Məhkəmə qərarları › İş №2-1(116)-926/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-926/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-926/2023 13.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili X22 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X10, İddiaçı8 cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X11, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı1 2-1(116)-926/2023 nömrəli inzibati iş üzrə tələbini dəqiqləşdirərək “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərarddadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, ümumibirgə mülkiyyətlərinə Zaqatala rayonu, Yuxarı Tala kəndində 2,7016 ha kənd təsərrüfatı və 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onların Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 2,7016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Lakin, 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yanız mərhumlar X12 və X13, o cümlədən X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X2 və X8 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 vərəsəlik hüququ müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr və dövlət reyestrindən çıxarışlar ləğv edilmişdir. Həmçinin qeyd olunan məhkəmə qərarı ilə həmin əmlaklar üzərində X4 da qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. Lakin, buna baxmayaraq iddiaçıda olan məlumata əsasən, qeyd olunan məhkəmə qətnaməsi əsas götürülərək iş üzrə cavabdeh inzibati orqan, X2 və X8 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yanlız X4 hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən qardaşı X4 mübahisə predmeti olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ müəyyən edilsə də, orada ona çatacaq pay qeyd edilməmişdir. Belə ki, X1 Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna müraciət etməli və bundan sonra o qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli idi. Yalnız bundan sonra X4 X2 və X9 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyana torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı mümkün idi. Göründüyü kimi, iş üzrə cavabdeh Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən X2 və X8 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində tam pay hüququ ilə X4 hüquqlarını dövlət qeydiyyatına almağı qanunsuz və əsassız olmuşdur. Buna görə də hazırkı tələblə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin müraciət təmin edilməmişdir Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsi İddiaçı1, X12, X17 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır. - Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsindən görünür ki, Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin mərhumlar X12 və X15 məxsus hissəsi üzərində X4 qanun üzrə vərəsəlik huququ müəyyən edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mərhumlar X12 və X15 məxsus miras əmlaka dair üçüncü şəxs İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 19 dekabr 2013-cü il tarixli 2V-543 və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin İddiaçı7 və İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli 2V-855 və 2V-856 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Şəhadətnamələr əsasında X3, X11, İddiaçı7 və İddiaçı1 adına 27 avqust 2018- ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və İddiaçı7 və İddiaçı1 adına 26 iyul 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1852/2020 nömrəli qətanməsindən görünür ki, üçüncü şəxslər İddiaçı1 və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-294/2020 nömrəli qətanməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin X14 (2/3 hissə) və İddiaçı7 (1/3 hissə) paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi : Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İş materiallarından göründüyü kimi ərizəçinin mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş, sözügedən qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1852/2020 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır (kassasiya qaydasında mübahisələndirilməmişdir). İddiaçıların hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi maraqları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsinə nail olmaqdır. İddiaçı, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində tam pay hüququ ilə X4 hüquqlarını dövlət qeydiyyatına alındığını bildirsə də, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, mübahisələndirilən çıxarışda Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsində X4 2/3 hissə və İddiaçı7 1/3 hissə paylı mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır. İddiaçı hesab edir ki, X1 Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna müraciət etməli və bundan sonra o qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli idi. Yalnız bundan sonra X4 X2 və X9 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyana torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı mümkün idi. Məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X12, X17 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsinə münasibətdə qeyd edilmişdir ki, X12 və X17 vəfat etdikdən sonra indiyədək həmin torpaq sahəsindən X14 istifadə etməklə miras qalmış bütün əmlakları faktiki olaraq miras kimi qəbul etmişdir. Məhz həmin qanuni qüvvəyə minmiş qətnamə əsasında cavabdeh orqan hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı tərtib etmişdir. X4 adının çıxarışda qeyd edilməsinə və onun paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e- 2(033)-294/2020 iş nömrəli qətnaməsi olduğundan cavabdeh orqan haqlı olaraq iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. qərara aldı: İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X6 aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar