torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri ilə üst- üstə düşmə halı mütəxəssis tərəfindən aşkar olunmamışdır. İddiaçının nümayəndəsinin naturada göstərdiyi, İddiaçı faktiki istifadəsində olduğunu bildirdiyi 275 kv.metr torpaq sahəsinin üzərində 226 kv metr tikili (sahibkarlıq obyekti) mövcuddur.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilən 249 kv.m torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2004-cü il tarixdə Göyçay Bələdiyyəsinin hesabına ödənilmişdir.İddiaçı tərəfindən hazırkı iddia tələbi həmin torpaq sahəsinin 234,7 kv.m hissəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.İddiaçı hüquqi marağını həmin hissənin üzərində qeyri-yaşayış binasının olması ilə izah etmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsinin rəyi təqdim edilməməsi və bəzi sənədlərin arxiv nüsxəsinin olmaması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdrıması zamanı təqdim olunan bələdiyyə qərarı və digər sənədlərin mötəbərliyinə şübhə yaranmamış, sənədlərin həqiqiliyi təsdiq olunmuşdur.Cavabdehin təqdim etdiyi sənədlərin içərisində zəruri olan bələdiyyə qərarı mövcud olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın və rəyin tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli iclas protoloundan çıxarışa əsasən iddiaçıya ayrılmış ünvan 1ndə yerləşən 234,7 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə