Məhkəmə qərarları › İş №2-1(116)-919/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-919/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-919/2022 18.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Zaqatala rayonu keçmiş “Lenin” adına kolxozda işlədiyi, eləcə də təhsil aldığı illəri sığorta stajı kimi nəzərə alaraq iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu keçmiş “Lenin” adına kolxozda işlədiyi, eləcə də təhsil aldığı illəri sığorta stajı kimi nəzərə alaraq iddiaçıya yaşının bitdiyi gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı 1976-1980-cı illərdə X1 Texnikomunda təhsil almışdır. Bundan başqa arxiv arayışına əsasən Zaqatala rayonunda fəaliyyət göstərmiş “Lenin” adına kolxozda 1973, 1974, 1976, 1977 və 1980-ci illərdə müvəqqəti işləmişdir. Belə ki, 1973-cü ildə 96 gün, 1974-cü ildə hərbi xidmətə gedənədək 60 gün, 1976-cı ildə texnikuma daxil olanadək 38 gün, 1977-ci ildə texnikomdan tətilə gəldiyi vaxtda 123 gün və 1980-ci ildə 33 gün kolxozda işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı ilədək 2 il hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 23 il 5 ay 20 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 ay 20 gün sığorta stajına uyğun olaraq 17.361,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli etiraz məktubunda qeyd olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 64 yaşda 10 fevral 2019-cu il tarixdə pensiya yaşına çatmışdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq onun hüququ yaranan tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən. xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 23 il 5 ay 20 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 ay 20 gün sığorta stajına uyqun olaraq 17.361,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının əyani təhsil almağı haqqında arayış Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına təqdim edilmiş olduğu təqdirdə sözügedən dövrün sığorta stajına əlavə edilməsinə baxıla bilər. İmtina cavabından göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrləri və onun hərbi xidmətdə olduğu dövr daxil olmaqla ümumilikdə 23 il 5 ay 20 gün sosial sığorta stajı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Bundan əlavə olaraq iddiaçı kolxozda işlədiyi dövrlərə dair arxiv arayışı və diplomu da inzibati orqana təqdim etmişdir. İddiaçı 1973,1974, 1976, 1977 və 1980-ci illərdə Zaqatala rayonu “Lenin” adına kolxozda işləməsinə dair xx.xx.2021-ci il tarixli №1605 nömrəli arxiv arayışını təqdim etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla baqlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün ol m adıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, / dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş materiallarına İddiaçı 1976-1980-ci illərdə X1 texnikomunda təhsil almasına dair diplom əlavə edilmişdir. Belə ki, iddiaçıya verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçının əyani təhsil almasına dair arayış təqdim edildiyi təqdirdə həmin dövlərin sığorta stajına daxil edilməsi məsələsinə baxıla bilər. İlk növbədə onu qeyd etməliyik ki, vətəndaşların təhsil illərinin sosial sığorta stajına daxil edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir. Həmin qanunun 67-ci maddəsinin q bəndinə əsasən ali, orta ixtisas: texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi is stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarının İİ bəndinin 8-ci yarımbəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Eyni zamanda hal-hazırki iş üzrə iddiaçının təhsil müddətinin əyani olması müəyyən qədər şübhə doğurur. Belə ki, iddiaçının təqdim etdiyi diploma əsasən o, X1 Texnikomunda təhsil almışdır. Təhsil dövrü onun təqdim etdiyi № 079680 nömrəli diploma əsasən o, 1976-cı il tarixdən 08 aprel 1980-ci il tarixədək olan dövrdür. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Krasnodar tütün fabrikində müxtəlif vəzifələrdə çalışmışdır. Bundan əlavə olaraq iddiaçının təqdim etdiyi və yuxarıda qeyd olunan İddiaçı kolxozdakı iş dövrlərinə dair arayışda iddiaçının təhsil aldığı 1976-1980-ci illəri əhatə edən dövrlərdə yəni, 1976,1977 və 1980-ci illərdə Zaqatala rayonu “Lenin” adına kolxozda işləməsi göstərilmişdir. Onu qeyd etməliyik ki, əmək kitabçasındakı qeydlərdə göstərilən dövrlər cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmışdır. Göstərilənlərə əsasən qeyd etməliyik ki, iddiaçının təhsil aldığı dövrlərdə müxtəlif yerlərdə işləməsi onun əyani təhsil almadığını göstərir. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 23 il 5 ay 20 gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Zaqatala rayonu keçmiş “Lenin” adına kolxozda işlədiyi, eləcə də təhsil aldığı illəri sığorta stajı kimi nəzərə alaraq iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. 079680 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976cı ildən xx.xx.1980-ci ilədək X1 Texnikomunda təhsil almışdır. 3069907 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 11 gün) hərbi xidmət keçmişdir. İddiaçının hərbi xidmət müddəti işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 1605 nömrəli arxiv arayışında qedy olunur ki, iddiaçı Zaqatala rayonu “Lenin” adına kolxozda: 1973-cü il üzrə - 96 adam günü (norma 280 adam günü); 1974-cü il üzrə - 60 adam günü (norma 280 adam günü); 1976-cı il üzrə - 38 adam günü; (norma 280 adam günü); 1977-ci il üzrə - 123 adam günü (norma 280 adam günü); 1980-ci il üzrə - 33 adam günü (norma 280 adam günü) işləmişdir. Həmin illər üzrə kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitablarına, əməyin ödənişi üzrə kitablarına və kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən “Lenin” adına kolxozda minimum adam günü norması 280 gün olmuşdur. Beləliklə, iddiaçı kolxozçu kimi adıgedən kolxozda toplam 350 adam günü işləmişdir. Həmin müddətlərdə işləmiş olduğu adam günü normasının təqvim ilinə konvertasiyası zamanı iddiaçının həmin illər üzrə 1 il 3 ay 1 gün iş stajına malik olduğu müəyyən edilmişdir. İddiaçıya məxsus АТ-İ ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1978-xx.xx.1978-ci il (7 ay 15 gün), xx.xx.1978-xx.xx.1980-ci il (1 il 6 ay 6 gün) tarixlərdə Krasnodar tütün fabrikində işləmişdir. İddiaçı daha sonra xx.xx.1980-xx.xx.1981-ci il (4 ay 18 gün), xx.xx.1981xx.xx.1988-ci il (7 il 4 ay) tarixlərdə Zaqatala tütün zavodunda, xx.xx.1989-xx.xx.1999-cu il tarixlərdə Zaqatala fındıq sovxozunda işləmişdir. xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək (1 ay 20 gün) “Zaqatala-tütün” ATSC-də işləmişdir. Daha sonra xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Gəncə elektrikşəbəkə” ATSC-də (6 ay 29 gün), xx.xx.2002-xx.xx.2003, xx.xx.2003-xx.xx.2004-cü illərdə (1 il 5 ay 28 gün) "xxxx" MMC-də işləmişdir. Əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajının 21 il 5 ay 29 gün olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əyani təhsil almasının şübhə doğurduğu bildirilmiş, təsdiqini tapmayan şübhələrə istinadən xx.xx.1976-xx.xx.1980-ci illərdə təhsil aldığı müddət əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.1980-ci il tarixədək Krasnodar tütün fabrikində işləməsi müəyyən edilmişdir. İddiaçının xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmasını və həmin müddətin sosial sığota stajına hesablandığını nəzərə alan məhkəmə hesab edir ki, göstərilən müddət iddiaçının təhsil müddəti kimi təkrar sosial sığorta stajına hesablana bilməz. Lakin iddiaçının xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başladığı xx.xx.1978-il tarixədək olan dövr təhsil müddəti kimi nəzərə alınmalıdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını iddiaçının hərbi xidmət dövrü, təhsil müddəti, kolxozda iş stajı və əmək kitabçasına əsasən öz təsdiqini tapmış iş stajı birgə hesablamaqla, aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. İddiaçının 64 yaşda pensiya yaşına çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Təhsil müddəti nəzərə alınmaqla cavabdeh tərəfindən mübahisələndirilən kolxozda işlədiyi müddətin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Zaqatala rayonu keçmiş “Lenin” adına kolxozda işlədiyi, eləcə də təhsil aldığı illəri sığorta stajı kimi nəzərə alaraq iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar