Məhkəmə qərarları › İş №2-1(116)-92/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-92/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-92/2022 28.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “A363233 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmayan 1272.54 kv.m torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun qeydə alınmasını və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Talıstan kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair 26 aprel 2008-ci ildə vəfat etmiş atası X5 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, A363233 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmayan 1272.54 kv.m torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun qeydə alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmənin 28.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 28.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 28.10.2021-ci il tarixli 2-1(116)-904/2021 nömrəli qərardadı ilə X2 və İsmayıllı rayon Talıstan bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, Məhkəmənin 28.04.2022-ci il tarixli, 2-1(116)-92/2022 nömrəli qərardadı ilə Talıstan bələdiyyəsinin inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İsmayıllı rayon AİK-nın 25.09.1998-ci il tarixli 60 №-li qərarı ilə iddiaçının mərhum valideynlərinə Talıstan kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.50 ha torpaq sahəsi ayrılmışdır. Həyətyanı məqsədilə verilməli olan torpaq sahəsi qaytanlanmış torpaq kitabında 0.25 ha qeyd edilməsinə və subyektlər siyahısında da müvafiq qeyd aparılmasına baxmayaraq 1227.46 kv.m torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. İddiaçı mərhum valideynlərinə verilməsi nəzərdə tutulmuş, lakin verilməmiş həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etirazını iddiaçının İsmayıllı rayonu Talıstan kəndində yerləşən 2500 kv.m torpaq sahəsinin 1250 kv.m hissəsinə dair qeydiyyat üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim etməməsi ilə əsaslandırmışdır. Üçüncü şəxs məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Digər üçüncü şəxs Talıstan bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 15.04.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - "xxxx" MMC-nin 23.11.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən, faktiki istifadəsində olan naturada ölçülmüş 0.2917 ha torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Talıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən İsmayıllı rayonu Talıstan kənd İnzibati Ərazi Vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan ərazidir. İddiaçının istifadəsində olan 0.2917 ha torpaq sahəsinin 0.12 ha hissəsi JN-515A №-li şəhadətnamə ilə üst-üstə düşür. Digər 0.1717 ha hissəsi isə Talıstan bələdiyyəsinin mülkiyyətində yerləşir. - cavabdehin 29.04.2022-ci il tarixli mütəxəsis rəyinə əlavə məktubundan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritələrində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair şəhadətnamələr qeyd edilmişdir. Həmin şəhadətnamələr tərtib olunmamışdır. Vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair plan-ölçü sənədləri tərtib edilmişdir. Mərkəzin elektron məlumatlarında (DWG) şəhadətnamələrin nömrələri qeyd edilmişdir. - JN-567 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı rayon AİK-nın 25.09.1998-ci il tarixli 60 №-li qərarı ilə X8 və X4 İsmayıllı rayonu Talıstan kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.50 ha torpaq sahəsi ayrılmışdır. - 02.09.2011-ci il tarixdə tərtib edilmiş, A363233№-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X6 İsmayıllı rayon AİK-nın 25.09.1998-ci il tarixli 60 №-li qərarı ilə 1227.46 kv.m həyətyanı torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin 16.08.2017-ci il tarixli 317 №-li arayışından və müvafiq çıxarışlardan görünür ki, İsmayıllı rayon 65 №-li Arxiv fondunda saxlanılan Talıstan kənd İƏD-nin (XDS-nin) 1957-1958-ci illərin təsərrüfatbaşına kitablarında mərhum X5 ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsi 1957-1959-cu illərdə 0.26 ha, 1972-1985-ci illərdə 0.25 ha olmuşdur. Evin tikildiyi tarix 1954-cü il qeyd olunub. - İsmayıllı rayon Notariat kontorunun cavabdehə ünvanladığı 31.08.2017-ci il tarixli 468 №-li məktubunda qeyd edilmişdir ki, X8 27.04.2008-ci ildə vəfat etmişdir və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mərhumun vərəsəsi İddiaçıdur. - İsmayıllı rayon Qeydiyyat şöbəsinin 26.04.2021-ci il tarixli 180 №-li arayışından görünür ki, X8 27.04.2008-ci ildə vəfat etmişdir. - İsmayıllı rayon AİK-nın 25.09.1998-ci il tarixli 60 №-li qərarı və ona əlavə edilmiş torpaq payı almış subyektlər siyahısından çıxarışdan görünür ki, “Talıstan” birgə təsərrüfatında aparılacaq torpaq islahatı ilə əlaqədar tərtib olunmuş yerquruluşu layihəsi və “Talıstan” birgə təsərrüfatı aqrar islahat komissiyasının 25.07.1998-ci il tarixli 4 saylı protokolu təsdiq edilmişdir. torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1450, 1451 sıra saylarının qarşısında X8 və X3 adları qeyd olunmuş, qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi 0.25 ha, faktiki istifadə edilən 0.32 ha, artıq istifadə olunan 0.07 ha göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair - 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış və 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış zəruri sənədlər olaraq qeyd edilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum atasının ailə başçısı olmaqla istifadəsində olmuş torpaq sahəsi 0.25 ha olmaqla bu barədə İsmayıllı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş, təsərrüfatbaşına kitabda və cavabdehin təqdim etdiyi subyektlər siyahısına əsasən qaytanlanmış torpaq kitabında qeydiyyat aparılmışdır. İsmayıllı rayon AİK-nın 25.09.1998-ci il tarixli 60 №-li qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında da verilməli olan torpaq sahəsi 0.25 ha olaraq göstərilsə də, faktiki olaraq 1227.46 kv.m həyətyanı torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qaytanlanmış torpaq kitabından çıxarışlar (o cümlədən, 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab edildiyindən və müvafiq sənədlərlə iddiaçının mərhum atasının qanuni istifadəsində 0.25 ha torpaq sahəsinin olması müəyyən edildiyindən, iddiaçı 1272.54 kv.m torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə A363233 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmayan, 1272.54 kv.m torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar