Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-924/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Azərbaycan Respublkası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 21.05.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırki iddia tələbinə cavab verməli inzibati orqan deyil. Buna görə də cavabdeh qismində Azərbaycan Respublkası Müdafiə Nazirliyi qeyd olunmalıdır. Bu növ iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. Odur ki, iddia ərizəsində tələbin yönəldiyi cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd olunması və iddia ərizəsinə müraciətin təmin olunmasından cavabdeh inzibati orqanın imtina etməsi, yaxud cavabsız saxlaması barədə sənədin əlavə edilməsi üçün iddiaçıya 10 gün müddətində vaxt təyin edilmişdir. Müvafiq yardım məktubu 27.05.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilmişdir. İddiaçı tərəfindən 03.06.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd olunmasını xahiş edilmişdir. Şəki İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli 2-1(116)-924/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı ərizəsində cavabdehin verdiyi imtina məktublarının surətini məhkəməyə təqdim etdiyini bildirsə də, müraciətinin təmin olunmasından cavabdeh inzibati orqanın imtina etməsinə, yaxud cavabsız saxlamasına dair faktiki olaraq heç bir sənəd əlavə etməmişdir. Cavabdeh Azərbaycan Respublkası Müdafiə Nazirliyi iddia tələbi üzrə məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddia tələbi xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçı “Müharibəsi veteranı” adının və vəsiqənin verilməsi üçün müvafiq ərizə ilə Müdafiə Nazirliyi aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya” müraciət etməmiş və Komissiya tərəfindən iddiaçı barəsində onun hüquqlarını məhdudlaşdıran hər hansı inzibati akt qəbul edilməmişdir. Odur ki, məhkəmədən iddianın mümkünsüz sayılması xahiş edilmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi sənədlər aşağıdakılar olmuşdur ki, onların da heç biri cavabdeh inzibati orqanın, yəni Müdafiə Nazirliyinin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsini, yaxud müraciətini cavabsız saxlamasını əks etdirmir: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 11.12.2019-cu il tarixli, 813 nömrəli və 12.03.2021-ci il tarixli M/1075 nömrəli məktubu, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin SHÇÜDX-nin Oğuz rayon bölməsinə ünvanladığı məktub, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 16.04.2020-ci il tarixli arxiv arayışı, SHÇÜDX-nin Oğuz rayon bölməsinin 17.10.2019-cu il tarixli arayışı, Mərkəzi Hərbi Həkim Komissiyasının SHÇÜDX-nin Oğuz rayon bölməsinə ünvanladığı 28.10.2019cu il tarixli və 05.12.2019-cu il tarixli məktublar, ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15.03.2021-ci il tarixli məktubu, Oğuz rayon Mərkəzi Xəstəxanasının möhürü ilə təsdiq edilmiş arayış, Silahlı Qüvvələrin Klinik Hospitalının 15.07.2019-cu il tarixli 4852 nömrəli arayışı. Əsaslandırma hissəsi : İddiaçı cavabdeh Azərbaycan Respublkası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona cavabdeh tərəfindən “Müharibə veteranı” adının və vəsiqənin verilməsinə nail olmaqdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi hal inzibati aktla bağlı deyil, cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Belə olan halda iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müxtəlif vaxtlarda SHÇÜDX-nin Oğuz rayon bölməsinə müraciət etmiş, sonuncu tərəfindən Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə və Mərkəzi Hərbi Həkim Komissiyasına iddiaçı barəsində sorğular verilmiş və cavablar toplanmışdır. Lakin, iddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün birbaşa Müdafiə Nazirliyinə müraciət etməmiş və SHÇÜDX-nin Oğuz rayon bölməsi vasitəsilə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtina etməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Cavabdeh özü də iddiaçı barəsində Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi ilə bağlı hazırki mərhələdə hər hansı qərar qəbul olunmadığını etiraf edir. Odur ki, cavabdeh inzibati orqana iddiaçının hazırki iddia tələbi ilə bağlı müraciəti olmadığından, hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 48.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublkası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-924/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-924/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver