Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-932/2024 27.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-4446A saylı (kod ********) şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-4446A saylı (kod ********) şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon aqrar islahat komisiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN- 4446A saylı (kod ********) şəhadətnaməyə əsasən Ağdaş şəhəri C.Cabbarlı küçəsində yerləşən 0.10 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin dövrdəki mövcud qanunvericiliyə əsasən Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 3/678 nömrə ilə kitabda qeydə alınmışdır, Şəhadətnamə DTXK Ağdaş rayon şöbəsinin müdiri Ş.Hümbətov və Dövlət Yerquruluşu Layihə İnstitutunun müdiri H.Əlisoltanov tərəfindən möhür vurularaq imzalanmışdır. Həmin vaxtdan torpaq sahəsinin sərhədlərini daş hasarla hasarlatmış, hasar çəkilərkən hasara birləşik yarımtikili yer evi inşa etdirmiş, yoldan giriş darvazası qoydurmuş, ağaclar əkərək bağ salmışdır. İddiaçı həmin torpaq sahəsinin adına qeydiyyata alınması və adına daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmişdir.Cavabdeh tərəfindən ərizənin icrasından imtina edilərək, iddiaçının məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, elektron məlumat bazasına əsaslanaraq ləğv olunmuş DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-4446A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş şəhəri üzrə elektron xəritə bazasında (DWJtorpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) şəhadətnamədə göstərilən 4446 nömrəli torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq. Ağdaş şəhəri üzrə dövlət aktlarının və torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında İddiaçı adına JN- 4446A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-4446A saylı (kod ********) şəhadətnamədən görünür ki, Ağdaş şəhəri C.Cabbarlı küçəsində yerləşən 0.10 ha torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yevlax şəhəri üzrə pay torpaq sahələrinə dair subyektlərin siyahılarında X3 və ailə üzvlərinin adı qeyd edilmişdir, lakin kod JN-4446A saylı (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1640/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsassızdır. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-4446A saylı (kod ********) şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, JN-4446A saylı (kod ********) şəhadətnaməyə əsasən 0.10 hektar torpaq sahəsi verildiyini bildirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aqrar islahat zamanı iddiaçıya həmin vaxt yaşadığı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair JN- 196 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.Hazırkı iddia tələbinə əsasən qeyd olunan Şəhadətnaməni isə iddiaçı mülki hüquqi əqd əsasında əldə etdiyi torpaq sahəsi ilə bağlı ona verildiyini bildirir.Yəni,həmin torpaq sahəsi ona aqrar islahat komissiyası tərəfindən aqrar islahatın məqsədlərinə əsasən verilməmişdir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Göründüyü kimi JN-196 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya və ailə başçısı X1 0,06 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. JN-4446 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə yalnız iddiaçının adına tərtib edilmiş,faktiki olaraq isə Ağdaş rayonu Ağdaş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə verilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1640/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi “X2 X5”ndəki xəritəsinə əsasən yaşayış məntəqələrinin torpaqlar, uqodiyası -tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Ağdaş bələdiyyəsidir. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Yuxarıda qeyd olunan hallara əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığına dair əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-4446A saylı (kod ********) şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə