Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-924/2020 01.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X3 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “H2 həvəsləndirmə tədbirinin tətbiq edilməsinə və bunun üçün nəzərdə tutulmuş məbləğin xx.xx.2018-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H2 həvəsləndirmə tədbirinin tətbiq edilməsinə və bunun üçün nəzərdə tutulmuş məbləğin xx.xx.2018-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Təhsil Nazirliyinin təşkil etmiş olduğu müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək test imtahanından 40.1673 bal toplamışdır. O, Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərinin seçimi) Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəbin kimya fənni üzrə verilmiş 5 saat və H1 həvəsləndirmə tətbiq edilmiş vakant yeri seçmişdir. Müsabiqənin dördüncü mərhələsini də (müsahibə) uğurla keçmişdir. Nazirliyin göndərişi əsasında Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəbin rəhbəri ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanaraq əmrlə rəsmiləşdirilmişdir. H1 həvəsləndirmə tədbirinə, yəni rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblər, H2 həvəsləndirmə tədbirinə isə rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblər daxildir. İddiaçının işlədiyi Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəb, rayon mərkəzindən 22 km məsafədə yerləşir. Lakin ona məlum olmayan səbəblərdən H2 həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Bunun üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə və Təhsil Nazirliyinə müraciət etsəm də, müraciətim təmin edilməmiş, cavab məktubunda Təhsil Nazirliyi Çaxırlı kəndi Göyçay rayonunun mərkəzindən 19 km məsafə yerləşdiyi üçün, H2 həvəsləndirmə tədbirinin tətbiq edilməsinin mümkünsüzlüyünü bildirmişdir. Halbuki, Göyçay şəhər X2 rayonun Çaxırlı kənd orta məktəbinə olan məsafə 22 km-dir. Lakin, Ucar şəhəri Cavabdeh müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2014-cü il tarixli 870 nömrəli əmrinə məhəl qoymurlar. Belə ki, müəllimi olduğum Göyçay rayonu Çaxırlı kənd tam orta məktəbə H2 həvəsləndirmə tədbirinin şamil olunmadığını deyirlər. Tərəflər və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onalrın iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçıya təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya qeyd olunan tələblə aiddiyyəti üzrə ümumi məhkəmələrə müraciət etməsi barədə xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanmış, xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı yardıma Şəki İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş münasibətində bildirmişdir ki, iddia tələbinin mümkün hesab edilərək, mahiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılıb müvafiq qərar qəbul edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2020-ci il M- 1300/09-24 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdim etdiyi rəsmi məlumata əsasən Çaxırlı kəndi Göyçay rayonunun mərkəzindən 19 km məsafədə yerləşir. Bununla əlaqədar sözügedən məktəblərə təyin edilmiş gənc müəllimlərə birinci istiqamət üzrə həvəsləndirmə tədbirləri tətbiq edilir. İş materiallarında olan A seriyalı 031542 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Gəncə Dövlət Universitetinin Kimya müəllimliyi ixtasını bitirmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı ilə xx.xx.2018-ci il tarixdə 2018/2019-cu dərs ilində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsi nəticəsində H1 istiqaməti üzrə Çaxırlı kənd ümumi orta məktəbinə ixtisası üzrə müəllim təyin olduğu üçün daimi əmək müvailəsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli 239 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2018-ci il tarixli 610 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2018-ci il tarixli F-618 nömrəli məktubu ilə Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəbinə H1 həvəsləndirmə tədbiri tətbiq edilməklə müddətsiz müavilə ilə xx.xx.2018-ci il tarixdən müəllim təyin olunmuşdur. İş materiallarında olan Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2020-ci il tarixli 248 nömrəli məktubundan görünür ki, Göyçay rayon mərkəzindən rayonun Çaxırlı kəndinin mərkəzinə qədər olan məsafə 23 km, Çaxırlı kənd tam orta məktəbə qədər olan məsafə 22 km, Çaxırlı kənd ümumi orta məktəbə qədər olan məsafə isə 24.5 km təşkil edir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2020ci il tarixli 3/02-6499 nömrəli məktubundan görünür ki, respublika əhəmiyyətli Göyçay- Bərgüşad avtomobil yolundan və bu yolun 13-cü kilometrindən ayrılan, yerli əhəmiyyətli Məlikkənd-Çaxırlı-Bəydövül avtomobil yolundan istifadə etməklə Göyçay şəhərinin mərkəzindən Çaxırlı kənd tam orta məktəbinə qədər olan məsafə 24.5 km təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh qismində qoyulan orqan inzibati orqan statusuna malik olmuş olsa da, lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisə publik hüquq münasibətlərindən deyil, xüsusi hüquq münasibətlərindən, daha dəqiq deyilsə, əmək hüquq münasibətlərindən irəli gəlmişdir. Hazırkı iddia ərizəsindən isə bariz şəkildə müəyyən olunur ki, cavabdeh qismində inzibati orqan olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh göstərilsə də, irəli sürülən tələb xüsusi mülki hüquq münasibətlərinə aiddir. Göründüyü kimi, hazırkı iddia tələbi mülki mübahisədir. Odur ki, publik hüquqla tənzimlənmir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən xüsusatlar əmək hüquq münasibətlərindən irəli gəldiyindən, hazırkı mübahisəyə inzibati icraat qaydasında inzibati məhkəmədə deyil, mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı “H2 həvəsləndirmə tədbirinin tətbiq edilməsinə və bunun üçün nəzərdə tutulmuş məbləğin xx.xx.2018-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. İddiaçıya hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-924/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-924/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver