Məhkəmə qərarları › İş №2-1(116)-93/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-93/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-93/2022 25.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.04.1982-ci il tarixindən - 22.12.2004cü il tarixədək X9 fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “01.04.1982-ci il tarixdən - 22.12.2004-cü il tarixədək X9 fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və həmin illərin 19.03.2016-cı il tarixdən sosial sığorta stajına daxil edilərək əmək pensiyası arasında olan fərqin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27.12.2021-ci il tarixli, 2-1(116)-916/2021-ci il tarixli qərardadı ilə DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialı- hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “01.04.1982-ci il tarixdən - 22.12.2004-cü il tarixədək X9 fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.02.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 01.04.1982-ci ildən - 22.12.2004-cü ilədək fasiləsiz olaraq X9 çalışdığı və digər əmək fəaliyyəti müddətlərini nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun ümumi əmək fəaliyyəti dövrünün 01.04.1982-22.12.2004-cü illərini sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etirazını Göyçay rayon Dayaq Məntəqəsinin əmr kitabları və əmək haqqı cədvəllərinin X1 İnstitunun X9 saxlanılmaması və X14 filialına təhvil verilməməsi, buna görə də iddia olunan müddətin sığorta stajı kimi nəzərə alınmasının mümkün hesab edilməməsi ilə əsaslandırmışdır. Etirazda qeyd edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 63 yaş 6 ayın tamam olduğu 07.01.2018-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlər mövcud olmalıdır ki, iddiaçıya münasibətdə heç bir şərt ödənilmir. İddiaçının mübahisəli olmayan sığorta stajı 14.11.1972-ci il tarixdən 13.11.1974-cü il tarixədək həqiqi hərbi xidmət keçdiyi 1 il 11 ay 29 gün, 22.04.1975-ci il tarixdən 25.08.1975-ci il tarixədək Sumqayıt xlor-üzvü məhsullar zavodunda işlədiyi 4 ay 3 gün, 01.09.1975-ci il tarixdən 23.02.1979-cu il tarixədək təhsil aldığı 3 il 5 ay 22 gün, 17.04.1979-cu il tarixdən 20.07.1980-ci il tarixədək Göyçay KTİ-də işlədiyi 1 il 3 ay 3 gün, 20.01.1981-ci il tarixdən 08.07.1981-ci il tarixədək 8 №li MTİT-in Göyçay sahəsində işlədiyi 5 ay 18 gün müddətdir ki, ümumilikdə 7 il 6 ay 15 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 01.04.1982-ci il tarixdən 22.12.2004-cü il tarixədək X9 işlədiyi 22 il 8 ay 21 gün müddət təşkil edir. Belə ki, İddiaçı məxsus əmək kitabçasının 18-19-cu səhifələrində qeyd olunan tarixlərdə pozuntu, həmin səhifədə olan əmrlərin 8-9-cu səhifələrində fərqli təkrarı və uyğunsuzluq 1982-2004-cü illərin əmrlərinə şübhə yaratdığı üçün sığorta stajını yoxlamaq zərurəti yaranmışdır. 1982-2004-cü illərin əmr kitabları X9 saxlanmadığı və X14 filialına təhvil verilmədiyi üçün həmin dövrdə İddiaçı işləməsinə dair faktı yoxlamaq mümkün olmamış və həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunamüvafiq deyildir. X1 X10 məntəqəsinin 14.04.2021-ci il tarixli 007 nömrəli arayışına əsasən qeyd edilmişdir ki, hər hansı iş stajı barədə arayışın verilməsi və yaxud hər hansı iş stajına dair əmrlərə, əməkhaqqı cədvəllərinə baxılması (yoxlanılması) X1 İnstitutunun X9 saxlanılmadığı üçün mümkün deyildir. Həmçinin, Dövlət Arxivinin 02 iyun 2021-ci il tarixli 186 nömrəli arxiv arayışına əsasən qeyd edilmişdir ki, Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik bitkilər X10 məntəqəsinin əmr kitabları və əməkhaqqı cədvəlləri X14 filialına təhvil verilməmişdir. Beləliklə, İddiaçı 01.04.1982-ci il tarixdən 22.12.2004-cü il tarixədək X9 işlədiyi dövrlər sığorta stajına daxil edilmədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialının 22.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 27.04.1975-ci il tarixli əmək kitabçası, H3 ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti və DSMF PHŞ-nin 13 saylı Regional Ərazi Filialının 07.06.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı 14.11.1972-ci il tarixdən - 13.11.1974-cü il tarixədək həqiqi hərbi xidmət keçmiş (1 il 11 ay 29 gün), 22.04.1975-ci il tarixdən - 25.08.1975-ci il tarixədək Sumqayıt xlor-üzvü məhsullar zavodunda əmək fəaliyyəti ilə məşğul olmuş (4 ay 3 gün), 01.09.1975-ci il tarixdən - 23.02.1979-cu il tarixədək təhsil almış (3 il 5 ay 22 gün), 17.04.1979-cu il tarixdən -20.07.1980-ci il tarixədək Göyçay KTİ-də (1 il 3 ay 3 gün), 20.01.1981-ci il tarixdən - 08.07.1981-ci il tarixədək 8 №li MTİT-in Göyçay sahəsində (5 ay 18 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin müddət üzrə iddiaçının ümumilikdə sosial sığorta stajı 7 il 6 ay 15 gün təşkil edir və cavabdeh tərəfindən mübahisələndirilmir. - 27.04.1975-ci il tarixli əmək kitabçasının əslindən görünür ki, əmək kitabçasının 8- 9-cu səhifələrində iddiaçının 04.04.1982-ci il tarixdə X12 fəhlə qəbul edilməsi (əmr №11), 22.12.2004-cü il tarixdə (əmr №22) öz ərizəsinə əsasən işdən azad edilməsi barədə qeyd vardır. İşə qəbulla bağlı qeyd “Əliyev M” soyadlı şəxs tərəfindən, işdən azad olunma barədə qeyd isə “Əhmədov M” soyadlı şəxs tərəfindən imzalanmış, X16 X4 möhürü ilə təsdiq edilmişdir. Həmin əmək kitabçasının 18-19-cu səhifələrində iddiaçının X12 fəhlə qəbul edilməsi və 11.04.1985-ci ildə 19 №-li əmrlə X9 digər vəzifəyə keçirilməsi barədə qeyd icra edilmişdir. İşə qəbulla bağlı qeydin tarixlərində qaralamanın olduğu aşkar görünür. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi X6 Dayaq Məntəqəsinin 22.05.2021-ci il tarixli məktubundan görünür ki, 1982-2004-cü illəri əhatə edən əmr kitabları mövcud deyil. - Milli Arxiv İdarəsi X14 Filialının 02.06.2021-ci il tarixli 186 №-li arayışından görünür ki, X11 əmr kitabları və əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. - Dövlət Sərhəd Xidmətinin 09.06.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş iddiaçının 080688 №-li pensiya işindən görünür ki, iddiaçıya DSMF-nun Göyçay rayon şöbəsinin 30.09.2011-ci il tarixli qərarı ilə 11.04.2011-ci il tarixdən 01.05.2012-ci il tarixədək 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Tələb olunan sosial sığorta stajı 13 il 8 ay, faktiki sosial sığorta stajı 26 il 9 ay 10 gün qeyd edilmişdir. - iddiaçı barəsində pensiya hesablanması üçün əmək haqqı barədə arayışdan görünür ki, 2001-ci ildən – 2004-cü ilin dekabr ayınadək iddiaçıya cəmi, iki milyon dörd yüz iyirmi doqquz min otuz səkkiz manat əmək haqqının ödənilməsi barədə qeydiyyat aparılmışdır. - Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının 04.02.2022-ci il tarixli 004 nömrəli məktubunda görünür ki, iddiaçı 25 yanvar 2000-ci ildən (partiya üzvlük vəsiqəsi №013312) YAP Göyçay rayon təşkilatının Dayaq Məntəqəsi üzrə ərazi partiya təşkilatında qeydiyyata düşmüşdür. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddianın qaldırılmasında iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının 25 ildən artıq sosial sığorta stajının olması müəyyən edilir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmiş aşağıdakı hallar iddiaçının yaşa görə əmək pensiyası hüququnun mövcud olması qənaətinə gəlməyə əsas verir: İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının əslində onun 1982-ci ildə X9 fəhlə vəzifəsinə qəbul edilməsi ilə bağlı qeyd vardır. Müvafiq qeydin yazılma tarixi 31.03.1982-ci il qeyd edilsə də, həmin rəqəmlərin üzərində qaralama ilə düzəliş edilməsi aşkar görünür. Eyni zamanda təqdim edilmiş əmək kitabçasının 8-9 cu səhifələrində 01.04.1982-ci ildə iddiaçının 11№-li əmrlə X9 fəhlə vəzifəsinə qəbul edilməsi ilə bağlı qeyd icra edilmişdir. Həmin qeyd latın qrafikalı əlifba ilə yazılmış, X16 X4 möhürü ilə təsdiq edilmişdir. Qeydlərin latın qrafikalı əlifba ilə yazılması və "xxxx" soyadlı şəxs tərəfindən imzalanması şübhə doğurmuş və müəyyən edilmişdir ki, ikinci qeyd "xxxx" soyadlı şəxs tərəfindən deyil, X7 tərəfindən icra edilmişdir. Məhkəmə iclasında izahat vermiş, X7 bildirmişdir ki, o, 1985-ci ildən X9 mühasib vəzifəsində işləmiş, əmək kitabçasında olan qeydləri 2004-cü ildə müvəqqəti müdür əvəzi işlədiyi dövrdə özü icra etmişdir. Həmin qeydləri əmr kitabına istinad edərək yazmış və həmin dövrdə direktor olmuş "xxxx" soyadlı şəxsin yerinə imza etmişdir. Müəssisənin praktikası bu qaydada aparılıb və köhnə dövrə aid işlərdə imzaya ehtiyac yarandığı halda əmr kitabına istinad edərək imzanı özü çəkmişdir. Göründüyü kimi iddiaçının işə qəbul edilməsi ilə bağlı mövcud olan iki qeyddən birinin üzərində qaralamaya yol verilmiş, digər qeyd isə "xxxx" soyadlı şəxsin yerinə imza edilməklə icra edilmişdir. Bununla belə qaralama ilə icra edilmiş qeyddə olan imza və möhürün mövcudluğu onu göstərir ki, iddiaçı hər bir halda X9 fəhlə vəzifəsinə qəbul edilmiş və həmin müəssisə onun iş yeri olmuşdur. Yəni, müvafiq qaralama ilə icra edilmiş qeyd iddiaçının həmin müəssisədə ümumiyyətlə işləməməsi kimi qiymətləndirilməməlidir. İşə qəbul tarixi üzərində icra edilmiş qaralamalar isə yalnız iddiaçının sosial sığorta stajının mövcudluğu üçün zəruri olan minimum 25 illik sığorta stajının yaranmasına təsir göstərib-göstərməməsi baxımından əhəmiyyət daşıyır. İddiaçının işə qəbul əmri və digər sənədlərin əldə edilməsi mümkün olmadığından əmək kitabçasında qaralama ilə icra edilmiş tarixlərin ilkin olaraq hansı tarix olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin qeydlər üzərində qaralamadan öncə hansı rəqəmlərin olmasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizasının keçirilməsinə lüzum görülməmişdir. Belə ki, əmək kitabçasında qaralama ilə icra edilmiş qeyddən sonrakı qeyd iddiaçının çalışdığı müəssisədə vəzifə dəyişikliyi barədədir. Yəni, 11.04.1985-ci ilə aid qeyddə iddiaçının X11 anbarına digər vəziyə keçirilməsi qeyd olunub. Bu isə iddiaçının əvvəllər də həmin müəssisədə faktiki olaraq işləməsini sübut edir. 11.04.1985-ci il tarixə aid əmrlə müəyyən edilir ki, (№19, §2) iddiaçının 22.12.2004-cü ilə qədər həmin müəssisədə çalışdığı müddət 19 il 8 ay 11 gündür. Qeyd olunmalıdır ki, iddiaçının işdən azad olduğu 22.12.2004-cü ilə aid əmək kitabçasında 22 №-li əmrlə icra edilmiş qeydin mötəbərliyi heç bir şübhə doğurmur. Belə ki, müvafiq qeyd X16 X4 möhürü ilə təsdiq edilmişdir. Müdür əvəzi X5 imzasına münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş “əmək haqqının aylar üzrə məbləğinə dair” arayışda baş mühasib qeydinin qarşısında icra olunmuş imza Məzahir Əhmədova aid imza ilə eyniyyət təşkil edir. Digər tərəfdən istinad olunan “əmək haqqının aylar üzrə məbləğinə dair” arayışda iddiaçıya 2001-2004-cü illərdə ödənilmiş əmək haqqı məbləğləri barədə məlumatlar öz əksini tapmışdır və müəyyən edilir ki, iddiaçıya sonuncu dəfə 2004-cü ilin dekabr ayında əmək haqqı ödənilmişdir. Odur ki, yuxarıda sadalananlara əsasən əmək kitabçasında iddiaçının işdən azad olunması ilə bağlı qeydin qeyri-mötəbər hesab edilməsinə heç bir əsas yoxdur. Cavabdeh özü də iddiaçının işdən azad olunması ilə bağlı həmin əmrlə razılaşmamasını işə qəbulla bağlı əmrin düzgünlüyünə şübhə etməsi ilə əlaqələndirir. Lakin, yuxarıda qeyd edildiyi kimi iddiaçının ən azı 1985-ci ildən 2004-cü ilə qədər X9 əmək fəaliyyətinin olması əmək kitabçası ilə birbaşa sübut olunur (Məhkəmənin sorğusu əsasında Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatı iddiaçının 25.01.2000-ci ildən YAP Göyçay rayon təşkilatının Dayaq Məntəqəsi üzrə ərazi partiya təşkilatında qeydiyyata düşməsi barədə məlumat vermişdir). Odur ki, iddiaçının 11.04.1985-22.12.2004-cü illər üzrə həmin müəssisədə çalışdığı 19 il 8 ay 11 gün əmək stajı müddətini cavabdeh tərəfindən mübahisələndirilməyən 7 il 6 ay 15 gün müddətlə topladıqda 27 il 2 ay 26 günə yaranır ki, bu da tələb olunan 25 il müddətdən çoxdur və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 30.09.2011-ci il tarixli qərarla 11.04.2011-ci il tarixdən 01.05.2012-ci il tarixədək 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Bu zaman tələb olunan sosial sığorta stajı 13 il 8 ay, faktiki, yəni ümumi iş stajı isə 26 il 9 ay 10 gün müəyyən edilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyəti dövrünə və sosial sığorta stajına qiymət verən cavabdeh orqan müvafiq məlumatlar əsasında (19.03.2016-cı ildə ikinci dərəcəli əlillik təyin edilmişdir) iddiaçıya 19.03.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edərək ödəmişdir. İş materiallarından göründüyü kimi cavabdeh orqan hazırda iddiaçının 7 il 6 ay 15 gün sosial sığorta stajını mübahisələndirilmədiyini bildirir. Deməli cavabdeh, hazırda mübahisələndirdiyi ümumilikdə 22 il 8 ay 21 gün müddətin 6 il 2 ay 15 gününü həmin dövrdə pensiya təyin edərkən iddiaçının sosial sığorta stajı kimi qəbul etmiş və əlilliyə görə əmək pensiyası təyin etmiş, digər müddəti isə ümumi iş stajı olaraq qəbul edərək müvafiq qeydlər aparmışdır. Bu isə onu deməyə əsas verir ki, tələb olunan müddətlər fərqli olsa da, həm əlilliyə görə əmək pensiyasının, həm də yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sığorta stajı ilə bağlı cavabdeh orqan mübahisələndirdiyi müddətə münasibətə fərqli yanaşma tətbiq etmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Normanın hazırkı işi tətbiqi onu deməyə əsasə verir ki, həm əlilliyə görə əmək pensiyasının, həm də yaşa görə əmək pensiyasının təyin edilməsi üçün mühüm faktiki hallardan biri iddiaçının tələb olunan sosial sığorta stajına malik olmasıdır. Cavabdeh orqan ilkin icraatda qəbul etdiyi sosial sığorta stajı müddətilə hazırda razılaşmamasını ilkin icraatda texniki səhvə yol verməsi ilə izah etsə də, yuxarıda istinad olunan normanın məzmunundan göründüyü kimi, cavabdeh eyni müddətin sosial sığorta stajı kimi qəbul edilməsinə münasibətdə müxtəlif qərarlar qəbul etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin istinad etdiyi iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 01.01.2002-ci ilədək olan dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir. 1 yanvar 2002-ci ildən sonrakı dövrə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olmaqla (Meyvəçilik və Çayçılıq X2 dayaq məntəqəsi) hazırda da fəaliyyət göstərir. Bu isə onu deməyə əsas verir ki, müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi heç bir şübhə doğurmur və cavabdeh tərəfindən də mübahisələndirilmir. (əmək haqqının ödənilməsinə dair arayış cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə mövcuddur). İddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaş 6 ayın tamam olduğu 07.01.2018-ci il tarixdə yaransa da iş materialları ilə müəyyən olunur ki, ona 19.03.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Odur ki, cavabdehin orqan iddiaçıya 19.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etməkdə haqlı olmamışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya 19.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı X9 fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona 19.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar