Məhkəmə qərarları › İş №2-1(116)-920/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-920/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-920/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1973-1974, 1977-1978, 1984-1997-ci illərdə sabiq S.Vurğun və M.Müşfiq adına kolxozda işlədiyi illərin sığorta stajı kimi hesablanması və hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF 1 saylı X3 Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1973-1974, 1977- 1978, 1984-1997-ci illərdə sabiq S.Vurğun və M.Müşfiq adına kolkozda işlədiyi illərin sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh orqanı dəqiqləşdirərək DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd etmiş və müvafiq öhdəliyin həmin inzibati orqan üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə icasında iddiaçı, yenidən tələbini dəqiqləşdirərək “1973-1974, 1977- 1978, 1984-1997-ci illərdə sabiq S.Vurğun və M.Müşfiq adına kolxozda işlədiyi illərin sığorta stajı kimi hesablanması və hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələri icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 184 nömrəli arxiv arayışına, ******* nömrəli əmək kitabçasına, ВФ 075341 nömrəli hərbi biletə və Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2022-ci il tarixli MİHO/1.2.15-3-2022-4489 nömrəli arxiv arayışına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı 21 iyun 2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 filialına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən sosial sığorta stajı əmək kitabçası əsasında müəyyən edildiyindən iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7, 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11, 21.1-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli № 175 saylı qərarına istinad edərək qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu Məlikumudlu kənd “S.Vurğun” və “M.Müşfiq” adına kolxozda işlədiyi dövr (1973-cü il tarixdən 1998-ci il tarixədək) əmək kitabçasında qeyd olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. X5 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Lakin PASa baxış keçirilərkən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. Digər bir hal, iddiaçının Zərdab rayonu Məlikumudlu kənd “S.Vurğun” və “M.Müşfiq” adına kolxozda işləməsi faktının arxiv arayışı ilə təsdiq edilməsidir. Belə ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı tərəfindən verilmiş 05.01,2023-cü il tarixli 2 nömrəli verilmiş arxiv arayışında həmin dövr üzrə “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda minimum əmək iştirak normasının neçə gün olması qeyd olunmadığından iddiaçının sığorta stajını hesablamaq mümkün olmamışdır. Zərdab rayon Dövlət Arxivinə xx.xx.2023 tarixli 3-17-1/2-4132/2023 nömrəli sorğu göndərilərək, İddiaçı işlədiyi Zərdab rayonu Məlikumudlu kənd “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda (bu mümkün olmadıqda (kolxoz sənədlərinin dövlət arxivinə təhvil verilməməsi və s.) müvafiq dövrdə Zərdab rayonunda fəaliyyət göstərmiş digər yaxın kolxozlarda) kişilər üçün minimum əmək iştirak normasının neçə gün (ay) olması, iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri, sözügedən dövrlər üzrə əmək haqqı cədvəlləri barədə məlumatların mümkün qədər qısa müddətdə təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Zərdab rayon Dövlət Arxivi tərəfindən göndərilmiş xx.xx.2023 tarixli 3 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı fəaliyyət göstərdiyi kolxoda əmr kitabı olmamış, habelə Dövlət Arxivində mühafizə olunan kolxozçuların şəxsi hesab kitablarında adam günü normativi barədə heç bir qeyd aşkar olunmamışdır. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011¬ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, iddiaçının 1973-1974,1977-1978,1984-1997-ci illərdə “S.Vurğun’’ və “M.Müşfiq” adına kolxozda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışı ilə təsdiqləndiyindən, lakin əmək kitabçasında öz əksini tapmadığından sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. “Sosial müavinətlər haqqında“ Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, 01.01,2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 184 nömrəli arxiv arayışından və Zərdab rayon Dövlət Arxivində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Zərdab rayonu Məlikumudlu kəndi sabiq S.Vurğun və M.Müşfiq adına kolxozda kişilər üçün minimum adam günü norması 1982-ci ilədək 240, 1983-cü ildən 1997-ci ilədək 200 gün göstərilmiş və iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1977- 302 gün, 1989- 276 gün, 1978- 285 gün, 1992- 321 gün, 1985- 304 gün, 1996- 347 gün 1986-1987, 1990-1991, 1993-1994-cü illərdə 365 gün. - ******* nömrəli əmək kitabçasında iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.2000 - xx.xx.2001 xx.xx.2003 - xx.xx.2004 -ВФ 075341 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. - Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2022-ci il tarixli MİHO/1.2.15-3- 2022-4489 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (əvvəllər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti) arxivində saxlanılan sənədlərə müvafiq olaraq iddiaçı, həqiqətən 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə dinləyici qəbul olmuşdur (əmr № 678, xx.xx.1978-ci il), 1979-cu ildə hazırlıq şöbəsində qəbul imtahanlarını verdikdən sonra “zootexniya" ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuşdur (əmr № 473, xx.xx.1979-cu il) və 1984-cü ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (əmr №470, xx.xx.1984-cü il). - Zərdab rayon Dövlət Arxivində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı 1973-1974, 1977-1978, 1984-1997-ci illərdə kolxoz üzvi kimi əmək fəaliyyətini araşdırarkən kolxoz şəxsi hesab kitablarına minimum əmək iştirakı normasına rast gəlinməmişdir, Zərdab rayon Dövlət arxivində saxlanılan rayon sabiq kolxozlarının heç birində minimum əmək iştirakı norması barədə qeyd aparılmamışdır. X4 arxivində saxlanılan pensiya işlərində kolxoz əmək fəaliyyətinin hesablanması aparılarkən Zərdab rayonu üzrə kişilərin minimum əmək günü 1982-ci ilədək 240, 1983-cü ildən 1997-ci ilədək 200 adam günü qaydasında nəzərə alınmışdır. - Zərdab rayon Dövlət Arxivində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı kolxoz üzvi kimi əmək fəaliyyəti Zərdab rayon Dövlət arxivində saxlanılan rayonun sabiq S.Vurğun və M.Müşfiq adına kolxozların kolxozçularla hesablaşma kitablarına əsasən araşdırılmış, Zərdab rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 150 saylı arxiv arayışında göstərilən qaydada işləməsi faktı təsdiq olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlilləri – iddiaçının Zərdab rayonu Məlikumudlu kənd “S.Vurğun” və “M.Müşfiq” adına kolxozda işlədiyi dövr (1973-cü il tarixdən 1998-ci il tarixədək) əmək kitabçasında qeyd olunmaması, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması, 05.01,2023-cü il tarixli 2 nömrəli verilmiş arxiv arayışında həmin dövr üzrə “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda minimum əmək iştirak normasının neçə gün olması qeyd olunmaması və Dövlət Arxivində mühafizə olunan kolxozçuların şəxsi hesab kitablarında adam günü normativi barədə heç bir qeyd aşkar olunmaması ilə bağlı olmuşdur. Lakin, məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının Zərdab rayonu Məlikumudlu kənd “S.Vurğun” və “M.Müşfiq” adına kolxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmamasına münasibətdə məhkəmə qeyd edir ki, iddia olunan dövrün sosial sığorta stajına arxiv arayışı əsasında qəbul edilməli olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinin tələblərindən irəli gəlir. Sözügedən arxiv arayışında “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda minimum əmək iştirak normasının neçə gün olması qeyd olunmasa da işdə olan, cavabdeh orqanın əməkdaşlarının iştirakı ilə Zərdab rayon Dövlət Arxivində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Zərdab rayon Dövlət arxivində saxlanılan rayon sabiq kolxozlarının heç birində minimum əmək iştirakı norması barədə qeyd aparılmamışdır. Lakin, Fondun Mərkəzi arxivində saxlanılan pensiya işlərində kolxoz əmək fəaliyyətinin hesablanması aparılarkən Zərdab rayonu üzrə kişilərin minimum əmək günü 1982-ci ilədək 240, 1983-cü ildən 1997-ci ilədək 200 adam günü qaydasında nəzərə alınmışdır. Yəni, müəyyən edilmiş inzibati praktikaya əsasən Zərdab rayonu üzrə kişilərin minimum əmək günü 1982-ci ilədək 240, 1983-cü ildən 1997-ci ilədək 200 adam günü qaydasında nəzərə alındığından cavabdeh orqan həmin məlumatlara istinad edərək arxiv arayışı əsasında iddiaçının “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işlədiyi müddətin bərabər olduğu sosial sığorta stajını hesablaya bilərdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, sözügedən kolxozda 1977-1978, 1985-1988, 1989-1996-cı illərdə minimum əmək günü normasını yerinə yetirmişdir və həmin müddətin cəmi 14 ilə bərabərdir. Həmin kolxozda iddiaçı, 1973-cü ildə - 69, 1974-cü ildə - 229 gün işləmişdir. Qeyd olunan illər üzrə minimum adam günü norması 240 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 2 ay 27 gün müəyyən edilir (69+229=298/240=1.24). İddiaçı həmin kolxozda 1984-cü ildə 121 gün işləmişdir. Həmin il üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 7 ay 8 gün müəyyən edilir (121/200=0.60). Beləliklə, yuxarıda qeyd edilən müddətlər toplandıqda iddiaçının “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işlədiyi müddət 14 il 10 ay 5 gün müəyyən edilir. Həmin müddətin üzərinə iddiaçının hərbi xidmətdə olduğu 1 il 11 ay 9 gün, əyani təhsil aldığı 4 il 10 ay 7 gün və əmək kitabçasında qeyd edilmiş 3 il 8 ay 11 gün toplandıqda iddiaçının 25 ildən artıq (25 il 4 ay) ümumi sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçınnın məhkəmə araşdırması zamanı müəyyən edilmiş sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə kifayət etdiyindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınıb-alınmamasının yoxlanılmasına və bu əsasla müraciətin təmin edilməsindən imtina edilməsinə heç bir hüquqi əsas olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 1973-1974, 1977-1978, 1984-1997-ci illərdə Zərdab rayonu Məlikumudlu kəndi sabiq S.Vurğun və M.Müşfiq adına kolxozlarda işlədiyi illəri sığorta stajı kimi hesablamaqla ona hüququnun yarandığı – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar