Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-925/2021 06.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-in nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı “2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaqdan istifadə üçün ödədiyi (cəmi 128 manat) məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaqdan istifadə üçün ödədiyi (cəmi 128 manat) məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınması və 2019-cu il 15 mart tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək cavabdehin üzərinə “2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaqdan istifadə üçün ödədiyi (cəmi 128 manat) məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınması” öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 06.09.2021-ci il tarixli iclas protokolunun qərarı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 21.05.2021-ci il hüquqi yardım barədə məktub ünvanlanaraq iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması təklif edilmişdir. Həmçinin işin hallarının müzakirəsi ilə əlaqədar keçirilən məhkəmə hazırlıq iclasında iddiaçıya izah edilmişdir ki, 2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaqdan istifadə üçün ödədiyi (cəmi 128 manat) məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınması ilə bağlı iddia tələbinə cavab verməli olan inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialıdır. Odur ki, iddia tələbində cavabdeh olaraq həmin inzibati orqan qeyd olunmalıdır. Eyni zamanda izah edilmişdir ki, cavabdeh inzibati orqanla bağlı iddia ərizəsi dəqiqləşdirildikdən sonra inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, hazırda nail olmaq istədiyi məqsədi 2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaqdan istifadə üçün ödədiyi (cəmi 128 manat) məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınmasına nail olmaqdır. Həmin qəbzlərin əsli hazırda da onda vardır və ödədiyi vəsaitin fərdi şəxsi hesabında qeydə alınmaması ona yaşa görə əmək pensiyasının təyin edilməsinə mane olur. Hazırda ona sosial müavinət ödənilir. Lakin, onun əmək pensiyası almaq hüququ vardır və buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, iş materialları ilə tanış olmamışdır. Eyni zamanda müvafiq qəbzlərin surəti cavabdehdə olmadığına görə iddiaçının müraciətini müsbət cavablandırmaq mümkün olmamışdır. Lakin, hazırda o, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin surətini götürərək mübahisənin məhkəmədən kənar qaydada müsbət həlli üçün zəruri addımlar atacaqdır. Cavabdehin nümayəndəsi X4, X1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki mərhələdə iddia ərizəsini geri götürmək istədiyini, cavabdeh orqanla məhkəmədən kənar qaydada mübahisənin həllinə çalışacağını, əgər mübahisə həll olunmasa 01 oktyabr 2021-ci il tarixindən sonra yenidən məhkəməyə müraciət edəcəyini və yenidən iddia qaldıracağı halda iddia ərizəsində yol verilən nöqsanların, dəqiqləşdirilməsinə zərurət olan halların aradan qaldıracağını bildirdi. Məhkəmənin 06.09.2021-ci il tarixli iclas protokolu qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçılara izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı “2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaqdan istifadə üçün ödədiyi (cəmi 128 manat) məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-925/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-925/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver