Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-918/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Aydınqışlaq kəndində fərdi yaşayış evinin tikintisi üçün 1997-ci ildə ayrılmış 0.34 ha torpaq sahəsinə iddiaçıların ümumi birgə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayonu Aydınqışlaq kəndində fərdi yaşayış evinin tikintisi üçün 1997-ci ildə ayrılmış 0.34 ha torpaq sahəsinə iddiaçıların ümumi birgə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə Qəbələ rayonu Aydınqışlaq kəndində 0,34 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə iddiaçılara JN-361G KOD 40608038 torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə bir sıra texniki səhvlər olduğuna görə həmin sənədin iddiaçılara məxsus olmasına dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin qətnaməsi əsasında ərizə təmin edilmiş və qeyd olunan sənədin iddiaçılara məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən cavabdehə müraciət edilmiş,cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı1 iddia etiyi 0.34 ha torpaq sahəsinə dair JN-009C saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadstr məlumat bazasında öz əksini tapmamışdır. Sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu müəyyən olmuşdur. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X1 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər PlanTna uyğun olaraq Oğuz rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və hal- hazırda kameral işlər həyata keçirilir və vətəndaşın nəzərinizə çatdırılmışdır ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN 361G KOD 40608038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0,34 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinə Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmişdir.
3. Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qəbələ rayonu, Aydınqışlaq kənd icra nümayəndəliyinin 1995-2010-cu illərin Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, İddiaçı1 təsərrüfat başçısı kimi qeyd olunmuşdur.
4. Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-96-2023 nömrəli İcra vərəqəsi.
5. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-503/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı mümkün hesab edilən hissədə əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iddia tələbinə əsasən hüquqi marağı Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə JN 361G KOD 40608038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı1 və ailə üzvlərinə iddiaçıların mülkiyyətinə verilmiş Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdehin imtinasının əsası JN-361G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərazi İdarəsində mövcud olan elektron kadstr məlumat bazasında öz əksini tapmamışdır. Sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu müəyyən olması ilə bağlıdır. İşin hallarından görünür ki, iddia olunan 0.34 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi iddiaçıların faktiki istifadəsindədir. Hüquqmüəyyənedici sənədin mötəbərliyi işin halarına əsasən sübut edilir. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı1 istifadəsində olan faktiki naturada ölçülmüş 0,36 hektar torpaq sahəsi, Qəbələ rayonu Aydınqışlaq kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Aydınqışlaq kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası həyətyanı olan Aydınqışlaq bələdiyyəsinin mülkiyyətindədir. X1 X2 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, xüsusi mülkiyyətdə (JN-361G) olan ərazi kimi göstərilmişdir. İddiaçı1 və ailə üzvlərinin adına tərtib edilmiş JN-361G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş torpaq sahəsi torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Aydınqışlaq kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində təyinatı yaşayış məntəqələri torpaqlarına aid, uqodiyası həyətyanı olan xüsusi mülkiyyətində göstərilmişdir. X1 X2 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,36 hektar torpaq sahəsi JN-361G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair DWG və TEKUİS-ə uyğun müqayisəli yerquruluşu planı tərtib edilmişdir. JN-361G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi və faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin kənarları daş hasar ilə bərkidilmiş qapalı həyət daxilindədir və üzərində fərdi yaşayış evi mövcuddur. JN-361G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş,0.36 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 0,34 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, Şəfiyeva (Qafarova) Mehin Füzuli qızı və İddiaçı4 ümumi birgə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə JN 361G KOD 40608038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyətə verilmiş Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə