Məhkəmə qərarları › İş №2-1(116)-917/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-917/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-917/2020 10.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçının etibarnamə üzrə saləhiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər X6, X12, X15) qarşı “üçüncü şəxslər X6, X12 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6, X12 və X8 ona məxsus Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Qeyd olunan mənzil DƏDRX tərəfindən 27.08.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı sözügedən mənzili 21.08.2019-cu il tarixdə alqı-satqı müqaviləsi ilə almışdır. Mənzilin alqı-satqısı zamanı X6 və X12 razılıq ərizəsi vermiş, X15 isə satıcı kimi alqı-satqı müqaviləsini imzalanmışdır. Adları sadalanan hər üç şəxs qeyd olunan mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq faktiki olaraq həmin ünvanda yaşamır. Üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda olması onun həmin mənzildən sərbəst istifadə və sərəncam hüququna maneə yaradır. İddiaçı bununla bağlı Cavabdehnə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqan müraciəti mülki xarakterli hesab etdiyi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 10 avqust 2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq “üçüncü şəxslər X6, X12 və X10 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: X1 05.09.2005-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 03345274 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X9 02.04.2007-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 04716978 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X11 08.09.2005-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 03345436 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi sənədlərin surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səhaliyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, Mingəçevir ŞPŞ-nin imtina məktubu, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti, AR DİN ASAN Mingəçevir tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış, üçüncü şəxslər X12 və X6 tərəfindən notariat ofisinə təqdim edilən ərizələrin təsdiq edilmiş surətləri, Cavabdeh 23.05.2020-ci il tarixli 158-17206-1220 nömrəli məktubu, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 01.07.2020-ci il tarixli **********54 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında cavabdeh orqan və üçüncü şəxslər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, satıcı X15 ümumi sahəsi 61.14 kv.m olan 3 otaqlı mənzili alıcı İddiaçı 21.08.2019-cu il tarixdə satmışdır. İş materiallarında olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 01.07.2020-ci il tarixli **********54 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Mingəçevir şəhəri Nizami ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzilə DƏDRX tərəfindən 27.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan AR DİN “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxslər X6, X12, X15 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan üçüncü şəxslər X12 və X6 tərəfindən notariat ofisinə verilən müvafiq olaraq 14.08.2020-ci il və 20.08.2020-ci il tarixli ərizələrin təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, onlar Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirlər. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə üçüncü şəxslər X6, X12 və X8 İddiaçımülkiyyətində olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar