Məhkəmə qərarları › İş №2-1(116)-939/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-939/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-939/2024 19.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü ildən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü ildən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1966-cı ildə anadan olmuşdur, Sovet Ordusunda xidmət etmiş, ordudan qayıtdıqdan sonra məlum erməni məsələləri cərəyan etdikdən sonra müharibə vəziyyəti yarandığından vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə könüllü olaraq qatılmışdır. Döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı 1994-cü ildə yaralanmışdır. Müayinə və müalicə olmuşdur, lakin yaralanmağının vurduğu zədə tam sağalmamış, Qarabağ əlili kimi İİ qrup pensiya təyin edilmişdir. Həmin vaxtdan 20 ilə yaxındır ki, təkrar komissiyalardan keçir və əlillik pensiyası alır, lakin onun əlillik pensiyası son göndərişdən sonra müayinə zamanı xx.xx.2023-cü ildə qiymətləndirilmiş və ona imtina cavabı verilmişdir. Bu barədə o elektron portal vasitəsilə bu yaxınlarda məlumatlı olmuşdur. Uzun müddət sağlamlığının pozulması nəticəsində ona təyin edilmiş əlillik dərəcəsi xəstəliyinin artmasına və sağlamlığının daha da pozulmasına baxmayaraq, cavabdeh orqan tərəfindən qiymətləndirilərək imtina edilmişdir. O, bu imtina ilə razı deyil, bildirir ki, əlillik dərəcəsi 15 ildən çoxdur ki, davam etməkdədir, Əlillik Meyarlarına dair siyahıda onun əlilliyinin kodunun olmaması onun sağalmağını göstərmir, ona əlillik dərəcəsi daha əvvəlki Meyarlar əsasında təyin edilib və xəstəliyi qalmaqdadır. Ona təyin edilən diaqnoz üzrə 2015-ci ildə qəbul edilmiş Meyarlarda qeyd edilən diaqnozun kodları: M24.5, M84, M19, M86.6, R52, R26.0 və R26.8 olmaqla əlillik dərəcəsi təyini üçün imkan verməkdədir. Bundan əlavə 2023-cü İİ qəbul edilmiş Meyarlarda da ona təyin edilən diaqnoz üzrə xəstəliyin adları mövcuddur (M19 kodu ilə). Meyarlarda kodların dəyişməsi və xəstəliklərin müddətlərə ayrılması onun sağalmağı mənasını vermir. Cavabdeh orqan formal olaraq imtina etmiş, onu müayinə etməmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Daban sümüyünün sınığı, Sol daban nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət.Daban nahiyyəsinin posttravmatik qüsurlu vəziyyəti.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Ucar rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0276003AAMRB nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 7945 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Dəlib keçən güllə yaralanması nəticəsində sol pəncənin yaralanması (xx.xx.1994) daban sümüyünün okstozun əmələ gəlməsi. Əhəmiyyətli dərəcədə yerişin çətinləşməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda ağrılardan, sol qolunda hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sol dabanda çapıq, sağ bazunun orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət, sağ çiyin oynağında 90 dərəcə hərəkət, hər iki aşağı ətraflarda sərbəst və tam həcmdə hərəkətlər qeyd edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sol daban nahiyyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyyəsinin postravmatik qusurlu vəziyyəti, daban sümüyünün qeyri düzgün bitişmiş sınığı, kobud osteofiti 3 sm. Xroniki osteomieliti aşıq baldır oynağının artrozu. kontrakturası bükmə 90'. açma 85'. Yerişin pozulması. Sol aşadı ətrafın funksiya pozğunluğu. Sağ bazu sümüyünün orla 1/3-in qeyri düzgün köhnə bitişmiş sınığı. Ağrı sindromu" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK-in xx.xx.2023-cü il tarixli imtina qərarı, Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutnun xx.xx.2023-cü il tarixli Arayışı, TSEK-in Qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005), Tibbi-Sosial Ekspert Komissiyasının №3-17-4/3-3-3686/2023-li, xx.xx.2023cü il tarixli qərarı, “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş T369/2024 nömrəli ekspert rəyi, Ucar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş, daha sonra iddiaçının müraciəti əsasında onu əyani müayinəyə cəlb edərək növbəti dəfə sağlamlıq vəziyyətini yoxlamış və xx.xx.2023cü il tarixdə yenidən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilsə də, sonuncu imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin irəli sürülməsi üçün prossesual müddət ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli və həmin qərarın əyani müayinə ilə yoxlanılması qaydasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli imtina qərarında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “diaqnoz- “S92.0-daban sümüyünün sınığı, Sol daban nahiyyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyyəsinin posttravmatik qüsurlu vəziyyəti, M25.7-Osteofit, M24.5-Oynaqların kontrakturası, Sol aşıqbaldır oynağının kontrakturası (bükmə 90 dər., açma 85 dər.) Yerişin pozulması, M19-digər artrozlar, Sol aşıq-baldır oynağının artrozu, R52.0-kəskin ağrı, daimi ağrı sindromu, S42yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün orta 1/3-nin qeyridüzgün bitişmiş köhnə sınığı, M84.0- Sümük sınığının pis bitişməsi, Daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, kobud defekti 3 sm” olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixli 2-1(116)-939/2024 nömrəli qərardadla iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi” PHŞ-nə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyinin “məhkəmə-tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. İstinad olunan rəyin “nəticə” hissəsində isə qeyd edilmişdir ki, SN-nin “MTE və PA Birliyin” PHŞ müalicə müəssisəsi olmadığından hazırda İddiaçı hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun iş materiallarında olan adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən “Daban sümüyünün sınığı, sol daban nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyəsinin posttravmatik qüsurlu vəziyyəti; Ağırlaşmalar:. M24.5-Oynaqların kontrakturası. Sol aşıq-baldır oynağının kontrakturası (bükmə-90dər.; açma- 85dər.)Yerişin pozulması; M19- Digər artrozlar. Sol aşıq-baldır oynağının artrozu; R52.0- kəskin ağrı, daimi ağrı sindromu. S42- yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün orta İ\3-nin qeyri-düzgün bitişmiş köhnə sınığı. R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin pozulması; M26-Yerişin pozulması. Sol aşağı ətraf funksiyasının pozulması; xroniki osteomielit. Xroniki osteomielit. M84.0- Sümük bitişməsi. Daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, 3sm)” diaqnoz ona stasionarda müəyyən edilsə də, əyani müayinədə sol dabanda çapıq, sağ bazunun orta l\3-nin bitişmiş sınığ vəziyyət, sağ çiyin oynağında 90 dər. hərəkət, hər iki aşağı ətraflarda sərbəst və tam hərəkətlər qeyd edilmiş, anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Odur ki, əlillik dərəcəsinin təyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamənin müddələrindən birinə aid etmək mümkün olmadı. Yuxarıda qeyd edilmiş diaqnozdakı xəstəliklər tam reablitasiya olunmurlar və vəziyyətinin ağırlığı ilə əlaqədar istər sərbəst gəzə, istərsə də əsadan istifadə edə bilər. Tədqiq edilən ekspert rəyinin nəticə hissəsində Ucar Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı əlillik təyinatına əsasa verən dəyişikliklərin aşkar edilməməsi qeyd edilsə də, həmin rəyin “məhkəmə tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. Göründüyü kimi ekspert rəyinin “məhkəmə tibbi müayinə” hissəsi ilə “nəticə” hissəsi uzlaşmır. Odur ki, məhkəmə müvafiq ziddiyyətin olmasını sözügedən rəyin cavabdeh orqanın təsiri altında, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının məzmununa uyğun tərtib edilməsi qənaətinə gəlir. Məhkəmənin icraatında olan oxşar inzibati işlər üzrə təcrübədən məlumdur ki, bir çox hallarda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” cavabdeh orqanın təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdeh orqanın hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu həm də, müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə cavabdeh orqanla eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1”-nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və s. ilə izah oluna bilər. Bununla belə müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etmişdir. Hazırkı işdə də, məhkəmə, ekspertin cavabdeh orqanın mövqeyinə uyğunlaşdırmaqla tərəddüd içərisində verdiyi rəyi işin digər halları ilə kompleks şəkildə yoxlayaraq qiymətləndirmə aparmış, rəyin “məhkəmə tibbi müayinə” hissəsi və “diaqnozdakı xəstəliklərin tam reablitasiya olunmaması ilə bağlı” mövqeni - “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubu və iddiaçının xəstəlik tarixçəsinə aid digər sənədlərlə müqayisəli tədqiq edərək cavabdeh orqanın imtinasının əsassızlığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz (Daban sümüyünün sınığı, sol daban nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyəsinin posttravmatik qüsurlu vəziyyəti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş 13.4.40. bəndində göstərilən (hər iki aşıqbaldır oynağının ankilozu) xəstəliklərlə eynilik təşkil edir. İstinad olunan 13.4.40-ci bənddə isə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 50% müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozla faktiki olaraq razılaşır, lakin diaqnozun əlillik əlaməti təyin etməməsini bildirir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir iddiaçıya əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü ildən müddətsiz, orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar