Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-927/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Zərdab Bələdiyyəsinə qarşı “Zərdab rayon XDS Rəyasət Heyətinin 21 dekabr 1992-ci il tarixli 10 saylı iclasının qərarı ilə qardaşı İddiaçı Sayyad oğluna verilmiş torpaq sahəsinin naturada müəyyən edilərək verilməsi və ya əvəzində başqa yerdən torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon XDS Rəyasət Heyətinin 21 dekabr 1992-ci il tarixli 10 saylı iclasının qərarı ilə İddiaçı Sayyad oğluna ayrılmış torpaq sahəsinin naturada müəyyən edilərək verilməsi və ya əvəzində başqa yerdən torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zərdab rayon XDS Rəyasət Heyətinin 21 dekabr 1992-ci il tarixli, 10 saylı iclasının qərarı ilə İddiaçı şəhərin baş planına əsasən 15ci məhəllədən, Zərdab-Kürdəmir yolunun cənub hissəsində mövcud pambıqtəmizləmə zavodu ilə 13№-li yol istismar sahəsi arasındakı ərazidən müddətsiz istifadə etmək hüququ ilə rayon İcra Hakimiyyəti başçısı aparatı memarlıq və tikinti işləri şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş layihələrə uyğun olaraq yaşayış sahəsi 60-90 kv.metr, qeyri yaşayış sahəsi 35-60 kv.metr olan 1-2 mərtəbəli, 3-4 otaqlı fərdi yaşayış evi tikilməsi üçün 500 kvadrat metr torpaq sahəsinin verilməsi qərara alınmışdır. Lakin hazırkı vaxtadək iddiaçıya naturada torpaq sahəsi verilməmişdir.Həmin tələblə bağlı cavabdehə müraciət etmiş,tələbinin icrası təmin olunmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi 25 yanvar 2023-cü il tarixli etiraz məktubunda Zərdab Bələdiyyəsinin iddianı qəbul etmədiyi bildirilərək, məhkəmədən iddianın rədd olunmasını xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati orqana müraciəti təmin edilməmişdir. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Zərdab rayon XDS Rəyasət Heyətinin 21 dekabr 1992-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı fərdi yaşayış evi tikilməsi üçün 500 kvadrat metr torpaq sahəsinin verilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli aşağıdakı hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar;fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 21 dekabr 1992-ci il tarixli tarixdə qəbul olunmuş iddiaçıya torpaq sahəsinin ayrılması əsası olan Qərar verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikasın Torpaq Məcəlləsinin 10-cu maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: - fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; Həmin Məcəllənin 23-cü maddəsinə əsasən: 1) Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. 2) Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. 3) Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 4) Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. İşin məhkəmə müəyyən olunan hallarından görünür ki, iddiaçıya Zərdab rayon XDS Rəyasət Heyətinin 21 dekabr 1992-ci il tarixli, 10 saylı iclas protokolu ilə 500 kvadrat metr yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır.Lakin,torpaq sahəsinin yerləşdiyi ərazinin koordinatlarını müəyyən edilməsi məqsədi ilə sxematik plan tərtib olunmamış,iddiaçıya naturada torpaq sahəsi tanıdılmamış,onun faktiki istifadəsində torpaq sahəsi olmamışdır. Göründüyü kimi hazırda iddiaçının istifadəsində torpaq sahəsi olmadığından və faktiki olaraq torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından iddia tələbi təmin oluna bilməz. Odur ki,yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. qərara aldı: İddiaçı cavabdeh Zərdab Bələdiyyəsinə qarşı “Zərdab rayon XDS Rəyasət Heyətinin 21 dekabr 1992-ci il tarixli 10 saylı iclasının qərarı ilə qardaşı İddiaçı Sayyad oğluna verilmiş torpaq sahəsinin naturada müəyyən edilərək verilməsi və ya əvəzində başqa yerdən torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-927/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-927/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver