Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-937/2021 31.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 20.05.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə 500 m2 torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin dəyərini iddiaçı bələdiyyənin hesabına ödəmişdir. Qeyd edilən torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən təsdiq edilmiş, torpaq sahəsi iddiaçıya 13.03.2012-ci il tarixli Aktla tanıdılaraq təhvil verilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı tərtib edilsə də, bələdiyyə və iddiaçı tərəfindən imzalanmış, bələdiyyə tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 06.04.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan təqdim edilən sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının sənədləşdirmək istədiyi Mingəçevir Bələdiyyəsinin 19.03.2007-cı il tarixli, 33/5 nömrəli qərarı ilə şəhərin Az.DRES qəsəbəsi “Yeni həyat” adlanan ərazisindən fərdi mənzil tikintisi üçün onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsidir. Təqdim edilən sənədlərdə torpaq sahəsinin ayrılmasına dair DTvə XK-nin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsinin müvafiq rəyi mövcud deyildir. Torpaqların alqı-satqısına dair Akt DTvə XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamış, həmçinin sxematik yerquruluşu planı eyni zamanda həmin orqan ilə razılaşdırılaraq təsdiqlənməli idi. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 6.5ci maddəsinə və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu və 21-ci bəndinə, həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən qanunvericilikdə deyildiyi kimi müvafiq icra hakimiyəti orqanı olan torpaq Şöbəsindən müvafiq rəy və həmin yerin sərhədlərinin ölçüsünü müəyyən edilməsinə dair təsdiqlənmiş yerquruluşu planı alınmalı idi. Odur ki, təqdim edilən sənədlər natamam olduğu üçün iddiaçıya məxsus 0.05 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması idarənin imkanı xaricindədir. Hal-hazırda həmin orqan ləğv edildiyi üçün “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.10-cu və 3.0.12-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslərin istifadəsində, icarəsində və ya mülkiyyətində olan torpaq sahələrinə dair yerquruluşu işlərinin aparılması və müvafiq sənədlərin hazırlanması onların səlahiyyətinə aid olduğuna görə həmin torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması üçün ilkin torpaqayırma sənədlərinin əsli ilə birlikdə "xxxx" MMC-nin Mingəçevir şəhər Layihə Tədqiqat İdarəsinə müraciət etməsi iddiaçıya tövsiyə olunur. Əlavə olaraq bildirilir ki, həmin sənədləri əldə etdikdən sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yenidən 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şöbəsinə rəsmi müraciət etdiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 07.06.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, vətəndaşın ərazi idarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər hüquqların dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilə bilmədiyi üçün ona bu barədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsdində və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin 1-ci, 13-1-ci, və 23 bəndlərinin tələbləri izah olunmuşdur. İddia tələbinin əsassız olması aşağıdakılarla izah olunur: Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Eyni zamanda, iddiaçının ərizəsinə qoşma etdiyi sənədlərdən göründüyü kimi Mingəçevir bələdiyyəsindən satın aldığı torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlər “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 13.10.2006 və 19.02.2007-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı torpaq sahəsinin alınmasına görə 90 və 210 manat məbləğində pulu Mingəçevir bələdiyyəsinin “Kapital Bank”dakı hesabına ödəmişdir. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli, 33/5 nömrəli qərarından görünür ki, həmin qərarla C.Əliyev küçəsi ev 12 mənzil 11-də yaşayan şəhər sakini İddiaçı Az.DRES qəsəbəsi "Yeni həyat" yaşayış massivindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 (beş yüz) m2 topaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan “Torpaqların alqı-satqısına dair” 19.03.2007-ci il tarixli aktdan görünür ki, Mingəçevir bələdiyyəsinin nümayəndəsi X4 ilə İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli, 33/5 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Aktda Mingəçevir şəhər Torpaq şöbəsinin müdiri X1 da adı qeyd edilmiş, lakin sözügedən şəxsin imzası və Torpaq şöbəsinin möhürü sənəddə öz əksini tapmamışdır. X7 şöbəsində qeydiyyatının aparılmasına dair müvafiq qeydlər aparılmamışdır. İş materiallarında olan 13.03.2012-ci il tarixli “verilmiş torpaq sahəsinin hüdudlarının yerində (naturada) müəyyənləşdirilməsi” aktında görünür ki, iddiaçıya bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi naturada müəyənləşdirilmiş və torpaq sahəsi başqa torpaq sahələrindən sərhəd nişanları ilə ayrılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azəbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci bəndinin bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Həmin maddəyə 30 dekabr 2004-cü il tarixli 819-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən "razılığı" sözü "rəyi" sözü ilə əvəz edilmişdir. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6.5-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir: torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası): Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bənd 11.Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; Bənd 13. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir; Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; Bənd 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; Bənd 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; Bənd 25. Bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd 26. Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Həmin Əsasnamənin qüvvədə olan redaksiyasına əsasən: Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır; Bənd 20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır; Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin 19.03.2007-cü il tarixli, 33/5 nömrəli qərarı ilə iddiaçıya verilmişdir. Lakin torpaq sahəsinə dair alqı-satqı aktı Mingəçevir şəhər Torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış, X7 şöbəsində qeydiyyatının aparılmasına dair müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında olan torpaq sahəsinin cizgisi də yanlız bələdiyyə tərəfindən təsdiqlənmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarının (DT və XK-nın yerli şöbəsinin və yerli icra hakimiyyəti orqanının) razılıq və rəyləri mövcud deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-937/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-937/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver