Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-936/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 26 yanvar 2022-ci il tarixli № **********74 saylı məktubu ilə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanuna zidd hesab edilməsinə, Qax rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmasına qərar verilmiş 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə inzibati işin şifahi məhkəmə baxışı iclasında tələbini dəqiqləşdirərək “Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərardadı ilə Qax rayon İlisu bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində adi cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə (həyətyanı) 0.03 ha torpaq sahəsinin satılması qərara alınmış, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu sözügedən torpaq sahəsini bələdiyyə qərarı ilə əldə etməsi, torpaq sahəsinin dəyərini ödəməsi, bələdiyyə ilə arasında alqı-satqı aktının bağlanması və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi ilə əsaslandırmışdır. Cavadeh iddia tələbinə etirazını torpaqların alqı-satqısına dair aktın xx.xx.2008-ci ildə tərtib olunaraq qeydiyyata alınması ilə əsaslandırmışdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibətində bildirmişdir ki, Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz edilmir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarından çıxarışdan görünür ki, iddiaçıya İlisu bələdiyyəsinin İlisu kəndi ərazisindən 0.03 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - xx.xx.2007-ci il tarixli 06 nömrəli qəbzdən və xx.xx.2008-ci il tarixdə 1144 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına 180 manat məbləğində ödəniş edilmiş, iddiaçıya satılmış 0.03 ha torpaq sahəsinə dair tərəflər (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi, İlisu bələdiyyəsi, iddiaçı) arasında alqı-satqı aktı tərtib edilərək təsdiq edilmişdir. - DT və XK-nin Qax rayon şöbəsinin 565 №-li arayışından və 753 №-li rəyindən görünür ki, iddiaçıya satılan torpaq sahəsi həyətyanı olmaqla, İlisu bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. - A083737 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən 300 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və fərdi yaşayış evi tikmək üçün satılması qeyd olunmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən bələdiyyənin kollu örüş torpaqlarına aiddir. Torpaq sahəsi faktiki olaraq X3 istifadəsindədir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya 0.03 ha torpaq sahəsi satılması qərara alınmış, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, ayrılmış torpaq sahəsinin plan-ölçüsü hazırlanmış və iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Tərtib edilmiş sənədlərdə həmin torpaq sahəsinin həyətyanı olmaqla fərdi yaşayış evinin tikilməsi üçün satılması qeyd edilmişdir. İşdə olan, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya satılmış və faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyataına alınmasını tələb etdiyi torpaq sahəsi İlisu bələdiyyəsinin mülkiyyətində olmaqla təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsində kollu örüş torpaqlara aid edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsində qeyd olunan torpaq sahələrinin yalnız istifadəyə və icarəyə verilməsi təsbit olunmuş, xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsi:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan ... əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ... xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, bələdiyyənin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı qanunsuz olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi İlisu bələdiyyəsinin iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci il tarixli 08 saylı qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanuna uyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli istinad olunan qərarın məzmunundan göründüyü kimi bələdiyyə tərəfindən qərar qəbul edilərkən yol verilmiş icraat pozuntularına hüquqi qiymət verilərkən həmin pozuntuların qəbul ediləcək yekun qərarın hüquqi qüvvəsinə təsiri nəzərə alınmalıdır. Hazırkı işdə bələdiyyənin qəbul etdiyi yekun qərarın özü qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Yəni, bələdiyyə tərəfindən qanunvericiliklə birbaşa qadağan edildiyi halda uqodiyası örüş olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçıya satılmışdır. İddiaçının etimad hüququnun qorunmasına münasibətdə məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsində qeyd edilir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə ehtiyat fondunun örüş torpaq sahəsinin iddiaçıya satılması torpaq sahəsinin yerləşdiyi ərazi üzrə digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur. Belə ki, örüş torpaq sahələrinə münasibətdə mülkiyyətə verilmənin qadağan edilməsində qanunvericinin məqsədi kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmin torpaq sahəsinin mühafizəsinin, normadan artıq yüklənməsinin və nəticəsində ot örtüyü seyrəkləşməsinin, həmçinin torpaq sahəsinin eroziyasının qarşısının alınmasıdır. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.