Məhkəmə qərarları › İş №2-1(116)-94/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-94/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-94/2021 19.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “23 may 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş oğlu X10 “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “23 may 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş oğlu X10 “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X12 12.04.1979-cu ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Əfqan İsayev 1999-cu ilin yanvar ayında Azəbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin Tərtər rayonunun Çaylı kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinə göndərilmişdir. İddiaçının mərhum oğlu Əfqan İsayev 23.05.2000-ci ildə həmin hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən, yəni postda olan zaman iki güllə yarası almış və aldığı güllə yarasından şəhid olmuşdur. MN N saylı hərbi hissə komandirinin N saylı, 23.05.2000-ci il tarixli və 1396 saylı 18.08.2007-ci il tarixli arayışları ilə iddiaçının mərhum oğlunun 23.05.2000-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən güllə yarası alması və həmin güllə yaralarından vəfat etməsi təsdiqlənmişdir. Mərhumun ölüm səbəbi ona verilən ölüm haqqında şəhadətnamədə də qeyd edilmişdir. İddiaçı mərhum oğluna “Şəhid” statusunun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh orqan iddiaçıya ünvanladığı 04.12.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, aparılan araşdırmaya, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 31.10.2019-cu tarixli HP-03/30-9864 nömrəli məktubuna və ölüm haqqında şəhadətnaməyə əsasən, mərhum X12 N saylı hərbi hissədə xidmət keçərkən müşahidə postunda hərbi növbə çəkmə qaydalarını və xidməti vəzifələrini yerinə yetirən əsgər X2 yaxınlaşdığı zaman “Dur, kimdir gələn” xəbərdarlığından sonra avtomat silahdan açdığı atəş nəticəsində öldürülməsi faktı müəyyən edilmişdir. Əlavə olaraq, N saylı hərbi hissə komandirinin iyun 2000-ci il tarixli bildirişinə (arayışına) və N saylı hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışına əsasən mərhum Əfqan İsayev hərbi hissədə xidməti vəzifəsini yerinə yetirən zamanı 23.05.2000-ci il tarixdə güllə yarası almış və aldığı güllə yarası nəticəsində vəfat etməsi qeyd edilmişdir. Bildiririk ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarının 4.1-ci bəndinin 4-cü abzasına əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Odur ki, müvafiq arayış olduğu halda məsələyə yenidən baxıla bilər. Bu səbəbdən yuxarıda qeyd olunanları nəzərə alaraq, mərhum Əfqan İsayevə “şəhid” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən hazırda mümkün deyil. İddiaçı məhkəməyə 16.06.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq cavabdeh orqan qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsini qeyd etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 02.12.2020-ci il tarixli, 1241 nömrəli etiraz məktubunda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində olan uçot sənədlərinə əsasən bildiririk ki, 12.04.1979cu il təvəllüdlü, əsgər X13 23 may 2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən, güllə yarası almış və aldığı güllə yarasından vəfat etmişdir (əsas:N saylı hərbi hissənin 23.05.2000-ci il tarixli 790 nömrəli bildirişi). N saylı hərbi hissənin sabiq əsgəri X6 qətlə yetirilməsi faktı ilə bağlı 24.05.2000-ci il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən 01.09.2000-ci ilədək əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 252-ci maddəsinin “v” bəndi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı nəticəsində X7 01.09.2000-ci ilədək əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 252-ci maddəsinin “v” bəndi, 255-ci maddəsinin “q” bəndi ilə məhkəmə məsuliyyətinə verilmişdir (əsas:Tərtər Hərbi Prokurorluğunun 21.11.2007-ci il tarixli 19HP3709 nömrəli məktubu). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” haqqında AR NK-nın 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarının 1.2.6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan N saylı hərbi hissə komandirinin Ağdaş RHK-ya ünvanladığı bildirişdən görünür ki, əsgər X13 23.05.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən güllə yarası almış və aldığı güllə yarasından vəfat etmişdir. İş materiallarında olan 296384 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətində qeyd edilir ki, X12 23.05.2000-ci ildə Tərtər rayonunun Çaylı kəndində ürəyin və hər iki ciyərin odlu silahla yaralanması səbəbilə vəfat emişdir. İş materiallarında olan Tərtər Hərbi prokurorunun Ağdaş RHK-ya ünvanladığı 21.11.2007-ci il tarixli məktubun təsdiq edilmiş surətində qeyd edilir ki, N saylı hərbi hissənin sabiq əsgəri X6 qətlə yetirilməsi faktı ilə bağlı 24.05.2000-ci il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən 01.09.2000-ci ilədək əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 252-ci maddəsinin “v” bəndi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı nəticəsində X7 01.09.2000-ci ilədək əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 252-ci maddəsinin “v” bəndi, 255-1 maddəsinin “q” bəndi ilə məhkəmə məsuliyyətinə verilmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandirinin 08.04.1999-cu il tarixli, 100 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, 12.04.1979-cu il tarixdə anadan olmuş X13 08.04.1999-cu ildən hərbi hissənin şəxsi heyətinin siyahılarına salınmış, bütün növ təminatlara qoyulmuş və “sıravi” hərbi rütbəsi verilməklə 1-ci motoatıcı taborun qazan təminatına qoyulmuşdur. İş materiallarında olan N saylı hərbi hissə komandirinin 23.05.2000-ci il 147 saylı əmrindən arxiv çıxarışından görünür ki, 23.05.2000-ci il tarixdə xidməti vəzifəsinin yerinə yetirərkən güllə yarası almış və aldığı güllə yarasından vəfat etmiş 4-cü motoatıcı taborun minaatan batareyasının 2-ci minaatan tağımının 3-cü minaatan komandiri əsgər X12 23.05.2000-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından silinmiş, bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 21.12.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sıravi əsgəri X8 müşahidə postunda hərbi növbə çəkmə qaydaları və vəzifəsini yerinə yetirən sıravi əsgər X2 yaxınlaşdığı zaman onun “dur, kimdir gələn” xəbərdarlığından sonra sonuncu tərəfindən avtomat silahdan açılan atəş nəticəsində qətlə yetirilməsi faktı üzrə 24.05.2000-ci il tarixdə hərbi hissə komandiri tərəfindən 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 252-ci maddəsinin V bəndi ilə cinayət işi başlanmış və həmin tarixdə Tərtər qarnizonu hərbi prokurorluğuna göndərilmişdir. Tərtər hərbi prokurorluğunun “Cinayət işlərinin qeydiyyatı kitabı”nda olan qeydlərə əsasən X3 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 252-ci maddəsinin “v”, 255-1-ci maddəsinin “q”bəndi ilə təqsirləndirilməsinə dair həmin cinayət işinin istintaqı 23.08.2000-ci il tarixdə tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Eyni zamanda bildirilir ki, Tərtər hərbi prokurorluğunun 17.12.2020-ci il tarixli 22HP- 5657 №-li məktubuna əsasən 1992-2013-cü illərə aid sənədlər, nəzarət icraatları və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyatı kitabları istisna olmaqla) Tərtər hərbi prokurorluğunda müvafiq surətdə məhv edildiyindən T.O.Mikayılov barəsində olan Tərtər Hərbi Məhkəməsinin hökmünün surətini Şəki İnzibati Məhkəməsinə göndərmək mümkün deyildir. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 06.01.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X7 və X4 barələrində Gəncə Hərbi Məhkəməsinin arxivində cinayət işinə baxılması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Adı çəkilən cinayət işinin istintaqının Tərtər Hərbi Prokurorluğu tərəfindən aparılmasını nəzərə alaraq Tərtər Hərbi Məhkəməsinə müraciət edilməsi xahi olunur. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 30.12.2020-ci il tarixli məktubunda qeyd edilir ki, 2000-2005-ci illər ərzində X7 və X4 barəsində Tərtər Hərbi Məhkəməsinə cinayət işi daxil olmamış və baxılmamışdır. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 16.03.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Tərtər Hərbi Məhkəməsinə X7 və X4 barəsində cinayət işi 26.08.2000-ci ildə daxil olmuş və aidiyyəti üzrə 14.09.2000-ci ildə Bakı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 02.06.2021-ci il tarixli, 73 nömrəli məktubunda qeyd edilir ki, “Cinayət işlərinin qeydiyyatı kitabı”nda X2 aid qeydiyyat aparılması aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27.10.2000ci il tarixli hökmünün surətindən görünür ki, X9 N saylı hərbi hissədə xidmət edərkən 22.05.2000-ci il tarixdə gün növbətçisi təyin edilmişdir. Mayın 23-nə keçən gecə batareya komandiri Eyvazov onu yanına çağıraraq bir nəfər də özü ilə götürərək komanda müşahidə məntəqəsində saatdarları yoxlamağı tapşırmışdır. O, manqa komandiri Əfqan İsayevi özü ilə götürərək kazarmadan 400 metr aralıda yerləşən müşahidə məntəqəsinə gedərkən yolda Əfqan İsayev ona təklif etmişdir ki, komanda məntəqəsində duran saatdara gizlincə yaxınlaşıb onun postda ayıq olub-olmamasını yoxlasınlar. Tural Mikayılov müşahidə məntəqəsi kazarmasının arxası, Əfqan İsayev isə barının dibi ilə gedərək gizlincə saatdara yaxınlaşmağa başlamışlar. Bu vaxt Tural Mikayılov saatdarın iki dəfə “dur, kimdir gələn” komandasını eşitmiş, lakin Əfqan İsayev səsini çıxarmamış, bu vaxt Tural Mikayılov bir tək, sonra üç atəş səsi eşitmiş və kazarmanın arxasından çıxaraq saatdara yaxınlaşmış, saatdarın Müşfiq Ağayev olduğunu, Əfqan İsayevin isə yerdə üzü üstə yıxıldığını görmüşdür. Əfqan İsayev hadisə yerində keçinmişdir. Yuxarıda qeyd edilənlərə əsasən X9 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27.10.2000-ci il tarixli 1-287/2000 nömrəli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzası şərti tətbiq edilməklə 2 il sınaq müddət təyin olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci maddəsinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər Həmin Qaydaların 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan normaların məzmunundan, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, iddiaçının mərhum oğlu X10 “şəhid” statusu verilməsi üçün sonuncunun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından isə görünür ki, iddiaçının oğlu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, müşahidə postunda hərbi növbə çəkmə qaydaları və vəzifəsini yerinə yetirən sıravi əsgər X2 yaxınlaşdığı zaman əsgər X1 “dur, kimdir gələn” xəbərdarlığından sonra əsgər X4 tərəfindən avtomat silahdan açılan atəş nəticəsində vəfat etmişdir. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının oğluna şəhid olması barədə arayışın verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “23 may 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş oğlu X10 “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar