Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-923/2022 25.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının fərdi yaşayış evini və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsini, qanuni istifadəsinə və ya icarəsinə həmin torpaq sahəsinin verilməsini təsdiq edən sənədi olmayan özgə şəxsin (şəxslərin) mükiyyətinə verilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və N.Məmmədovanın fərdi yaşayış evinin və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin həmin evin mülkiyyətçisi olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, 0,25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin özgə şəxlərə qanunsuz satılmasına dair vəzifəli şəxslərin müəyyən edilməsi, onların Cinayət Məcəlləsinin 314-1.1-ci maddəsinəndə nəzərdə tutulan qaydada cəzalandırlması və vəzifəli şəxslər tərəfindən satılmış torpaq sahəsi və fərdi yaşayış evinin Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılara 25.02.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia ərizəsində qeyri-müəyyənlik olduğundan müvafiq dəqiqləşmələr aparılmalıdır. Belə ki, ərizənin məzmunundan məhkəməyə müraciət etməkdə məqsədlərinin “mübahisəli 0,25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin özgə şəxlərə qanunsuz satılmasına dair vəzifəli şəxslərin müəyyən edilməsi, onların Cinayət Məcəlləsinin 314-1.1ci maddəsində nəzərdə tutulan qaydada cəzalandırılması və vəzifəli şəxslər tərəfindən satılmış torpaq sahəsi və fərdi yaşayış evinin Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması” ilə bağlı olduğu aydın olsa da, tələblər fərqli tələblər olmaqla ayrı-ayrılıqda müxtəlif cavabdehlərə qarşı yönəldilməlidir. Həmçinin bildirilmişdir ki, iddiaçıların iddia ərizəsi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı iddia ərizəsinin təqdim edildiyi 16.02.2022-ci il tarixdən əvvələ aid olmalıdır. İddiaçıların diqqətinə çatdırılmışdır ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində 1-ci və 2-ci bəndlərində qeyd etdikləri (1) “mübahisəli 0,25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin özgə şəxlərə qanunsuz satılmasına dair vəzifəli şəxslərin müəyyən edilməsi” və (2) “onların Cinayət Məcəlləsinin 314-1.1-ci maddəsinəndə nəzərdə tutulan qaydada cəzalandırılması”na dair tələblər inzibati məhkəmənin səlahiyyətlərinə aid deyildir. İddia tələbinə həmin hissədə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən iddia tələbində 1-ci və 2-ci bəndlərdə qeyd edilən tələblərə aid hissədə düzəlişlərin aparılaraq iddia tələbini dəqiqləşdirmək, həmçinin qeyd olunan nöqsanlara münasibət bildirmək iddiaçılara təklif olunmuşdur. İddiaçılar yardım məktubunu aldıqdan sonra 05.04.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlamış və “cavabdeh tərəfindən Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının fərdi yaşayış evini və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsini, qanuni istifadəsinə və ya icarəsinə həmin torpaq sahəsinin verilməsini təsdiq edən sənədi olmayan özgə şəxsin (şəxslərin) mükiyyətinə verilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və N.Məmmədovanın fərdi yaşayış evinin və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin həmin evin mülkiyyətçisi olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin 13.04.2022-ci il tarixli 2-1(116)-923/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Hər iki iddia ərizəsini imzalamış şəxslərin adlarının qarşısında aparılmış qeydlərdən müəyyən edilmişdir ki, İddiaçı1 Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının oğlu, İddiaçı2 və İddiaçı3 isə bacısı oğlanlarıdır. İddia ərizəsinin əsaslarına görə, DƏDRX 17 saylı Yevlax ərazi idarəsinin vəzifəli şəxsləri 21 iyul 2017-ci il il tarixli məkubda 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq etmiş təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqlarının dövlət reyestrində iddiaçıların anası X1 adına qeydiyyata alınması barədə çıxarışın verilməsi üçün qanunsuz olaraq dövlət rüsumu tələb etmişlər. Cavabdehin vəzifəli şəxsləri iddiaçıların təkrar müraciətlərinə 21.08.2017-ci il tarixli cavab məktubunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən analarının qanuni istifadəsinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin ölçüsündən cəmi 0,0681 ha həyətyanı torpaq sahəsi qaldığını bildirmişlər. İddiaçıların təkrar müraciətində onların analarının qanuni istifadəsinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin kimin mülkiyyətinə verdiklərini, həmin qanunsuz qərarın ləğv edilməsini, torpağın və evin üzərində mülkiyyət hüquqlarını təsdiq etmiş təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın iddiaçıların analarının adına verilməsi barədə onların xahişini rədd etmiş, 27 noyabr 2017ci il tarixli məktubda yazmışlar ki, onların əvvəlki müraciətlərinə cavab verilmişdir. Məhkəmə tərəfindən iddiaçılara göstərilən hüquqi yardımın davamı olaraq hazırlıq icraatı çərçivəsində məhkəmə iclası təyin edilmiş, lakin iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçıların iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçıların hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçılar iddia tələbində 0,25 ha torpaq sahəsinin Məmmədova (Kərimova) Nurqələm Cəlil qızına qaytarılmasını xahiş etsələr də, əraziyə baxış keçirildikdə torpaq sahəsinin 0,0681 ha təşkil etdiyi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmənin ilkin hüquqi yardım məktubunda göstərilən, iddia tələbində olan qeyri-müəyyənlik iddiaçılar tərəfindən aradan qaldırılmamış, məhz hansı qərarın ləğvinin tələb edildiyi, hansı torpaq sahəsinin qaytarılmasının tələb olunduğu qeyrimüəyyən olaraq qalmışdır. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının fərdi yaşayış evini və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsini, qanuni istifadəsinə və ya icarəsinə həmin torpaq sahəsinin verilməsini təsdiq edən sənədi olmayan özgə şəxsin (şəxslərin) mükiyyətinə verilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və N.Məmmədovanın fərdi yaşayış evinin və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin həmin evin mülkiyyətçisi olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-923/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-923/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver