Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-92/2023 19.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində müəyyənləşdirilmiş aktla ona verilmiş (qonşu sərhədləri məlum olan), hazırda istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində müəyyənləşdirilmiş aktla ona verilmiş (qonşu sərhədləri məlum olan), hazırda istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Mingəçevir şəhər Mingəçevir Bələdiyyəsinin 18 aprel 2003-cü il tarixli 36/4 saylı Qərarına əsasən iddiaçıya Tərəvəzçilik sovxozunda yeni salınmış “Energetik" yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-salqı yolu ilə 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarda iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri (1 milyon 800 min manat) ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması qeyd olunmuşdur. 24 aprel 2003-cü il tarixli akta əsasən verilmiş torpaq sahəsi müəyyənləşdirilərək iddiaçıya təhvil verilmişdir. 1 milyon 800 min manat Mingəçevir Bələdiyyəsinin hesabına ödənilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 20 noyabr 2003-cü il tarixli, 375 nömrəli sərəncamına əsasən Mingəçevir Bələdiyyəsinin 36/4 saylı 18 aprel 2003-cü il tarixli qərarı ilə iddiaçıya “Energetik” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Mingəçevir şəhərinin Baş Memarı tərəfindən Mingəçevir Bələdiyyəsinin 36/4 saylı 18 aprel 2003-cü il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz-layihəsi ona təqdim edilmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçının isliladəsindədir. Eskiz layihəsinə uyğun olaraq fərdi ev tikintisi üçün bünövrə tökmüş, üç tərəfdən hasarlamalar aparılmış, qonşularala xərclər bölünmüşdür. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********82 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər (surətlər) araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarı ilə “Energetik” massivindən fərdi mənzil tikintisi üçün 0,06 hektar həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər toplusunda torpaq sahəsinin ayrılmasına dair torpaqların alqı-satqısına dair Akt, Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin və ləğv edilmiş DTXK Mingəçevir şəhər şöbəsinin müvafiq rəyləri, həmçinin torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planı mövcud deyildir. Qanunvericiliyinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin mülkiyyətə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir və planaalma aparılan anda özündə sərhədləri, ölçüləri, ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olan müəyyən miqyasda tərtib olunmuş yerquruluşu planı hazırlanır. Həmin sənəd olmadığı üçün faktiki istifadə edilən torpaq sahəsinin Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********48 nömrəli etiraz məktubunda iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1030/2022 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2003-cü il tarixli “Verilmiş torpaq sahəsinin müəyyənləşdirilməsi” aktında qeyd olunur ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarına əsasən Az.Dres qəsəbəsində “Energetik” yaşayış massivindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahədə fərid yaşayış evinin tikintisi nəzərədə tutulmuşdur. İstifadəyə və ya icarəyə verilmiş torpaq sahəsinin hüdudları yerində müəyyənləşdirildi və torpaq sahəsi başqa torpaqlardan sərhəd nişanları ilə ayrıldı. Mingəçevir ŞİH başçısının xx.xx.2003-cü il tarixli, 375 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Mingəçevir bələdiyyəsinin 36/4 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə İddiaçı “Energetik” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. X5 filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 26-Asan nömrəli arxiv arayışına təsdiq olunmuş nüsxəsi əlavə olunmuş Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarından görünür ki, həmin qərarla klub tikintisi nəzərdə tutulmuş 2,24 ha ərazidə fərdi mənzil tikintisi üçün “Energetik” yaşayış massivinin salınması və adları çəkilən vətəndaşlara həmin yaşayış massivindən alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır. Qərarın 1-1-ci bəndində qeyd olunmuşdur ki, tərəvəzçilik sovxozunda yaşayan İddiaçı yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılsın. 2-ci bənddə qeyd olunmuşdur ki, İddiaçı bildirilsin ki, fərdi mənzil tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri (1 milyon 800 min manat) ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. X5 filialının xx.xx.2022-ci il tarixli 26-Asan nömrəli məktubuna əlavədən görünür ki, Memarlıq və tikinti şöbəsi Mingəçevir bələdiyyəsinə ünvanlanmış xx.xx.2003-cü il tarixli məktubunda Az.Dres qəsəbəsində yeni salınmış “Energetik” yaşayış massivindəki ərazilərdən fərdi mənzil tikintisi və həyətyanı sahə üçün tərəvəzçilik sovxozunda yaşayan X1 alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir. Fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində tikiləcək mənzillərin sənədləri hazırlanmalı və aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmalıdır. Eyni məzmunlu əlavə X5 filialının xx.xx.2022-ci il tarixli T-84 nömrəli məktubuna da qoşma edilmiş, arxiv arayışına qeyd hissəsi əlavə edilərək göstərilmişdir ki, sənəddə ad “Nüsrət” yazılmışdır. Mingəçevir bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 806 nömrəli münasibət məktubuna əlavə edilmiş Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarının arxiv nüsxəsi də eyni məzmunlu olmuşdur. Məktuba əlavə edilmiş Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının Mingəçevir bələdiyyəsinə ünvanladığı rəyin arxiv nüsxəsində qeyd olunur ki, bir qrup şəhər sakini Mingəçevir bələdiyyəsinə müraciət edərək şəhərin sağ sahilində Az.Dres qəsəbəsində yeni salınmış “Energetik” yaşayış massivində alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılmasını xahiş etmişlər. Komissiya tərəfindən həmin əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidəki torpaq sahələri torpaq kateqoriyasına görə 3-cü zonaya aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47 və 59-cu maddələrinə, habelə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli qanununun 19-cu maddəsinə uyğun olaraq siyahıda adları göstərilən vətəndaşlara fərdi mənzil tikintisi üçün alqı-satqı əsasında baş planda göstərilmiş nömrəyə uyğun olaraq 600 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsini Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası məqsədəuyğun hesab edir. X5 filialının xx.xx.2022-ci il tarixli, T-84 nömrəli arxiv arayışına Mingəçevir bələdiyyəsinin eyni məzmunlu xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarının arxiv nüsxəsi əlavə olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 0,0608 hektardır. Elektron məlumat bazasında mövcud olan “X4 X6”nə əsasən İddiaçı naturada göstərdiyi 0,0608 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, istifadəçini müəyyən etmək səlahiyyətə aid deyildir. Döngə nöqtələri və koordinatları tərtib olunmuş yerquruluşu planında qeyd edilmişdir. X5 filialı tərəfindən filialda mühafizə olunan Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 36 nömrəli protokolunun və 36/4 nömrəli qərarlarının arxiv nüsxəsələri məhkəməyə təqdim olunmuşdur: Mingəçevir bələdiyyəsinin ümumi yığıncağının 36 nömrəli xx.xx.2003-cü il tarixli protokolundan görünür ki, iclasın gündəliyində 4-cü sırada bir qrup fiziki şəxsə fərdi mənzil tikintisi və həyətyanı sahə üçün torpaq sahəsinin ayrılması məsələsi əks olunmuşdur. Protokolun 4-cü qərarının 1-ci bəndində qeyd olunur ki, Mingəçevir şəhərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1985-ci il tarixli 385 nömrəli qərarı ilə təsdiq edilmiş baş planına əsasən tərtib edilmiş şəhərin sağ sahil hissəsinin müfəssəl planlaşdırma layihəsinə dəyişiklik edilərək klub tikintisi nəzərdə tutulmuş 2,24 ha ərazidə fərdi mənzil tikintisi üçün “Energetik” yaşayış massivi salınsın və adları çəkilən vətəndaşlara həmin yaşayış massivindən alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələri ayrılsın. Qərarın 1.1-ci bəndində qeyd olunur ki, Təbriz küçəsi ev 31 mənzil 125-də yaşayan X3 yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılsın. Qərarın 1.2-ci bəndində qeyd olunur ki, A.Şaiq küçəsi ev 9 mənzil 7-də yaşayan şəhid ailəsi X2 yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 9 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılsın. Qərarın 2-ci bəndində qeyd olunur ki, B.Ə.Əzimov və G.Ö.Abdullayevaya bildirilsin ki, fərdi mənzil tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri ******* (1 milyon 800 min) manat ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onların ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. İclasın protokoluna əsasən Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iclasın gündəliyinə iddiaçıya və iclasın qərarında göstərilən iki şəxsdən başqa digər şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı məsələ daxil edilməmiş, iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır. Protokolda 4-cü məsələ üzrə müzakirə edilən hallar 1., 1.1., 1.2., 2., 3., 4., 5., 6. və 7. məsələ kimi qeyd edilmişdir. Göstərilən sıra ardıcıllığı daxilində hər hansı əlavə mövcud deyildir. Məhkəmə işin göstərilən hallarını maddi hüquq normalarının tətbiqi baxımından təhlil edərək hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 86-cı maddəsinə əsasən, 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri;özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları; bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olan mətninə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir; 25-ci bəndinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin məhkəmə tərəfindən iddiaçının iddia etdiyi qərarın qəbul olunmasını təsdiq edən sübutlar aşkar edilməmiş, bələdiyyənin müvafiq iclasının keçirilməsini təsdiq edən sənədlər, iclas protokolu müəyyən olunmuş, lakin həmin iclasda iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərarın qəbul edilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində müəyyənləşdirilmiş aktla ona verilmiş (qonşu sərhədləri məlum olan), hazırda istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-92/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-92/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver