Məhkəmə qərarları › İş №2-1(116)-92/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-92/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-92/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı "JN-284A kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən ləğv edilməsi, torpaq sahəsinin ölçüsü qeyd edilən hissədə düzəliş edilərək "0,65 ha" sözünün "0,30 ha" sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göyçay Rayon X13 sədri tərəfindən təsdiq edilmiş "Göyçay rayonunun Ləkçıplaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 283-cü sətrində 0,20 ha həyətyanı torpaq sahəsi ilə bağlı X9 və onun ailə üzvlərinin adları, 284-cü sətrində isə X7 və X3 adları göstərilmişdir. Göyçay Rayon X13 xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə 0,65 ha həyətyanı torpaq sahəsinin X7 və X3 mülkiyyətinə verilməsi qərara alınmış və bununla bağlı JN- 284A kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bundan başqa, Göyçay Rayon X13 həmin qərarı ilə 0,78 ha və 0,11 ha həyətyanı torpaq sahələrinin X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi qərara alınmış və bununla bağlı müvafiq olaraq JN-283F və JN-283G kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"ləri verilmişdir. X14 xx.xx.2011-ci ildə, X10 xx.xx.2016-cı ildə vəfat etmişlər. Üçüncü şəxs X12 Göyçay Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1998-ci ildə verilmiş JN-283G kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd olunmuş "X10"nın X11 olması faktının müəyyən edilməsini xahiş etmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə JN-283G kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd olunmuş "X10"nın "X11" olması faktı müəyyən olunmuşdur. Daha sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mərhum X5 miras qalmış Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən X11 ilə ümumi birgə mülkiyyətdə olan 0,65 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, mirasın X11 tərəfindən qəbul edilmə faktı müəyyən olunmuş, həmin kənddə yerləşən 0,65 ha torpaq sahəsinin 1/2 hissəsinə X4 qanun üzrə vərəsəlik hüququ və həmin əsasda mülkiyyət hüququ tanınmış və sonuncudan miras qalmış 0,65 ha torpaq sahəsinə üçüncü şəxs X6 qanun üzrə vərəsəlik və mülkiyyət hüququ tanınmışdır. İddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, JN-284A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən ləğv edilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, müraciətdə qeyd olunan məsələnin həlli İdarənin səlahiyyətində deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon X13 xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə X7 və X3 birgə mülkiyyətinə verilmiş 0,65 ha həyətyanı torpaq sahəsinin 0,35 ha hissəsi onun babasının, sonradan isə valideynlərinin qanuni istifadəsinə keçmiş torpaq sahəsidir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında iddianı qəbul etməmiş və imtina məktubunun dəlillərinə əsaslanmışdır. Üçüncü şəxs X12 iddiaya qarşı etirazında iddiaçının JN-284A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"ni mübahisələndirmək hüququ olmadığını və həmin şəhadətnamədə 0,65 ha torpaq sahəsinin X13 qərarına əsasən qeyd edildiyini bildirmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-284A kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Göyçay Rayon X13 xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə 0,65 ha həyətyanı torpaq sahəsinin X7 və X3 mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, JN-283F kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Göyçay Rayon X13 həmin qərarı ilə 0,78 ha həyətyanı torpaq sahəsi X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, JN-283G kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Göyçay Rayon X13 həmin qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının tələbinin icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X23 səlahiyyətində deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edildi ki, Göyçay rayonu Ləkçıplaq kəndində X7 və X8 naturada göstərilmiş istifadələrində olan həyətyanı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları götürülmüşdür. Həmin koordinatlar elektron məlumat bazasında mövcud olan torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialları ilə araşdırılan zaman məlum olmuşdur ki, kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadə vəziyyəti arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi mövcuddur. JN-284A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən konfiqurasiya faktiki naturadakı istifadəçilik vəziyyətini əks etdirmir. Bu səbəbdən də X7 və X8 naturada istifadə etdikləri torpaq sahələrinin JN-284A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Göründüyü kimi, nə X7, nə də X8 ailə üzvlərinin faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları onların adına olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən koordinatlara uyğun deyil, bu səbəbdən də faktiki istifadə olunan torpaq sahələrinin JN-284A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyil. Məhkəmə X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki istifadə etdikləri koordinatlar deyil, 284A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş koordinatlar üzrə 0,35 ha hissəsinin iddiaçının babasının, sonradan da valideynlərinin qanuni istifadəsinə keçmiş torpaq sahəsi olması məsələsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Müəyyən edildi ki, Göyçay rayonu Ləkçıplaq kəndinin 1996-cı ilə aid təsərrüfatbaşına kitabında X8 adında 0,20 ha həyətyanı torpaq sahəsi vardır. Eyni zamanda, xx.xx.2002-ci ildə Göyçay Rayon AİK-in sədri tərəfindən təsdiq edilmiş "Göyçay rayonu Ləkçıplaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də də X8 və ailə üzvlərinin qanuni istifadəsində 0,20 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Lakin buna baxmayaraq onların adına tərtib edilmiş JN- 283F və JN-283G kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə onların mülkiyyətinə 0,78 ha və 0,11 ha olmaqla cəmi 0,89 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. Deməli, X8 və ailə üzvlərinin mülkiyyətinə onların qanuni istifadəsində olmuş 0,20 ha-dan əlavə 0,69 ha torpaq sahəsi verilmişdir. Digər tərəfdən, iddiaçı qeyd olunan 0,35 ha torpaq sahəsinə onun valideynlərinin istifadə, yaxud mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədə malik deyil. Belə olan halda, iddiaçının 284A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,65 ha torpaq sahəsinin 0,35 ha hissəsinin onun atasına məxsus olması barədə dəlilləri əsaslı sayıla bilməz. Beləlikıə, məhkəmə bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı "JN-284A kod 40809018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən ləğv edilməsi, torpaq sahəsinin ölçüsü qeyd edilən hissədə düzəliş edilərək "0,65 ha" sözünün "0,30 ha" sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar