Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-927/2021 28.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X12, X14, X15, X13, Abbasov İttifaq Duman oğlu, X10) qarşı “üçüncü şəxslərin onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X12, X14, X15, X13, Abbasov İttifaq Duman oğlu, X10) qarşı “üçüncü şəxslərin onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsində həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən tələbin mülki xarakterli olduğunu bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - RX seriyalı, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən Çıxarış, - yaşayış yeri üzrə qeydiyyat haqqında 19.04.2021-ci il tarixli, ******* nömrəli arayış, - Cavabdeh 27.04.2021-ci il tarixli imtina məktubu, - Cavabdeh 05.06.2021-ci il tarixli məktubu, - AN-İ ******* nömrəli, 14.09.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, - RX seriyalı, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən Çıxarış, - Mingəçevir ŞİHB-nın 1 saylı Sahə İƏD üzrə nümayəndəliyinin 23.06.2021-ci il tarixli 137 nömrəli məktubu, - üçüncü şəxs X4 qohumluq məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış, - üçüncü şəxs X1 (çıxış) məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış, - üçüncü şəxs Abbasov İttifaq Duman oğlunun kommunal məlumatları (Azərsu) barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış 23.06.2021-ci il tarixli 137 nömrəli məktubda bildirilmişdir ki, əraziyə nəzarət edən mənzil istismarı sahəsinin bildirdiyinə görə üçüncü şəxslər qeydiyyatda olduqları mənzili satıb Rusiya Federasiyasına köçmüşlər. Buna görə də məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, RX seriyalı, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ "xxxx" ASC-yə məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş, AN-İ ******* nömrəli, 14.09.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC ünvan 1 ünvanında yerləşən mənzili 27000 manat qiymətinə alıcı İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş, RX seriyalı, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında 19.04.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxslər X12, X14, X15, X13, Abbasov İttifaq Duman oğlu və X2 şəhəri, A.Məmmədov küçəsi, ev 12, mənzil 12 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Cavabdeh 27.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələbin təmin olunmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh 05.06.2021-ci il tarixli məktubundan görünür ki, X15 və X13 barədə Cavabdeh arxivində məlumat yoxdur. X7 şəxsiyyət vəsiqəsi 12.12.2013-cü ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 14400613 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X11 şəxsiyyət vəsiqəsi 17.06.2005-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 02596763 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Abbasov İttifaq Duman oğluna şəxsiyyət vəsiqəsi 29.03.2003-cü ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 00790033 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X5 şəxsiyyət vəsiqəsi 19.06.2005-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 02596965 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin illərə məxsus ərizəamket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X4 qohumluq məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X12 onun arvadı, X13 və X15 onun övladlarıdır. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X1 (çıxış) məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X10 21.01.2020-ci il tarixdə ölkə ərazisini tərk etmişdir. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs Abbasov İttifaq Duman oğlunun kommunal məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Abbasov İttifaq Duman oğlunun abonent ünvanı Günəşli qəsəbəsi, ev 1/20 olaraq qeyd edilmişdir. Beləliklə, iş materiallarına əlavə olunan RX seriyalı, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin mənzildə pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında Üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması, qeydiyyatda olduğu ünvanda yaşaması, iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir əmlak hüququnun olması müəyyən olunmur. Belə ki, üçüncü şəxslərə verilmiş şəxsiyyət vəsiqələrinin verilmə tarixlərindən görünür ki, həmin şəxslər iddiaçının daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hazırki mənzil üzərində xüsusi mülkiyyət hüququ yarananadək həmin ünvana qeydiyyata düşmüşlər və hər hansı bir əmlak hüquqları yoxdur. Eyni zamanda faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər öz aralarında bir-birinin ailə üzvləri olsalar da, iddiaçıya münasibətdə ailə üzvü sayılmırlar və ailə qanunvericilyi baxımından iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüquqları yoxdur. İddiaçının isə AN-İ ******* nömrəli, 14.09.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzilə tam xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışlarla müəyyən olunur ki, üçüncü şəxs X10 21.01.2020-ci il tarixdən faktiki olaraq ölkə ərazisində yaşamır, digər üçüncü şəxs Abbasov İttifaq Duman oğlunun abonent ünvanı (AZƏRSU) isə Günəşli qəsəbəsi, ev 1/20-dir. İddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan 12.02.2007-ci il təvəllüdlü X15 və 11.03.2008-ci il təvəllüdlü X8 münasibətdə məhkəmə qeyd edir ki, X9 hazırda 14, X6 isə hazırda 13 yaşı vardır. Üçüncü şəxs X9 yaşayış yeri qanuni nümayəndələri olan valideynlərinin razılığı ilə müəyyən edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 4-cü abzasına əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. X9 valideynləri: X10 və X12 özləri də hazırki iş üzrə üçüncü şəxslərdir və onların heç biri iddiaçıya məxsus mənzildə yaşamırlar. Eyni zamanda onların iddiaçıya məxsus mənzildə əmlak hüquqları yoxdur. Belə olan halda özləri həmin ünvanda yaşamayan və əmlak hüquqları olmayan valideynlər övladlarının yaşayış yerini iddiaçıya məxsus yaşayış sahəsində müəyyən edə bilməzlər. Üçüncü şəxs X6 yaşayış yeri, qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs X6 valideynləri (X10 və X12) yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə üçüncü şəxslərdir və onlar özləri də qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşamadığından və hansı ünvanda yaşaması məlum olmadığından. X6 iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu isə o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X12, X14, X15, X13, Abbasov İttifaq Duman oğlu və X4 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-927/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-927/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver