Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-932/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1968-ci ildə, üçüncü şəxs X8 isə 20.11.1959-cu ildə Qəbələ rayonu Böyük Pirəlli kəndində anadan olmuş və hazırda hər ikisi həmin ünvanda yaşayır. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 10.06.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi üçüncü şəxs X5 mülkiyyətinə verilmiş və onun adına JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. X1 Nurşad Kamal oğluna və X10 qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və ailə üzvləri tərəfindən zəbt edilmiş, JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin koordinatları daxilindəki 0,14 ha həyətyanı torpaq sahəsinin və üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. O, həmin tələbini belə əsaslandırmışdır ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 10.06.1998-ci il tarixli 11 nömrəli qərarı ilə ona 0,14 ha həyətyanı torpaq sahəsi verilmiş və göstərilən torpaq sahəsi onun adına JN- 201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi yaşayış evi tikmək üçün onun qanuni istifadəsinə 1980-ci illərin əvvəllərində verilmişdir. O, 1984-1985-ci illərdə həmin torpaq sahəsinin üzərində yaşayış evinin divarlarını inşa etdirmiş, 1996-1997-ci illərdə pul qazanmaq məqsədilə Rusiya Federasiyasına getmiş, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onun mülkiyyətinə verilmiş, lakin özünün bundan xəbəri olmamışdır. O, islahat yekunlaşdıqdan sonra Rusiyadan qayıtmış, torpaq sahəsində İddiaçı məskunlaşdığını və onun inşa etdiyi divarların üzərində evin tamamlanma işlərini aparıb içərisində yaşadığını görmüşdür. İddiaçı torpaq sahəsinin islahat vaxtı ona verildiyini bildirmiş, o isə inanıb inşa etdiyi divarın pulunu istəmişdir. İddiaçı pulu verəcəyini deyərək evdə yaşamağa davam etmiş, lakin pulu verməmişdir. O, bu müddət ərzində Rusiya Federasiyasında yaşamış, hər il gəlib-getmiş, yaxın vaxtlarda isə həyətyanı torpaq sahəsi almaq üçün Bələdiyyəyə müraciət edərkən, yuxarıda göstərilən torpaq sahəsinin islahat zamanı onun öz mülkiyyətinə verildiyini öyrənmişdir. O, bu barədə İddiaçı bildirmiş, sonuncu isə bu dəfə fərqli cavab verərək torpaq sahəsinin onun mərhum atası tərəfindən satıldığını bildirmişdir. Qəbələ Rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsi ilə həmin iddia təmin edilərək, İddiaçı və X9 yetkinlik yaşına çatmayan uşaqları X17 və X14 ilə birlikdə JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən X5 mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı X6 qarşı "tikintiyə xərclənmiş 45738 manat pulun geri qaytarılması" barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. O, həmin tələbini belə əsaslandırmışdır ki, Xaləddin Paşayevin mərhum atası Əlfəddin Paşayev 2005-ci ildə ona müraciət edərək həyat yoldaşının xəstə olması səbəbindən təcili pula ehtiyacı olduğunu və onlara məxsus olan 0,14 ha həyətyanı torpaq sahəsini satmaq istədiyini bildirmiş, 03.03.2005-ci ildə Əlfəddin Paşayevlə birlikdə Xaləddin Paşayevə zəng etmiş və atasının torpağı ona satmaq istədiyi barədə ona məlumat vermişlər. Bu zaman Xaləddin Paşayev torpaq sahəsinin ona satılmasına razılıq verərək, torpağa görə veriləcək puldan 200-300 ABŞ dollarının özü üçün saxlanılmasını atasından xahiş etmiş, bundan sonra onunla Əlfəddin Paşayev arasında torpağın alqı-satqısına dair sadə müqavilə tərtib olunmuş və o, həmin torpaq sahəsinə görə sonuncuya 1200 ABŞ dolları məbləğində pul ödəmişdir. Torpaq sahəsini aldıqdan sonra Xaləddin Paşayev hər il Qəbələ rayonu Böyük Pirəlli kəndinə gəlmiş və onun mübahisəli torpaq sahəsində ev tikdiyini, daha sonra isə həmin evdə yaşadığını görmüş, lakin heç vaxt ona hər hansı bir narazılığını bildirməmişdir. Hal-hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır və yaşayış üçün başqa yerləri yoxdur. Qəbələ Rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32000 manat məbləğində pulun X4 alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X18 Məhkəməsinin Mülki Kollegiyasının 28.11.2019-cu il tarixli 2(107)- 2985/2019 nömrəli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin həmin 27.08.2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin göstərilən qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan sonra X1 Nurşad Kamal oğluna qarşı "mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evindən naturada ayrılması mümkün olmayan, ona məxsus əmlakın dəyəri" tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, İddiaçı isə X6 qarşı "torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması" barədə qarşılıqlı iddia vermişdir. Qəbələ Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(025)-49/2020 nömrəli qərardadı ilə ilk iddia baxılmamış saxlanılmış, eyni tarixli qətnaməsi ilə isə qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Daha sonra 25.01.2022-ci ildə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 02.04.2005-ci il tarixli JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını, Qəbələ rayonu Pirəlli kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin 9 saylı Qəbələ Ərazi İdarəsi 01.02.2022-ci il tarixli cavab məktubu ilə bundan imtina edərək bildirmişdir ki, X13 ilə iddiaçı arasında akt tərtib etməklə etdiyi alqı-satqı qanunvericiliklə yolverilməz olduğuna və dövlət tərəfindən tanınmadığına görə ərizənin icrası mümkün deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə görə, yalnız notarial qaydada aparılmış əqdlər qanuni hesab edilir. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 18.03.2005-ci ildə X13 ilə aralarında torpaq alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə tərtib olunan zaman JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hələ hazır deyildi. Həmin vaxt X13 torpağın onun ailə üzvlərinin mülkiyyətində olduğunu və "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanan zaman ailə başçısı kimi onun adının şəhadətnamədə qeyd ediləcəyini bildirmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı 11.03.2022-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı tərəfindən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. Şəki İnzibati Məhkəməsinin 18.02.2022-ci il tarixli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, 05.05.2022-ci il tarixli qərardadı ilə isə onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi adi cəlbetmədən zəruri cəlbetməyə keçirilmişdir. Üçüncü şəxs X8 iddianı qəbul etməmiş və iddiaya qarşı 05.03.2022-ci il tarixli etirazında bildirmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 10.06.1998-ci il tarixli 11 nömrəli qərarı ilə mülkiyyətində olan 0,14 ha həyətyanı torpaq sahəsi ona verilmişdir. İddiaçı ilə onun atası X13 arasında imzalanmış sadə yazılı formada tərtib edilmiş əsassız akt olmuş olsa da, alqı-satqı predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən İddiaçı adına rəsmiləşdirilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 10.06.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi ilə X5 mülkiyyətinə verilmişdir. - İşdə olan, Qəbələ Rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli 2(025)- 108/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və X9 yetkinlik yaşına çatmayan uşaqları X17 və X14 ilə birlikdə JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən X5 mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. - İşdə olan, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.11.2019-cu il tarixli 2(107)-2985/2019 nömrəli qətnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, İddiaçı X6 qarşı "tikintiyə xərclənmiş 45738 manat pulun geri qaytarılması" barədə iddiası təmin edilməmişdir - İşdə olan, Qəbələ Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(025)- 49/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X6 qarşı "torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması" barədə qarşılıqlı iddiası təmin edilməmişdir. - İşdə olan, Qəbələ Rayon Məhkəməsinin 07.04.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli 2(025)-108/2018 nömrəli və 14.09.2020-ci il tarixli 2(025)-49/2020 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.11.2019-cu il tarixli 2(107)- 2985/2019 nömrəli qətnamələri qanuni qüvvəyə minmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşdən göründüyü kimi, 0,14 ha həyətyanı torpaq sahəsi üçüncü şəxs X5 mülkiyyətinə məhz torpaq islahatı zamanı verilmişdir. Həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə heç bir sənəd mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı üçüncü şəxs X5 adına verilmiş JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi üçün əsas yoxdur. İddia tələbinin sözügedən şəhadətnamədə göstərilmiş 0,14 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Lakin iddiaçı həmin əsaslardan heç birini məhkəməyə təqdim etməmişdir. Onun həm cavabdehə müraciətində, həm də iddia ərizəsində istinad etdiyi, üçüncü şəxsin atası ilə bağladığını bildirdiyi müqavilə (məhkəməyə təqdim olunmamışdır) də həmin maddədə sadalanan əsasların heç birinə uyğun deyil. Belə ki, Qanunun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində müqavilənin qeydiyyat üçün əsas hesab edilməsindən ötrü həmin müqavilənin notariat qaydasında təsdiq edilmiş olması tələb olunur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh evə və torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almamaqda haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-932/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-932/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver