Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-934/2020 17.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Balakən rayon filialına qarşı “1971-1973, 1976-1977-ci illərdə Balakən rayonu Qazma kəndində yerləşən “Bakı” adına kolxozda, 1994-1997-ci illərdə “Nəriman Nərimanov” adına kolxozda işlədiyi 8 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1971-1977-ci illərdə “Bakı” kolxozunda, 1994-1997-ci illərdə “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayon Qazma kəndində anadan olmuşdur. O, 1971-1973 və 1976-1977-ci illərdə “Bakı” kolxozunda, 1994-1997-ci illərdə “N.Nərimanov adına kolxozda işləmişdir. Lakin iddiaçının qeyd olunan kolxozlarda iş müddəti onun əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ yarandığı zaman cavabdeh orqana müraciət etmiş, lakin kolxozlarda işlədiyi illərin onun əmək kitabçasında qeyd edilməməsini əsas gətirən cavabdeh orqan pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “1971-1973, 1976-1977-ci illərdə Balakən rayonu Qazma kəndində yerləşən “Bakı” kolxozunda, 1994-1997-ci illərdə “Nəriman Nərimanov” adına kolxozda işlədiyi 8 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli iclasda məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş və onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı aşağıdakı kimidir: Əmək kitabçasına əsasən - 16 il 1 ay 7 gün - mübahisələndirilmir. Hərbi xidmət dövrü - 2 il - mübahisələndirilmir. Kolxozdakı dövrü - 8 il 3 ay - mübahisələndirilir. Cəmi: 26 il 4ay 7 gün təşkil etmişdir. İddiaçının kolxozlardakı iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Bildirilir ki, xx.xx.2006-cı ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də İddiaçı kolxozlardakı 8 il 3 ay iş stajının onun sosial sığorta stajına daxil edilməsi qanuna uyğun olmamışdır. Bildirilir ki, Balakən rayon təsərrüfatlarında illik minimum a/gün normaları 200 a/gün nəzərə alınır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 165 nömrəli arayışından müəyyən edilir ki, 1955-ci il təvəllüdlü Balakən rayon sakini İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 99 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1971-1973, 1976-1977-ci illərdə Balakən rayonu, Qazma kəndi “Bakı”/”Moskva”, 1994-1997-ci illərdə isə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, iddiaçının Balakən rayonu, Qazma kəndi “Bakı” kolxozu və Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda işləməsi barədə xx.xx.2019-cu il tarixli 99 nömrəli arxiv arayışlarında qeyd olunan məlumatlar qarşılıqlı yoxlanılmış və düzgünlüyü təsdiq edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu, Balakən rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 99 nömrəli arxiv arayışları, cavabdehin məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan arayışı, xx.xx.2020-ci il tarixli Akt, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 165 nömrəli arayışı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olan arayışından müəyyən edilir ki, iddiaçının cəmi 26 il 4 ay 7 gün əmək stajı vardır ki, bunun da kolxozlarda işlədiyi 8 il 3 ay olan müddəti əmək kitabçasında qeyd edilmədiyi üçün mübahisələndirilir. İddiaçının mübahisələndirilən kolxozlarda işləməsi faktı isə həm arxiv arayışına, həm də xx.xx.2020-ci il tarixli Akta əsasən öz təsdiqini tapır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozlarda işlədiyi müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X2” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1971-1973, 1976-1977-ci illərdə Balakən rayonu Qazma kəndində yerləşən “Bakı” və 1994-1997-ci illərdə “Nəriman Nərimanov” adına kolxozlarda işlədiyi 8 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə İddiaçı 1971-1973, 1976-1977-ci illərdə Balakən rayonu Qazma kəndində yerləşən “Bakı” kolxozunda, 1994-1997-ci illərdə “Nəriman Nərimanov” adına kolxozda işlədiyi 8 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-934/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-934/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver