Məhkəmə qərarları › İş №2-1(116)-923/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-923/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-923/2021 19.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı “cavabdeh tərəfindən “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının direktoru A.Hacıyev tərəfindən “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya keçirdiyi xəstəliklə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən 13.08.2018-ci ildə 2-ci qrup ümumi xəstəlikdən əlillik dərəcəsi təyin edilmiş, əlilliyə görə iddiaçı əmək pensiyasına çıxarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının verilməsini dayandırmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 14 saylı Regional Ərazi Filialının direktoru A.Hacıyev tərəfindən artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt qeyri-qanunidir. Belə ki, keçirdiyi xəstəliyə görə ona 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi və əlilliyə görə əmək pensiyasına çıxarılması onun təqsiri deyil, cavabdeh təşkilatın tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin günahıdır. İddiaçıya təyin edilmiş əlilliyin düzgün olmaması və həmin düzgün olmayan əlilliyə görə ödənilməsi qanunsuz hesab edilən məbləğə görə o deyil, həmin əlilliyi təyin edən qurum məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli **********6 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya Dövlət Sosial X6 rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 13.08.2018-ci il tarixli qərarı ilə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik dərəcəsinin etibarsız edilməsi barədə Tibbi-Sosial Ekspertiza və X5 (TSERAS) məlumat yerləşdirildiyindən, təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Əlillik etibarsız hesab olunduğu üçün nəticədə iddiaçıya 8.412,85 manat məbləğdə artıq ödəmə yaranmışdır və Fondun 14 saylı regional ərazi filialı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən pul tələbinə dair qərar qəbul edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əlilliyin müəyyən edilməsi Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. İddiaçının əlilliyinin müəyyən olunmasına dair TSEK-in qərarı əsasında Fondun 14 saylı regional ərazi filialı tərəfindən 03.04.2018-ci ildə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin, sonradan X3 38 (göndəriş) etibarsız hesab edildiyi üçün əlillik ləğv olunmuşdur. Beləliklə, əlilliyin təyin olunması üçün əsas olan Forma 88 olmadığı üçün əmək pensiyasının ödənişi Filial tərəfindən Əsasnaməsinin 3.1.3-cü bəndinə əsasən dayandırılmışdır. Etibarsız Forma 88 əsasında pensiya ödənişin aparılması əsassız (artıq) olaraq ödəniş edilməsinə səbəb olmuşdur. Filial tərəfindən Əsasnaməsinin 3.1.3-cü bəndinə əsasən, həmin məbləğin təiəb edilməsinə dair müvafiq tədbir görülməsi məqsədi ilə İnzibati icraat haqqında qanunun 82-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında **********9 nömrəli. 29.03.2021ci il tarixli qərar qəbul olunmuşdur. Qeyd olunanların qarşılıqlı təhlilindən də göründüyü kimi Fondun 14 saylı regional ərazi filialı pul tələbinə dair qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 38.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirilən 29.03.2021-ci il tarixli qərarı 09.04.2021-ci il tarixdə aldıqdan sonra 05.05.2021-ci il tarixdə iddia ərizəsini İsmayıllı rayon poçt şöbəsinə Şəki İnzibati Məhkəməsinə göndərilməsi üçün təqdim etmişdir. İş materiallarında olan Dövlət Sosial X6 rayon şöbəsinin 14.06.2018-ci il tarixli, 365 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 13.03.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdehin iddiaçıya ünvanladığı 29.03.2021-ci il tarixli **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X5 (TSERAS) məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, iddiaçının əlilliyinin qeyri-qanuni olduğu müəyyən edilmiş və ona pnsiya ödənilməsi 01.07.2020-ci il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 13.08.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək iddiaçıya ümumilikdə qanunsuz olaraq 8.412.85 (səkkiz min dörd yüz on iki manat səksən beş qəpik) manat məbləğdə vəsait ödənilmişdir. Qeyd olunan vəsaitin Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə Fondun 14 saylı regional ərazi filialı tərəfindən qəbul olunmuş qərarı məlumat üçün iddiaçıya göndərilmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən 29.03.2021-ci il tarixli **********9 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1985-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayon R.Behbudov küçəsi ev 05 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 13.08.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş cəmi 8.412,85 manat (səkkiz min dörd yüz on iki manat səksən beş qəpik) məbləğdə əmək pensiyasının tələb edilərək 10 gün müddətində Qəbələ şəhəri, Z.Əliyeva - 8 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına ödənilməsi qərara alınmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 №-li Qərarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin qərarın 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkımməsiəhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-cı il 29 fevrəi tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2.1.4-cü bəndinə əsasən, strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə, 3.1.2-ci bəndinə görə, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, 3.1.3-cü bəndinə əsasən isə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Nizamnamənin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X8 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 14 saylı regional ərazi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinatlar. taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-cü bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Hazırkı mübahisəyə münasibətdə inzibati aktla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Normanın tələbindən də göründüyü kimi, həmin normaya görə qanunverici pensiya təyin edən orqana artıq ödənilmiş əmək pensiyası və əlavənin, yəni faktiki olaraq ödənilməli olan, lakin düzgün hesablanmayaraq ödənişi artıq həyata keçirilmiş məbləğlərin məhkəmə qaydasında tələb edilməsi mexanizmini təsbit etmişdir. Hazırkı iş üzrə cavabdehin mübahisəli qərarına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qərarın adı “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” kimi ifadə olunsa belə, bu qərarla faktiki olaraq ödənilməli olmayan, yəni etibarsız akt əsasında həyata keçirilmiş ödənişlərin geri tələb edilməsi nəzərdə tutulur ki, bu da məhz yuxarıda göstərilən normaların və inzibati akta dair tələblərin məzmunundan da aydın olduğu kimi, cavabdehin səlahiyyətinə aid olmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 1) borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 2) pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 3)inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə isə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında göstərilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. Məhz bu sosial hüquqların həyata keçirilməsi dövlətin müstəsna səlahiyyətlərinə aid edilsə də, hər hansı şəxs və ya şəxslər qrupu tərəfindən belə sosial hüquqların həyata keçirilməsi prosesində sui-istifadələrə yol verməsi, dövlətin sosial funksiyasının həyata keçirilməsinə böyük zərbə və sosial balansın pozulmasına yönəlik addım kimi qiymətləndirilməlidir. İddiaçının iddia tələbini əsaslandırmaq üçün cavabdehin mübahisələndirilən qərarına qarşı, faktiki olaraq ona pensiya təyin edilməsinin özünün deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqsiri olmasını bildirməsi əsassızdır və məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilməkdədir. Belə ki, iddiaçının əlillik dərəcəsi Agentlik tərəfindən etibarsız hesab edilmiş, Agentliyin qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa 65.2-ci maddəsinə əsasən isə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Bu isə onu deməyə əsas verir ki, məhz iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edilməsi, əlillik dərəcəsinin təyin edildiyi andan ona münasibətdə əldə edilmiş bütün hüquqi nəticələrin ortadan qalxmasına səbəb olmuş, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar isə məhz bu nəticələrin aradan qaldırılımasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, hər-hansı şəxsə əsassız olaraq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ, bu hüququn həyata keçirilməsi prosesində ödənişlərin məhz həmin cavabdeh tərəfindən həyata keçirilməsi nəzərə alınmaqla, onun özü tərəfindən də həll edilməlidir. Elə bu səbəbdəndir ki, cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Azərbaycan respublikasının Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, inzibati orqanın mübahisəli qərarı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, inzibati praktikaya və inzibati orqanın güddüyü məqsədlərə uyğun və mütənasib olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; 69.5-ci maddəsinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı “cavabdeh tərəfindən “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar